14 Mart 2020 08:17
3 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində vəziyyət gərgindir. Martın 31-də Qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçiriləcək qanunsuz “prezident seçkiləri”ndə həm “Qarabağ klanı”, həm də Ermənistandakı inqilabçı Nikol Paşinyan hökuməti və bilavasitə Rusiyanın maraqları toqquşur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, mübarizə təkcə “Qarabağ klanı” və Paşinyan arasında getmir, Rusiyanın ciddi maraqları var:

“Rusiya düşünür ki, arzuolunmaz Paşinyan hökumətinin perspektivi “qondarma” seçkilərdən asılı olacaq. Bu seçkilər Paşinyan üçün strateji önəm daşıyır. Müxalifətdə olan və hakimiyyətdən inqilabi yolla düşürülən “Qarabağ klanı” da “seçkilər”ə hazırlaşır. Çünki siyasi revanşın başlanğıcını məhz Qarabağda keçiriləcək “seçkilər”lə başlayacağını düşünürlər. Rəsmi Krel hesab edir ki, Paşinyan hökumətini zəiflətmək üçün işğal olunmuş ərazilərdə onun mövqelərinə zərbə vurmaq lazımdır. Paşinyan hökuməti işğal olunmuş ərazilərdə, xüsusilə siyasi-hərbi xuntaya nəzarəti itirərsə, bu, onun Ermənistanda birmənalı olaraq möhkəmlənməsinə imkan verməyəcək”.

Politoloq qeyd edib ki, üç maraq toqquşduğu üçün Azərbaycanın işğal olunmuş ərazilərində planlaşdırılan “seçki” ilə bağlı konkret proqnoz vermək mümkün deyil: “Həqiqətən “Qarabağ klanı”nın müdafiə etdiyi namizəd qalib elan olunarsa, Paşinyan hökuməti inqilabi yolla onları devirməyə cəhd edəcək. Ona görə də seçkilərdən sonra çox böyük gərginliyin müşahidə olunacağı gözlənilir. Rusiya amili də əlavə edilsə, cəbhə xəttində hər an hərbi təxribatın törədiləcəyi də mümkün sayılır. Ona görə də Azərbaycan hərbçiləri ayıq-sayıq olmalıdırlar. Həm Paşinyanın, həm də ondan siyasi revanş götürmək istəyən “Qarabağ klanı” arasında çox ciddi mübarizəni müşahidə edəcəyik. Hansı tərəfin qalib olacağı isə hələ də qeyri-müəyyən qalır”.

Natiq Miri hesab edir ki, bu qüvvələr arasında ciddi mübarizə gedəcək: “Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan Azərbaycan vətəndaşları olan ermənilər də hərbi xuntadan ciddi şəkildə narazıdır. Ona görə də seçkilərdə total saxtakarlıq olarsa, ermənilərin ayağa qalxaraq bu hakimiyyəti bilavasitə mərkəzi Ermənistan hakimiyyətini devirə biləcəyi ehtimalı da çox yüksəkdir. Rusiya amilini də ortaya qoysaq, xoşagəlməz situasiya yaranacaq. Həqiqətən də Azərbaycanın işğal olunmuş ərazilərində ciddi qarşıdurma olarsa, Azərbaycan öz torpaqlarını azad etmək üçün bu situasiyadan istifadə edə bilər”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər