“Ermənistan Baş naziri Nikol Paşinyanın Konstitusiya Məhkəməsinin hakimlərinə qarşı apardığı təqib siyasəti beynəlxalq aləmdə tənqid olunur. Avropa Şurası, həmçinin bu qurumun Venesiya Komissiyası, Avropa Xalq Partiyası bir neçə dəfə bununla bağlı bəyanatlar verib”.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, həmin bəyanatlarda yüksək ədalət mühakiməsinə qarşı bu cür təqib siyasəti tənqid edilib:
“Paşinyanın Konstitusiya Məhkəməsinin hakimi Hrayar Tovmasayan və üzvlərindən qisas almaq niyyəti isə eks-prezident Robert Köçəryanla bağlıdır. Çünki Konstitusiya Məhkəməsi Köçəryanın toxunulmazlıq hüququnu nəzərə alaraq, onun həbsdən azad edilməsi barədə qərar vermişdi. Bundan sonra Paşinyan çəkinmədən insanları Konstitusiya Məhkəməsinin girişini bloklamağa çağırmışdı. O, məsələni bu cür, eyni zamanda qanuni yolla həl edə bilməyəcəyinə əmin olduğu üçün referendum oyununa əl atıb. Belə ki, gələn ay Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. Ölkədə isə referendumun əleyhdarları olan xeyli siyasi qüvvə var.
Ötən gün İrəvanın bir sıra küçələrində "Referenduma yox" bannerləri yerləşdirilib. Ermənistanın "Milli gündəm" partiyasının şura üzvü, politoloq Averik Çalabyan deyib ki, onlar xalqı bu vasitə ilə hakimiyyət tərəfindən Konstitusiyanın pozulmasına yönəlmiş və ictimaiyyəti aldatmağa hesablanmış referendum addımını rədd etməyə çağırırlar.
Karneqi Beynəlxalq Fondunun Qafqaz üzrə eksperti Tomas de Vaal hesab edir ki, son bir ildə Nikol Paşinyan hökuməti Ermənistanın yüksək instansiya hakimlərinə qarşı müharibə elan edib. O, aprelin 5-də islahat gündəliyini pozmaqda günahlandırdığı Konstitusiya Məhkəməsinin 9 hakimindən 7-nin vəzifədən azad edilməsi ilə bağlı ümumxalq səsverməsi təyin edib. Ekspertin sözlərinə görə bu, siyasətçilərin qanunun aliliyinə hücumudur. O xatırladıb ki, ötən ay Venesiya Komissiyasının sədri hər iki tərəfi Ermənistanda konstitusiyanın normal fəaliyyətini təmin etmək üçün təmkinli olmağa və gərginliyi azaltmağa çağırıb”.
Zaur Məmmədov amerikalı mütəxəssisin digər fikirlərinə də diqqət çəkib:
“De Vaal hesab edir ki, hakimiyyətə gəlişindən sonra Paşinyanın əsas məqsədi keçmiş prezident Robert Köçəryanı həbs etmək idi, 1 mart 2008-ci il nümayişləri zamanı Paşinyan müxalifətə rəhbərlik edib, bundan sonra 16 ay müddətinə həbs olunub:
“Köçəryan isə 2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra həbs edilib. Kəçəryan konstitusiyanı pozmaq maddəsi ilə ittiham olunur. Bu iş məhkəmə sistemini ölkənin keçmiş və hazırkı rəhbərləri arasında qarşıdurmanın mərkəzində qoyub.
May ayında birinci instansiya məhkəməsi Köçəryanın həbsdən azad edilməsinə qərar verdi, çünki keçmiş prezident kimi onun toxunulmazlığı var. Paşinyan açıq şəkildə bu qərarı qınadı və tərəfdarlarını etiraz olaraq məhkəmələrin qapılarını bloklamağa çağırdı. Sentyabr ayında Konstitusiya Məhkəməsi Köçəryanın lehinə qərar verəndə, baş nazir hökmü qanunsuz adlandıraraq, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın vəzifəsindən uzaqlaşdırılmasına çağırıb. Aprel referendumu ilə Paşinyanın köhnə məhkəmə üzvlərini öz tərəfdarları ilə əvəz etməyə çalışması niyyəti narahatlıq yaradır. Vahe Qriqoryan Paşinyanın təyin etdiyi hakim 1 mart işinin qurbanlarının vəkili olub. Yeni ədliyyə naziri 28 yaşlı Rustam Badasyan da əvvəllər Paşinyanla birlikdə işləyib”.