ABŞ kifayət qədər böyük miqrasiya axınına məruz qalan dövlətdir. Ay ərzində yüz minlərlə, bəzi hallarda isə milyonlarla miqrasiya mübadiləsi prosesi baş verir. Amerika başa düşür ki, ölkəyə koronavirusla bağlı ən böyük təhlükə Avropadan gələ bilər. Bu da nəticə etibarilə ABŞ-ı çox ciddi risklərlə üz-üzə qoya bilər.
Bunu Teleqraf.com-a açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov ABŞ-ın koronavirusla bağlı olaraq Avropadan gələn insanların ölkəyə gəlişinə qadağa qoyması məsələsinə reaksiya bildirərkən deyib.
O qeyd edib ki, Avropada koronavirus infeksiyasına yoluxmanın episentri İtaliya, virusun ilk təsdiqləndiyi və ölüm faktının qeydə alındığı ölkə isə Fransadır:
“Digər Avropa ölkələrinin də hamısında virusa yoluxma halı qeydə alınıb. Aydındır ki, ABŞ bu vəziyyətdə daha sərt qaydalar tətbiq edir. Ən azı Birləşmiş Ştatlar əhalisinin təhlükəsizliyi bunu tələb edir. ABŞ-la Avropa İttifaqı ölkələri arasında çox sıx inteqrasiya olduğunu nəzərə alaraq, belə bir addımın atılması başadüşüləndir”.
Bununla belə A.Allahverənov qeyd edib ki, bu da heç şübhəsiz, miqrasiya proseslərinə mənfi təsir edə biləcək haldır:
“Avropadan gələn insanların 30 gün müddətinə ABŞ-a girişinə qadağa qoyulması ümumilikdə miqrasiya mübadiləsində rəqəmlərin kəskin şəkildə aşağı düşməsinə səbəb olacaq. Qadağa ilk olaraq özünü bu məsələdə büruzə verəcək. Digər tərəfdən belə qadağaların tətbiq olunması Avropa üçün də arzuolunan hal deyil. Çünki burada təkcə ABŞ-ın maraqlarına, iqtisadi hədəflərinə ziyan dəyməkdən söhbət getmir. Bu qadağanın tətbiq olunması Avropa İttifaqı, onun vətəndaşları üçün də əlverişsiz şərait yaratmış olur. Düşünürəm ki, bu miqrasiya proseslərinə, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən turizmə birbaşa mənfi təsir göstərən hal olacaq. Ancaq istənilən halda gündəmdə olan məsələ ABŞ əhalisinin təhlükəsizliyini gücləndirmək, ölkə ərazisinə virus daşıyıcısı olan hansısa şəxsin daxil olmasının qarşısını almaqdır. Bunlar əsasən preventiv addımlar hesab olunur”.
A. Allahverənov daha sonra deyib:
“Bilirsiniz ki, ABŞ dünyada baş verən xoşagəlməz proseslər zamanı sərhədlərini dərhal bağlayaraq özünü asanlıqla təcrid etmək imkanlarına malik hansısa kiçik dövlət deyil. Əgər ABŞ kimi nəhəng dövlət bu kimi addıma əl atırsa, demək, digər dövlətlər çox ciddi şəkildə təhlükəsizlik tədbirləri görməlidirlər. Sabahdan etibarən bu sərt qaydalar qüvvəyə minəcəksə, böyük ehtimalla, çox qısa müddətdə digər ölkələrdə də bənzər qadağaların tətbiq edilməsinə başlanılacaq. Çünki bəlli məsələdir ki, hər bir dövlət özünü bu cür təhlükələrdən sığortalamağa çalışır”.
Qeyd edək ki, Prezident Donald Tramp martın 13-dən etibarən 30 gün müddətinə ABŞ-a Avropadan gələnlər üçün ölkəyə girişin qadağan ediləcəyini bəyan edib. İstisnalar yalnız Böyük Britaniyaya və “lazımi yoxlamaları keçən” amerikalılara aiddir. Məqsəd ABŞ-a COVID-19 infeksiyasına yoluxmuş yeni şəxslərin daxil olmasının qarşısını almaqdır. Yeni qaydalar martın 13-ü gecə yarısı qüvvəyə minəcək.