“Bəzi qohum, tanış və ya yad insanlar müraciət edirlər ki, bəs uşaqlarını yerlərin dolması səbəbinə orta məktəblərin rusdilli siniflərinə götürmürlər. Xahiş edirlər ki, Təhsil Nazirliyindəki hansısa məsul şəxslərə və yaxud məktəb direktoruna deputat statusumdan istifadə edib hansısa təsir göstərim, yaxud da onlardan bu məsələnin həllini xahiş edim. Əlbəttə, yaxşı təhsil almaq istəyən hər bir vətəndaşımız üçün istənilən və gücüm yetən bütün fədakarlıqları etməyə hazıram. Ancaq bir anlaşmazlığı vətəndaşlarımıza izah etməyi borc bilirəm. Siz niyə uşaqlarınızı rusdilli və yaxud ingilisdilli siniflərdə oxutmağa üstünlük verirsiniz?”.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili qeyd edib ki, bu, Azərbaycanda geniş yayılmış və bəlkə də, məqsədyönlü şəkildə təşviq olunan bir prosesdir:
“Bir çox azərbaycanlı üçün sadəcə bu dəbdir. Yəni qonşu, qohum rusdilli və yaxud ingilisdilli siniflərə uşaqlarını göndərdiyinə görə, burada hansısa bir hikmət yatdığını düşünərək bu cür seçim edirlər. Ancaq bu adamlar öz mənasız və vaxtı keçmiş modalarını bizim vasitəmizlə niyə nümayiş etdirmək istəyirlər? Şəxsi prinsipial yanaşmamı sizlərə söyləyim, əməl edib-etməmək öz işinizdir. Az-çox nələrisə oxumuş, yazmış bir vətəndaş kimi mən öz övladımı rus və ya ingilisdilli siniflərdə oxutmaq imkanım olsa da, Azərbaycan məktəbində və Azərbaycan dilində oxuduram. Çünki bir Azərbaycan vətəndaşı kimi öz dilimə həssaslığımı kənara qoya bilmərəm.
Bununla belə, ingilis və rus dillərində dərsdən sonrakı vaxtlarda uşağın hazırlığını təmin edirəm və özüm də hər gün vaxt tapan kimi bu dilləri mənimsəməsi üçün şəxsən məşğul oluram. Əlbəttə, xaricdə təhsil almasını vacib sayıram, bu da əsasən dünyagörüşünün daha yetkin inkişafı ilə bağlıdır. Təbiidir ki, orada təhsili ingilis dilində olacaqdır. Ancaq düşünürəm ki, uşağın təfəkkürü mütləq öz ana dilində formalaşmalıdır. Təfəkkür olandan sonra, onun başqa dillərə tərcüməsini təmin etməkdə heç bir narahatçılıq olmaz. Qısacası budur ki, Azərbaycan vətəndaşı olan kimsə mənə övladının orta məktəbdə rus və ya ingilisdilli sinifində təhsil almasına köməklik etmək üçün müraciət edəndə, sadəcə anlamalıdır ki, mənim prinsiplərimə hörmətsizlik edir”.