11 Mart 2020 13:48
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Altıncı çağırış Milli Məclis cənab Prezidentin təbirincə desək, çoxpartiyalılıq prinsipi əsasında formalaşdı. Yəni, parlamentdə artıq 10-dan çox partiya təmsil olunur. Bu onu göstərir ki, parlamentin formalaşmasında heç bir ayrı-seçkilik qoyulmur.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

O qeyd edib ki, müstəqillik dövründə ilk dəfə olaraq parlamentin formalaşmasında, parlamentdəki rəhbər vəzifələrə seçkilərdə fərqli mövqe tutuldu:

“Məsələn, bundan əvvəlki çağırışlarda Milli Məclisin sədri, biri istisna olmaqla müavinlər, komitə sədrləri, komitə sədrlərinin müavinləri Yeni Azərbaycan Partiyasının üzvləri sırasından seçilirdi. Artıq parlamentdə bütün siyasi partiyaların nümayəndələrinin rəhbər orqanlarda təmsil olunması öz həllini tapdı. Sədrin müavinlərindən biri – Fəzail İbrahimli Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, digər sədr müavini isə Adil Əliyev müstəqil deputatları təmsil edir. Komitələrin sədrliyinə, sədr müavinliyinə də parlamentdə təmsil olunan demək olar ki, bütün partiyalar seçiliblər. Cənab prezident bunu belə xarakterizə etdi ki, kənarda dayanıb münasibət bildirmək, irad tutmaq, öz sözlərimlə deyirəm, qulp qoymaq asandır. İndi buyurun gəlin, siz də rəhbərlikdə təmsil olunun, bu yükü birlikdə çəkək. Problemlərimizi birlikdə həll edək, qanunverici orqanın işində birgə fəaliyyət göstərək. Daha təkmil, müasir dövrün tələblərinə, beynəlxalq aləmdə baş verən proseslərə cavab verən qanunların hazırlanmasında, ölkənin idarə olunmasında birgə fəaliyyət göstərək. Mən hesab edirəm ki, bu, iqtidarla müxalifət partiyalarının işbirliyinin, həmrəyliyinin bir nümunəsidir. Eyni zamanda, bunun özü də islahatların bir göstəricisidir, yenilikdir”.

E. Məmmədov müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq qadının parlamentin sədri seçilməsinə də münasibət bildirib.

O qeyd edib ki, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sonuncu sədri (1989-91) və Azərbaycan Respublikası Ali Sovetinin ilk sədri (18 dekabr 1991-5 mart 1992) mərhum Elmira Qafarova olub:

“Ancaq Milli Məclisin sədri ilk dəfə olaraq qadın seçildi. Hesab edirəm ki, bu da beynəlxalq aləmdə kifayət qədər əks-səda doğuracaq məsələdir. Yəni, bəzən görürsən ki, beynəlxalq aləmdə müsəlman dövlətlərinə barmaqarası münasibət olur. Ancaq bu da bizdə gender bərabərliyinin, yeniliyin bir göstəricisidir. Sahibə Qafarova artıq 10 ildir ki, parlamentdə fəaliyyət göstərir. Azərbaycanı Avropa Şurasında çox yüksək səviyyədə, ləyaqətlə təmsil edən deputatımız olub. Mən əminliklə deyə bilərəm ki, Sahibə Qafarova öz qabiliyyəti, savadı ilə çox ləyaqətli, bütün ümid və etimadı doğruldacaq yenilikçi və islahatçı sədr kimi tanınacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər