“Uzun illər Türkmənistan və Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı problemlər var idi. Amma uzunmüddətli danışıqlardan sonra ötən il Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Türkmənistanla bu məsələni həll etdi və saziş imzalandı. Prezidentlər - İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasındakı yaxın dostluq münasibətləri məsələnin həllində mühüm rol oynadı”.
Türkmənistan Prezidentinin Azərbaycana səfərini Teleqraf.com-a şərh edən politoloq Cümşüd Nuriyev belə deyib.
Politoloq Bakıda iki dövlət başçısı arasında baş tutan görüşü yüksək qiymətləndirdiyini, bunun Türkmənistan və Azərbaycan arasında çoxtərəfli əməkdaşlığın inkişafına təkan verəcəyini bildirib:
“Bütün hallarda bu yaxınlaşma hər iki dövlətin maraqlarına uyğundur. İlk növbədə, hər ikisi türk dövlətidir. İkincisi, hər ikisi karbohidrogen yataqları ilə zəngindir. Üçüncüsü, hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Eyni zamanda, bilirik ki, Azərbaycan beynəlxalq layihələr həyata keçirir və tranzit ölkəyə çevrilməkdədir. Yəni Azərbaycan Böyük İpək Yolunun davamı kimi Avropanın tranzit dəhlizinə çevrilir. Bu baxımdan, Azərbaycan Türkmənistan üçün də vacib ölkədir.
Türkmənistanın enerji resurslarının Azərbaycan üzərindən daşınması istiqamətində danışıqlar gedir. Tərəflər arasında anlaşmanın əldə edilməsi ehtimalı çox yüksəkdir. Habelə, iki ölkə arasında idxal-ixrac dövriyyəsinin artırılması ilə bağlı razılaşma gözləyirəm. İkitərəfli mədəni əlaqələrin gücləndirilməsi gündəmdə olacaq. Türkmənistan-Azərbaycan münasibətləri daha müasir səviyyəyə keçir. Türkmənistan Prezidentinin səfərində bu məsələlərin müzakirə olunduğuna inanıram”.
Cümşüd Nuriyev Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıqla bağlı da razılaşmanın olacağını istisna etməyib:
“Türkmənistan türk dövləti kimi, bu sahədə də Azərbaycanla bir çox layihələr həyata keçirə bilər. Başqa sözlə, Azərbaycan və Türkmənistanı birləşdirən bir çox faktorlar var. Bura həm dil, həm din, həm də milli kimlik məsələri daxildir. Buna görə də münasibətlərin daha da dərinləşəcəyinə inanıram”.