10 Mart 2020 20:15
2 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu martın 8-də bir qrup feministin aksiya keçirməsi, bunun səbəbləri və doğurduğu nəticələr barədə Teleqraf.com-un suallarına cavab verib. Müsahibəni təqdim edirik:

- Novella xanım, ölkənin ən qocaman hüquq müdafiəçisi olaraq, martın 8-də feminist xanımların paytaxtda keçirdiyi aksiyanı necə qiymətləndirirsiniz?

- Onlar feminist deyil. Feminizm qadının azadlığını seçkili orqanlarda, icra qurumlarında, biznes sahəsində, qərar qəbul etmə prosesində onun söz, səs hüququ olması ilə nəzərdə tutur. Əgər bunlar Avropadan nəsə götürürlərsə, buyurub, onun yaxşı tərəflərini götürsünlər. Məsələn, elə Avropa dövləti var ki, parlamentin 50 faizini qadınlar təşkil edir, prezidenti xanımdır. Normal səhiyyə sistemi, ədliyyə, seçki məsələsini qaldırmaq feminist təşkilatın işidir? Əzizim, bu, aksiya, yürüş deyil, sadəcə olaraq, xaricdən gələn qrantlara görə səs-küy salmaqdır. Qırğızıstanda və Azərbaycanda eyni saatda aksiyaya çıxıblar. Qırğızıstanda çoxunu döyüb xəstəxanalıq ediblər. Bizdə də bu insanlar hansısa şüarlar səsləndirib. Mən kadrlara baxdım. Mülki geyimli polis əməkdaşının qarşısında bir xanım durmuşdu, aqressiv şəkildə qışqırıb nələr demədi o xanım... Polis də səbrli davranaraq, əlini belə qaldırmadı. Həmin qız istəyirdi ki, polis ona zor tətbiq etsin, nəsə baş versin. Feminist adı ilə ora çıxanların yarısı xaricə getmək üçün küçəyə çıxmışdı, yarısı isə layihə çərçivəsində.

- Həmin insanların qaldırdıqları şüarlara münasibətiniz necədir?

- Əvvəla, bu insanların qaldırdıqları şüarların Azərbaycan xanımları ilə əlaqəsi yoxdur. Onlar özlərini ifadə ediblər. Onlar normal şüarlar səsləndirsəydi, biz gedib onların yanında durardıq. Amma tamamilə fərqli, Azərbaycan xanımlarına yaraşmayan və onu ifadə etməyən şüarlar qaldırıblar.

Biz zamanında küçələrə çıxmışıq. Sovet tanklarının üzərinə “Azadlıq” şüarı səsləndirərək, getmişik. Biz azadlıq şüarını dövlətimizin qurulması, bayrağımızın olması üçün səsləndirirdik. Hesab edirəm ki, Azərbaycan qadını küçələrdə belə şüarlarla aksiya keçirənlər deyil, zamanında Sovet imperiyası üzərinə gedənlərdir.

- Ancaq qəribədir ki, seçkilər zamanı da, siyasi hüquqlar mövzuzunda da, qadın hüquqlarına dair məsələlərdə də məhz bu xanımlar öndə olur. Sizcə, niyə?

- Bunu siz deyirsiniz, mən bu fikirlərlə razılaşmıram. Şəxsən mən, bu insanları qadın və uşaq hüquqlarının müdafiəsi prosesində görməmişəm. Bunlar bir qadının hüququnu müdafiə ediblərmi? Mən bunu görməmişəm. Hansısa bizə yad şüarlar qaldırmaq qadın hüquqlarını müdafiə etmək anlayışı deyil.

Bəli, bunlardan bəzisi seçki hüquqlarını müdafiə edirdi. O zaman mən qeyd etdim ki, bunu düz edirlər. Amma Azərbaycan xanımına uyğun olmayan şüarlar tamam fərqli şeydir və mən buna qarşıyam. Əgər siz kimisə müdafiə edirsinizsə, həmin şəxs, onun işi ortalıqda olmalıdır. Bir qadını, bir uşağı müdafiə ediblərsə, göstərsinlər. Bir xanımın evinə gedib onun əri tərəfindən necə döyüldüyünü, həmin xanıma hansı hüquqi yardımlar göstərdiklərini desinlər. Axı belə şeylər yoxdur. Plakatla çıxıb qışqırmaq hər şey deyil. Orataya çıxanın əlində iş olmalıdır ki, baxıb qiymət verəsən. Məsələn, küçəyə bunlar deyil, Mehriban Zeynalovanın müdafiə etdiyi qızlar çıxsaydı, dərhal onları dəstəkləyərdim. Çünki Mehriban Zeynalovanın sığınacağında əri tərəfindən döyülən, evdən qovulan, başına müsibətlər gətirilən xanımlar var. Mən onlarla yan-yana duraram. Amma indi küçələrə çıxanlar ömür boyu bir qadının hüquqlarını müdafiə etməyiblər.

- Nədən onların şüarları sosial şəbəkələrdə sərt tənqid olunur?

- Azərbaycan kiçik ölkədir və həm də mühafizakar cəmiyyətdir. Bizim insanlarımız şüurda belə şüarlara hazır deyil. Biz heç demokratiyaya hazır olmayan cəmiyyətik. Demokratiyanı bərqərar etmək istəyiriksə, ilk olaraq, Avropadan yaxşı dəyərləri götürməliyik. Daha belə mənasız dəyərləri yox. İnsan haqları, azad məhkəmə, qanunların normal tətbiqi kimi dəyərlərə müraciət etsinlər. Bundan sonra başqa şüarlara müraciət etsinlər.

- Aksiyada şüar qaldıran və buna görə,sosial şəbəkələrdə ciddi tənqidlərə məruz qalan Aysel Ələkbərzadə adlı xanım intihara cəhd edib. Bu nəyin əlamətidir?

- İntihara cəhd etməzdən əvvəldə sosial şəbəkələrdə onu bu işə vadar edənlərin adını çəkib. Bu onu göstərir ki, əslində şüursuz, təsir altına düşən uşaqları götürüb belə aksiyalara qatırlar, əllərinə hansısa şüarlar verirlər. Normalda bunun özü cinayətdir. Və belə hallara yol vermək olmaz.

- Aksiya sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub. Minlərlə şəbəkə istifadəçiləri bu aksiyaları “biabırçılıq” adlandırıb və onun təşkilatçılarını tənqid ediblər. Sizcə, hansı səbəblərdən cəmiyyət belə aksiyalara sərt reaksiya verir? Doğrudanmı, bu kimi tədbirlər cəmiyyətdə deqradasiyaya səbəb ola bilər?

- Təbii ki, insanlar müşahidələrini deyirlər. Və haqlıdırlar. Sizə bir fakt deyim. Zamanında LGBT adlı quruma dəstək vermişik, onlara cəmiyyət qurmuşuq, ofisimizdə mətbuat konfransları keçiriblər və s. Bizim cəmiyyət ilk dəfə onlara əl uzadıb. Ola bilsin ki, xəstədirlər, oriyentasiyaları budur. Mən nə onlara qarşı çıxmışam, nə də tənqid etmişəm. Amma küçələrdə özlərini təbliğ etmələrinin də əleyhinəyəm. Ola bilsin ki, mən köhnə fikirli xanımam, amma bunun əleyhinəyəm. Evizinizdə nə edirsiniz, edin, valideynləriniz qəbul edir, etsin, etmirsə köməklik edərik. Amma o şərtlə ki, belə şeyləri cəmiyyətdə təbliğ etməyin. Zamanında mənə zəng edirdilər, gedib onları polisdən çıxarırdım. Bir sözlə, belə şeylərin təbliğ olunmasına qarşıyam. Bizim min işimiz, problemimiz vardı. Bircə o qalıb ki, bu işlər təbliğ olunsun. Azərbaycan cəmiyyəti də bunu qəbul etmir. Bu, reallıqdır. Onları müdafiə etməyə hazıram, amma onların belə şüarlarla küçələrə çıxmasına hazır deyiləm.

- Dediniz ki, bu aksiya həm də layihədir. Bəs bu layihənin məqsədi nədir?

- Məqsədini təşkilatçılar deməlidir. Mən dəqiqliklə deyə bilmərəm. Ola bilsin ki, cəmiyyətimizi zəiflətmək məqsədi daşıyır. Amma sizə deyim ki, bizim qadınlarımız ağıllı, zəkalı və savadlıdır. Siz sadəcə, türk qadınlarının potensialını bilmirsiniz. Türk qadınları hər zaman güclü qadın olub. Azərbaycan qadını ötən gün küçələrə çıxan qadın deyil.


Müəllif: Cavad

Oxşar xəbərlər