"Türkmənistanın və Azərbaycanın hələ istifadə edilməmiş potensialı var".
Teleqraf.com xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
Türkmənistan Prezidenti qeyd edib:
"Hörmətli İlham Heydər oğlu.
Hörmətli media nümayəndələri, xanımlar və cənablar.
Mən, ilk növbədə, Azərbaycan Respublikasının Prezidentinə bizim mehriban qonşumuz olan ölkəyə rəsmi səfərə dəvət etdiyinə, Sizin qonaqpərvərliyinizə və səmimiyyətinizə görə nümayəndə heyətimiz adından dərin minnətdarlığımızı bildirmək istərdim. Həqiqətən görüşlər və danışıqlar üçün çox rahat şərait yaradılıb. Adətimiz üzrə biz dövlətlərarası dialoqun davam etdirilməsi kontekstində çox məsələləri nəzərdən keçirdik, yəni, bizim indiki vəziyyətimizi və perspektivləri müəyyən etdik. Biz müasir mərhələdə siyasi, iqtisadi, mədəni-humanitar sahələrə aid məsələləri də nəzərdən keçirdik. Siyasət məsələlərinə gəldikdə, vurğulamaq istərdim ki, Azərbaycan regionda Türkmənistan üçün strateji tərəfdaşdır. Bunu bir daha vurğulayıram. Yəni, bizim mövqelərimiz çox cəhətdən oxşardır. Biz bütün dünyada və regionda, - mən Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionunu nəzərdə tuturam, - sabitliyin və təhlükəsizliyin tərəfdarıyıq. Qeyd edildiyi kimi, biz bütün bu tədbirləri məhz beynəlxalq strukturların – Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının himayəsi altında, Müstəqil Dövlətlər Birliyinin və digər beynəlxalq qurumların xətti ilə həyata keçiririk. Buna görə də Azərbaycana təşəkkür edirik ki, o, beynəlxalq arenada Türkmənistanın bütün mövqelərini dəstəkləyir.
Bu gün biz iqtisadiyyatımıza aid məsələləri də nəzərdən keçirdik. Energetika sahəsi üzərində prioritet məsələ kimi dayandıq. Həm Türkmənistan, həm də Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin, özünü təmin edən dövlətlərdir. Energetika məsələlərinə gəldikdə, biz bu ehtiyatların şaxələndirilməsinin tərəfdarıyıq. Biz belə bir ideya irəli sürürük ki, bu şaxələndirmə istehsalçı, daşıyıcı və son istehlakçı arasında paritet əsasda qurulmalıdır. Buna görə də biz bu gün razılaşdıq ki, bundan sonra da qaz, neft-kimya və başqa sahələr üzrə birgə işləyəcəyik. Həmçinin tekstil sənayesi, aqrosənaye kompleksi, habelə nəqliyyat-tranzit dəhlizinin inkişafı məsələlərinə diqqəti cəlb etdik. Bu mövzuya keçməzdən əvvəl xatırlatmaq istərdim ki, bizi həm də Xəzər dənizi birləşdirir. Xəzəryanı ölkələrin hamısı bildirir ki, bu, sülh və mehriban qonşuluq dənizidir. Buna görə də, bildiyiniz kimi, Xəzər dənizinin statusu barədə beynəlxalq Konvensiya qəbul edilib və orada müəyyən olunub ki, gələcəkdə bütün mexanizmlər bizim xarici siyasət idarələri tərəfindən işlənib hazırlanmalıdır. Bunu əsas götürərək biz bütün Xəzəryanı ölkələrə təşəkkür edirik. Birinci Xəzər İqtisadi Forumunun keçirilməsinin Türkmənistana etibar edilməsinə görə də təşəkkür edirik. Həmin forumda Azərbaycan çox fəal iştirak edib.
Tranzit-nəqliyyat dəhlizinin inkişafına gəldikdə, İlham Heydər oğlunun xatırlatdığı kimi, burada düzgün logistika mühüm rol oynayır. Biz “Lyapis Lazuli” adlanan layihə barədə saziş qəbul etdik. Bu dəhliz Əfqanıstandan başlanır, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya çıxır. Yəni, burada biz Asiya ilə Avropanın birləşdirilməsində mühüm rol oynayırıq. Türkmənistan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi, prinsip etibarilə yüksələn xətt üzrə artır. Bu göstərici 40 faizdən çox artıb və burada iqtisadi əməkdaşlıq üzrə bizim hökumətlərarası komissiya əlaqələndirici rol oynayır.
Bu gün biz özəl sektora aid məsələlərə də toxunduq. Yəni, kiçik və orta sahibkarlıqdan başlayaraq biznes elitasına aid məsələləri müzakirə etdik və bu nəticəyə gəldik ki, biz həmin sahibkarlar arasında işgüzar şura yaradacağıq. Bakıda Türkmənistan ticarət evinin və Aşqabadda Azərbaycan ticarət evinin təsis edilməsi barədə də razılaşdıq. Bu, əlbəttə, əmtəə dövriyyəsinin artırılması üçün bizə daha yaxşı imkanlar yaradacaq. Türkmənistanın və Azərbaycanın hələ istifadə edilməmiş potensialı var.
Əlbəttə, biz mədəni-humanitar sahəyə də toxunduq. Bu sahədə elm, təhsil, idman və turizm məsələləri prioritetdir. Lakin ən başlıcası, biz vurğuladıq ki, artıq qeyd edildiyi kimi, bizim köklərimiz ortaq, dilimiz birdir, bizim milli xüsusiyyətlərimiz var. Buna görə də biz milli sərvətimiz, yəni Türkmənistan və Azərbaycan xalçaları kimi incilərimizə böyük əhəmiyyət veririk. Buna görə biz Türkmənistan və Azərbaycan xalçalarına həsr edilmiş sərgilər, konfranslar keçirilməsi barədə razılığa gəldik. Gördüyünüz kimi, prinsip etibarilə bu gün bizim görüşlərimiz və danışıqlarımız həqiqətən çox yaxşı, yəni konstruktiv olub, qarşılıqlı hörmət və qarşılıqlı etimad fonunda keçib.
Mən həm də fürsətdən istifadə edib, İlham Heydər oğlunu ən demokratik şəkildə keçirilmiş parlament seçkiləri münasibətilə təbrik edirəm. Burada əsası dünyamiqyaslı böyük siyasi xadim Heydər Əliyev tərəfindən qoyulmuş təməl mühüm rol oynayır. Bu münasibətlə Sizi təbrik edirəm.
İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayır, qardaş Azərbaycan xalqına isə firavanlıq və xoşbəxtlik diləyirəm.
Diqqətinizə görə təşəkkür edirəm".