25 Mart 2020 19:45
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkə prezidentinin sərəncamı ilə Koronavirusla Mübaizəyə Dəstək Fondunun yaradılması müsbət haldır. Ölkə başçısı dövlət büdcəsindən ilkin olaraq 20 milyon vəsait köçürüb. Fondun gəliri koronavirusla mübarizə tədbirlərinə, tibbi heyətin sosial təminatının yaxşılaşdırılmasına, tibbi ləvazımatların alınması və karantin tədbirlərinin həyata keçirilməsinə sərf olunacaq".

Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

O bildirib ki, bu təşəbbüsdən sonra bir çox ölkələrdə də buna bənzər addımlar atılıb: "Rusiyada da fond olmasa da operativ qərargahın bank hesanbına pul köçürülür. Ölkəmizdə bu ayrıca fond şəklindədir və daha yaxşıdır. Bu halda onun üzərində ictimai nəzarəti təmin etmək asandır. Vəsait köçürənlər barədə məlumatlar qeyd olunur, eyni zaman vəsaitlərin xərclənməsi barədə müvafiq veb səifəsində məlumatlar verilir".

Sahib Məmmədov fonda elektron pul köçürülməsinin insanların işini rahatlaşdırmasından da söz açıb: "Mən də sistemin elektronlaşdırlıması ilə bağlı təkliflə çıxış etmişdim. Ödəniş sistemi yaxın günlərdə "ASAN pay" sistemi üzərinə də inteqrasiya olunub. Sınaq üçün kiçik məbləğ yüklədim və təbii ki, biz də əmək haqqımızdan vəsait köçürəcəyik. Bu, öhdəlik deyil, könüllü təşəbbüsdür. Hər kiçik məbləğ böyük əhəmiyyət kəsb edir".

Dünyda ilk dəfədir ki bu miqyasda qobal məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğunu qeyd edən hüquq müdafiəçisi ölkədə karantin rejiminin tətbiqini yaxşı qiymətləndirirdiyini bildirib:

"Daha əvvəl belə epidemiyaların yayılma halları olsa da, dövlətlərarası ünsiyyət lokal səviyyədə idi. Avropanın hanısa ölkəsində başlayan epidemiyanın ölkəmizə gəlməsi mexanizmi demək olar yox idi. Hazırda qlobal dünyada yaşayırıq. 50 il əvvəl olan Honq Konq pandemiyası belə bu qədər geniş yayılmaq imkanına malik deyildi. Bu yeni çağırışdır və çağırışa cavab vermək üçün dövlətlərin hamısında təcrübə çatmadı, pandemiya sürətlə yayılmağa başladı. Azərbaycan bu mübarizədə erkən nəticə çıxaran ölkələrdən oldu və ilkin məhdudlaşdırıcı tədbirlərə başladı. Ümid edirik ki, bu tədbirlər bu xəstəliyin yayılma sürətini azaldacaq, idarəetmədən çıxmasına imkan verməyəcək".

Sahib Məmmədov hesab edir ki, pandemiyanın təhlükəsi çox insan öldürməsi ilə yanaşı, ölkələrin səhiyyə sistemini çökdürdü: "İtaliyaya nəzər yetirək. 60 milyon əhalinin bir faizi xəstəliyə yoluxduqda bu 600min edir. Ölkənin bu qədər xəstəni yerləşdirəcək səhiyyə sistemi yoxdur. Orada bir faizdən az xəstə olduğu halda səhiyyə sistemi çöküb. Nəzərə almaq lazımdır ki, bir faiz yoluxduqda, 10-15 faiz əhaliyə karantin rejimi tətbiq olunmalıdır. Bu, milyonlarla insan deməkdir, pandemiyanın təhlükəsi budur. Ona görə də səhiyyə siteminin çökməsinin qarşısını almaq lazımdır. İstənilən məhdudlaşdırıcı tədbir birmənalı dəstəklənməlidir. Burada artıq insan hüquqları, iqtisadi maraqlar növbəti plana keçir. Bu, milli təhlükəsizlik məsələsidir. Fövqəladə vəziyyət elan olunmasa belə, fövqəladə tədbirlərin icrası vacibdir".


Müəllif: Aysel Azad