Son günlər siyasi partiyaların nümayəndələrinin Prezident Administrasiyasına dəvət olunmalarının və onlarla görüşlərin keçirilməsinin şahidiyik. Bu o deməkdir ki, Azərbaycan hakimiyyəti siyasi palitranın yeni konfiqurasiyasının formalaşdırılmasında, siyasi mühitin konstruktivləşdirilməsində maraqlıdır və bu istiqamətdə səylər göstərir.
Bunu Teleqraf.com-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, bu addımlar siyasi palitranın yeni konfiqurasiyası ilə yanaşı, eyni zamanda daha funksional və nəticəyönümlü siyasətin formalaşmasına gətirib çıxaracaq:
“Bütün bunlar siyasi partiyaların cəmiyyətdəki yerinin və rolunun daha da möhkəmlənməsinə, daha da güclənməsinə gətirib çıxaracaq. Siyasi partiyaların funksionallığı daha da artacaq. Buna baxmayaraq çox təəssüf ki, özlərini radikal müxalifət adlandıran bəzi siyasi partiyalar bu görüşlərdən qaçırlar. Onlar bununla arxalarında dayanan xarici qruplara “stavka” etmiş olurlar. Təbii ki, həmin partiyalar radikallıqdan imtina edərlərsə, öz siyasi istiqamətlərini konstruktiv məcraya yönəldərlərsə, bu zaman onlar öz maliyyə donorlarını itirəcəklər. Bütün bunları nəzərə alaraq onlar fevralın 9-da keçirilən parlament seçkilərinə etinasız yanaşdılar, indi isə Prezident Administrasiyasında dəvət olunduqları görüşlərdən qaçırlar”.
Zaur Məmmədov deyib ki, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin iclasında etdiyi çıxışında verdiyi ismarışlar istər siyasi partiyalar, istərsə də hakimiyyətin ayrı-ayrı institutları üçün çox vacib idi:
“Burada söhbət təbii ki, dövlətin dayanıqlığının möhkəmləndirilməsinin vacibliyindən, qarşıdakı dövrdə həyata keçiriləcək siyasətdən gedir. Hər halda siyasətlə məşğul olan hər bir kəs müxalifətdə və iqtidarda olmasından asılı olmayaraq başa düşməlidir ki, bu gün planetar çərçivədə də yeni beynəlxalq siyasi konfiqurasiya formalaşmaqdadır. Azərbaycan tarixən olduğu kimi indi də bir sıra çağırışlarla üz-üzədir. Ölkəmizin Dağlıq Qarabağ kimi bir problemi var. Bizimlə həmsərhəd olan qonşu ölkələrin də hansı ölkələr olduğunu yaddan çıxarmamalıyıq. Belə olan təqdirdə bu dialoq formatı, qarşılıqlı müzakirələr alqışlanmalıdır. Çox sevindirici haldır ki, Prezident Administrasiyası əvvəllər olduğu kimi indi də bu siyasəti davam etdirir. Siyasi partiyaların böyük əksəriyyəti, vətəndaş cəmiyyətinin ayrı-ayrı institutları da bu kimi məsələləri alqışlayırlar. Keçirilən bu görüşlər cəmiyyət tərəfindən də çox müsbət qarşılanır. Çünki bu dialoq doğrudan da cəmiyyətin və dövlətin gələcəyi baxımından da çox vacibdir”.