Bu gün bütün dünyada, o cümlədən Azərbaycan mediasında əsas xəbər başlıqları koronavirusla bağlıdır. COVID-19 infeksiyasının qarşısını almaq üçün xüsusi vaksini hazırlamağa çalışan elm adamları hələ ki, buna müyəssər olmayıblar.
Bunu Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, dünyada hər gün yeni-yeni can alan koronavirusla bağlı vəziyyət təəssüflər olsun ki, ən pis ssenari üzrə inkişaf edir:
“Bu xəstəliklə məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə bütün dünyada demoqrafik vəziyyət daha da pisləşə bilər. Beləliklə, tamam başqa bir mənzərənin şahidi ola bilərik. Xüsusi qeyd olunmalıdır ki, ölkəmizdə vətəndaşlar real təhlükə mərhələsinə qədəm qoyub. Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün yeni məhdudiyyətlərlə bağlı məlumatı ictimaiyyətə çatdırır, bununla yanaşı yoluxma və ölümlərin sayı da artır. İnfeksiyanın artıq insanlar arasında daxili yoluxma halları ilə baş verməsini nəzərə alaraq, bundan sonra da çoxalacağı ehtimal olunur”.
İlyas Hüseynov qeyd edib ki, vətəndaşlarımız COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının qarşısını almaq üçün Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərə ciddi riayət etməlidirlər:
“Unutmaq olmaz ki, hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölümdür. Eyni zamanda, hər bir məsuliyyətsiz davranma, qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir".
Müsahibimiz bildirib ki, bütün dünyada olduğu kimi ölkəmizdə də evdə qalmaqla bağlı çağırışlar edilir:
“Prezident İlham Əliyevin irəli sürdüyü “Biz birlikdə güclüyük” şüarı vətəndaşlarımız üçün əsas hərəkətverici motivasiya və prioritet təşkil etməlidir. Koronavirusla Mübarizəyə Dəstək Fonduna vətəndaşlarımız tərəfindən edilən ianələr xalqımız arasında birlik, həmrəylik və mərhəmət hissinin nə qədər güclü olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Lakin buna baxmayaraq, təhlükə və riskin artıq qapımıza qədər gəlib çıxdığına ciddi şəkildə nəzərə almaq lazımdır. “Evdə qal” tələbinə riayət olunmalı, məsələnin ciddiliyinə məsuliyyətlə yanaşılmalıdır. Bu virusun qarşısında ən güclü səhiyyə sistemi olan dövlətlər də aciz qalır. Koronavirusdan zərər çəkən ölkələrin acı taleyini yaşamamaq üçün hər birimizdən daha da ehtiyatlı olmaq, özümüzü və yaxınlarımızı qorumaq tələb olunur”.