Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
- Bu gün Milli Məclisin rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk dəfə olaraq videokonfransı keçirilib. Onlayn qaydada keçirilən iclası necə qiymətləndirirsiniz?
- Azərbaycanda elektron hökumət qurulur və bu istiqamətdə Milli Məclisdə də böyük işlər görülür. Bu gün koronavirus epidemiyasının irəli sürdüyü şərtlər daxilində parlament rəhbərliyi məsləhət gördü ki, komitə sədrləri ilə plenar iclasdan öncəki birgə müzakirə videokonfrans şəklində keçirilsin, yəni distant məsafədən müzakirələr aparılsın. Çox uğurlu təşkil olunmuşdu, işin həm texniki tərəfi, həm də informasiya kommunikasiya tələblərinə baxış nöqteyi-nəzərindən hər şey yüksək səviyyədə oldu, heç bir problem yaranmadı. Sabah ”Milli Məclisin komitələri haqqında” qanuna da baxılacaq, eyni zamanda daxili nizamnaməyə, “Deputat statusu haqqında” qanuna dəyişiklik ediləcək, Milli Məclisin rəhbərliyinin tövsiyəsi ilə lazım olarsa, komitə iclasları da bu şəkildə aparıla bilər. Ümumiyyətlə, Milli Məclisin əlaqələrin qurulmasında internet resurslarından daha sıx istifadə etmək imkanları var, bugünkü videkonfrans da göstərdi ki, birbaşa ünsiyyətdə qoyulan məsələlərin keyfiyyətdən aşağı deyil, biz demək olar qarşıya qoyulan məsələləri açıq şəkildə müzakirə etdik və uğurlu təqdimat oldu.
- Ölkədə xüsusi karantin rejimi tətbiq olunur, lakin hələ də real vəziyyətə qeyri-ciddi yanaşanlar var. Koronavirus pandemiyası ilə əlaqədar mövcud durumu necə dəyərləndirirsiniz?
- Burada ikili baxış var: hökumətin və əhalinin davranışı. Hökumətin davranışı ilk andan situasiyaya adekvatdır. Lazımi addımlar atılır, məsləhətlər aparılır, texniki təminat işləri görülür və məsələ cənab prezidentin gündəlik nəzarəti altındadır. Ölkə başçısı koronavirus infeksiyasının həm qarşısının alınması, həm də törədəcəyi fəsadların daha yüngül olması ilə bağlı müvafiq sərəncamlar verib. Konkret olaraq Baş nazirin rəhbərliyi altında Nazirlər Kabineti yanında Oparativ Qərargahın yaradılması, sərhəd-keçid rejiminin epidemiya şəraitinə uyğunlaşdırılması, xarici dövlətlərdən 10 mindən çox həmvətənimizin qısa müddətdə ölkəyə gətirilməsi və yerləşdirilməsi prosesləri aparılıb. Bu, o qədər də asan iş deyil. Cənab prezident “Yeni klinika”nın açılışında da söylədi ki, onlar Bakının ən yaxşı otellərində, idmançılar üçün tikilən olimpiya kəndində yerləşdirilib. Bunlar hamısı böyük zəhmət, texniki təminat, vəsait, siyasi iradə tələb edən məsələlərdir. Ölkə başçısının başqa sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və ilkin olaraq prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait köçürüldü, cənab prezident və Birinci vitse-prezidenti Mehriban xanım birillik əmək haqqlarını ianə etdi. Bu, cəmiyyətimiz və iş adamları üçün çox yaxşı nümunə və çağırış oldu. Qısa müddət ərzində Fonda 90 milyon manatdan çox məbləğ toplandı. Eyni zamanda sahibkarları və mövcud iş yerlərini qorumaqdan, aztəminatlı insanların sosial müdafiəsini təmin etməkdən ötrü cənab prezident büdcədən 1 milyard manatın ayrılması barədə sərəncam verdi. Bütün bunlar onu göstərir ki, hökumət adekvat addımlar atır. Operativ Qərargah demək olar ki, əhaliyə hər gün vəziyyət barədə məlumat verir, maddi-texniki təminatın yaxşılaşdırılması üçün addımlar atır, infeksiyanın aşkar olunması üçün müasir laborator-diaqnosik avadanlıqların, tibbi ləvazimatların alınıb gətirilməsi istiqamətində operati işlər görür, ölkənin 21 regionunda klinikalar bu məsələr üzrə hazırlanıb, tibbi heyət səfərbər olunub, Operativ Qərargah 24 saat dayanmadan işləyir.
- Bəs cəmiyyətin reaksiyası adekvat oldumu?
- Təəssüflər olsun ki, ilk andan cəmiyyət bu virusun nə qədər təhlükəli olduğunu, sürətlə yayıldığını və insanların orqanizmini tezliklə sıradan çıxara bildiyinin fərqində olmadı. Hətta bir çox insan buna qeyri-ciddi yanaşdı, lağ-lağı münasibət bəslədilər, “virus bizə heç nə etməz, adi qripdir” və s. kimi münasibətlər oldu və sosial izolyasiya tədbirlərinə lazımi effekt verilmədi. Bu, hər birimizi, xüsusən cənab prezidenti narahat edən məsələdir. Yenə də hökumətin bu işə ciddi müdaxiləsi, xüsusən, KİV-lərin, o cümlədən elə Teleqraf.com saytının böyük və ardıcıl şəkildə təbliğat işləri aparması, eyni zamanda Operativ Qərargahın göstərişi ilə karantin rejiminin daha da ciddiləşdirilməsi son həftədə bu məsələyə cəmiyyətin də münasibətini kifayət qədər müsbətə doğru dəyişib. Amma təəssüflər olsun ki, hələ də bəzi insanlar həm özlərinin, həm ailə üzvlərinin, həm də bütövlükdə tanıyıb-tanımadığı insanların həyatını təhlükə altında qoyduqlarının fərqində deyillər. Cənab prezident “Yeni klinika”nın açılışında çox ciddi məqama toxundu, dedi ki, sən özün məsuliyyətsizlik edirsən, amma başa düşmürsən ki, məsuliyyətsizliyin nəticəsində xəstəxanaya düşəndə ən azı 10 həkim və tibb işçisi səninlə məşğul olacaq, vaxtlarını, enerjilərini sərf edəcəklər, həyatlarını təhlükə altında qoyacaqlar. Tibb işçiləri böyük risk altında çalışırlar, onların geyindikləri qoruyucu geyim bilirsinizmi neçə kiloqram ağırlığındadır, onu geyinib-çıxarmaq, içərisində hərəkət eləmək nə qədər əziyyətdir və güc tələb edir. Bütün bunların hamısını nəzərə alanda hesab edirəm ki, cəmiyyətimiz bu məsələyə daha ciddi və məsuliyyətli münasibət bəsləməlidir. Polisin zəhmətini, dözümünü, təbliğatla insanlarımızı intizama dəvət etməsini xüsusi qiymətləndirirəm. Tək polisin gücü ilə bu işi aparmaq mümkün deyil, bütövlükdə vətəndaş həmrəyliyi sərgilənməlidir. İnsanlar küçələrdən, parklardan, həyətlərdən evlərə yığılmalıdır. Üzümüzə gələn həftədə də ciddi karantin rejiminə əməl etməsək, bunun fəsadları olduqca böyük ola bilər. Bunu dərk etməliyik. Çünki koronavirusa yoluxmuş bir insan inkubasiya dövründə 200-dən çox insanı yoluxdura bilir. Özündə 14 gündən sonra xəstəliyin əlamətini hiss edəcəksə, görün bu müddətdə nə qədər insanı yoluxdurmuş olacaq. Buna görə də cəmiyyətimizin bu məsələdə adekvat olması, hökumətin gördüyü tədbirlərə uyğun hərəkət etməsi çox həlledici rol oynayacaq.
- Bu fonda qaydaların sərtləşməsi təklifləri səslənir. Sizin qənaətiniz necədir?
- Qaydalar kifayət qədər sərtdir. Karantin rejiminin bu mərhələsindən sonra fövqəladə vəziyyət və hərbi vəziyyət rejimi gəlir. Onu tətbiq eləmək, prinsipcə mümkündür. Amma çətin təşkilati bir işdir, təsəvvür edin, ordu şəhərə gəlməli, kvartallara, küçələrə, məhəllələrə bölünməlidir, nəqliyyatın xüsusi rejimdə təminat verilməli, şəhərdə hərəkət dayanmalıdır. Amma bir həftə ərzində karantin rejiminə lazımi qədər dərk etməsək, vətəndaşlar məsuliyyətsizlik göstərsə, hökumət buna da gedə bilər. Lakin mən bunu arzulamazdım. Hər gün öz sözünü deyir və bizim çün həyati əhəmiyyət kəsb edir. Bunu da istər yaşlılar, istərsə də cavan insanlar başa düşməlidir. Öz sosial statusundan, işindən-peşəsidən, savadından, asılı olmayaraq, hər kəs bunu dərk etməlidir.
- “Evdə qal” çağırışına riayət olunması tələb edilir. Müxtəlif sektorlar üzrə günəmuzd çalışan və əlavə gəliri olmayan şəxslərin təminatı üçün hansısa tədbirlər görülməsi planlaşdırılırmı?
- Elə peşə sahibləri var ki, işləməlidirlər, həkimlər, ərzaq dükanında çalışanlar, vacib istehsal sahəsində işləyənlər fiziki olaraq iş başında olmalıdır. Amma elə işlər var ki, onlayn rejimdə də görmək olar, elə sektor da var fəaliyyəti bir aylıq dayandırmaq olar. Hökumət bunlara öz differensial münasibətini bəsləyir. Sosial təminata ehtiyacı olan insanlara gəlincə, cənab prezident koronavirus infeksiyasının zərərlərinin azaldılması ilə əlaqədar Nazirlər Kabinetinə bir milyard manat ayırıb. Şübhəsiz ki, hökumət adekvat addımlar atacaq. Bizim iş adamları da yəqin ki, xeyriyyəçilik tədbirlərini davam etdirəcəklər. Dünən evimizin yaxınlığında bir marketə girmişdim, gördüm çörək satılan bölmənin qarşısına kağızda “ehtiyacı olanlar pulsuz götürə bilər qeydi yazılıb, bunu gördüm, çox xoş oldu, bu, çox yaxşı çağırışdır. Bizim hər birimiz himayəçilik və xeyriyyəçilik keyfiyyətlərini göstərməliyik. Tənha insanlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xidmət göstərir, cənab prezidentin də çağırışı oldu, Yeni Azərbaycan partiyasının da təşəbbüsü oldu, müxtəlif QHT-lər də bu prosesə qoşulub, gənclərimiz könüllü qaydada o insanların evnə gedir, lazımi sosial xidmətlər göstərirlər, ərzaq, dərman nə lazımdırsa, alıb gətirirlər. Bu da vətəndaş birliyimizin, xeyirxah təşəbbüslərimizin bir örnəyidir. Müharibə, epidemiya, fövqəladə hallar, zəlzələlər, selbasmalar həmişə olub, keçib gedir də, yerdə qalan millət, dövlətdir, çalışmalıyıq ki, dövlət və millət olduğumuzu həm dünyaya və özümüzə sübut edək, həm də gələcək nəsilərə nümunə qoyaq.