19 Mart 2020 17:24
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza Novruz təbrikində səsləndirdiyi fikirlər nikbinlik yaradır. Amma bu nikbinlik üçün bir olmağımız, bütövlüyümüz şərtdir. Dünyanı cənginə almış təhlükəli koronavirus pandemiyasına qarşı birliyimiz, özümüzə və ətrafdakılara münasibətdə ortaya qoymalı olduğumuz məsuliyyət hissimizlə qalib gəlməliyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, ölkə başçısı çıxışında əsl liderlik keyfiyyətlərini bir daha nümayiş etdirdi: "O, hər bir vətəndaşın arxasında dövlətin dayandığını, dövlətin vətəndaşı qorumaq üçün bütün potensialını işə saldığını vurğuladı. Dövlət başçısının sözlərindən böyük təminat ola bilməz. Bəli, xalqımızdan indiyədək görünməyən fədakarlıq tələb olunur. Siyasi baxışlarından, mövqeyindən, hadisə və proseslərə yanaşmasından asılı olmayaraq, hər kəsin bu tələbə adekvat davranması şərtdir.

Gün sözün əsl mənasında vətənpərvərlik günüdür. Vətənpərvərliyi hər kəs öz əməlində yaşatmalıdır. Biz bəşəri sınaqdan çıxmaq əzmimizi nümayiş etdirməliyik. İmkan verməməliyik ki, hansısa təxribatçı qüvvələr koronavirusun yaratdığı durumdan bəhrələnərək mənfur niyyətlərini gerçəkləşdirmək üçün meydan qazansınlar. Hər bir vətəndaş ilk növbədə dövlətinə sığınmalıdır. Dövlətin müəyyənləşdirdiyi kursa uyğun davranmalıdır".

Əflatun Amaşov qeyd edib ki, dövlətimiz üçün vətəndaşın təhlükəsizliyi, sağlamlığı, rifahı, ölkədəki asayişin qorunması hər şeydən vacibdir: "Cənab Prezident də çıxışında bunu vurğuladı. Onun mövcud istiqamətdəki qətiyyətli mesajları da əminlik yaradır. Hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməliyik. Bu, öhdəliyimizdir. Dövlət başçımız öhdəlikdəki məcburiyyəti yada salmaqla yanaşı, gərginliyi də götürür, hər bir vətəndaşı xalqımızın gen yaddaşına hopmuş nəcib dəyərləri – qayğıkeşliyi, nəvazişi ortaya qoymağa çağırır. Bu isə son dərəcə mühüm məsələdir".

Mətbuat Şurasının sədri hesab edir ki, jurnalistlərimiz də prezidentin səsləndirdiyi fikirlərə adekvat münasibət göstərməlidir: "Onlar cəmiyyətin aktiv kəsimidir. Bu gün ən müxtəlif istiqamətlərdə iş rejimində məhdudiyyətlər ola bilər. Amma media elə spesifik sahədir ki, burada hansısa məhdudiyyətlər olmamalıdır. Əksinə daha ciddi şəkildə fəaliyyət göstərilməlidir. Fəaliyyət isə ilk növbədə Azərbaycan dövlətinin müəyyənləşdirdiyi kursa, yəni şəraitin diqtə etdiyi tələblərə uyğun tərzdə qurulmalıdır.

Bu gün Azərbaycan koronavirusa qarşı həyata keçirilən əməli tədbirlərlə bütövlükdə dünya üçün örnək sayılır. Qabaqlayıcı, önləyici işlər öz faydasını verir. Cənab Prezident də çıxışında mövcud məqamı qabartdı. Amma o, eyni zamanda arxayınlaşmaq üçün əsasın olmadığına dair mesajlar da verdi. Çünki dünya indiyədək az-az rast gəlinən kütləvi bəla ilə üz-üzədir. Biz bunu bütün varlığımızla dərk etməliyik. Cəmiyyətdə məsuliyyət hissinin artırılması üçün media əzmlə çalışmalıdır. Redaksiya rəhbərləri daha məsuliyyətli olmalıdır".


Müəllif: Nərgiz

Oxşar xəbərlər