Təcrübə göstərir ki, Türkiyə təxribatlara layiqli cavab vermək iqtidarına malikdir. Rusiya ilə əldə olunan atəşkəs anlaşması uzun müddət davam etməyəcək. Çünki Suriyada həm Rusiyanın, həm ABŞ-ın, həm də Türkiyənin maraqları var.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə, Türkiyənin Suriyada söz sahibi olması istər İranı, istərsə də Rusiya və ABŞ-ı qıcıqlandırır:
“Buna görə də vaxtaşırı Suriya Prezidenti Bəşər Əsəd vasitəsilə qarşıdurma yaradılır. Bəzi hallarda özləri də bu hücumlarda iştirak edirlər. Əsədə də bu mənzərə sərf edir, öz xalqının qanı bahasına olsa da, hakimiyyətini qorumağa çalışır”.
Partiya sədri Suriya məsələsində Rusiyanın daha çox aktivlik göstərdiyini bildirib:
“Təbii ki, Türkiyə qlobal maraqlar qarşısında dayanmaq istəyir. 10 ilə yaxındır Suriyada problemi tam çözmək mümkün olmayıbsa, indiki qüvvələr nisbətində həll etmək çətindir. Vaxtaşırı nisbi sakitlik müşahidə olunur, lakin atəşkəsin uzun müddət davam etməyəcəyi dəqiqdir”.
Qulamhüseyn Əlibəyli qeyd edib ki, Türkiyə Yaxın Şərq ölkələrindən axın edən miqrantlardan bir növ təzyiq vasitəsi kimi istifadə etməyə çalışır:
“Avropa Birliyi razılaşmaya tam əməl etmir. Belə olan halda Türkiyə niyə etsin? Buna görə də öz sərhədlərini açmalı oldu”.