Azərbaycan koronavirusla mübarizədə bir çox ölkədən daha tez qərarlar verdi və bunun icrasına başlandı. Bu gün Rusiyanın 100 mindən çox vətəndaşı fərqli ölkələrdə qalıb, heç onları vətənə qaytarmaq mümkün deyil. Azərbaycan isə 10 mindən çox vətəndaşını xaricdən gətirərək karantinə yerləşdirdi. Bakının mərkəzində Atletlər şəhərciyi kimi normal şəraiti olan yerdə karantin təşkil edildi. Sərhəd bölgələrində də karantin müəssisələri yaradılıb. Əhalimiz Cənubi Qafqazın üçdə ikisini təşkil edir, amma vəfat edənlərin sayı digər ölkələrlə müqayisə edilməzdi.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Musabəyovun fikrincə, koronavirusa qarşı lazımi tədbirlər görülüb. İndi virusa qalib gəlmək daha çox əhalinin karantin şərtlərinə nə dərəcədə riayət etməsindən asılıdır.
Deputat hesab edir ki, əhali karantin rejiminin şərtlərinə mütləq əməl etməlidir, əks təqdidə bunun açı nəticəsi olacaq:
“Karantin müəyyən qədər sərtləşdirildi. Fövqəladə rejim elan etmək, komendat saatı tətbiq etməklə əməl etmək arasında fərq var. Belə sərt tədbirləri həyata keçirmək üçün öncədən hazırlıq işləri görülməlidir. Nəzərə almaq lazımdır ki, ölkə dayanmır, müəyyən xidmətlər işləməlidir. Bunun üçün buraxılış vərəqələri hazırlanmalıdır. Düşünürəm ki, bu tədbirlərə də hazırlıq gedir və məcburiyyət qarşısında fövqəladə rejim elan edilə bilər. Amma bunun elan edilib-edilməyəcəyi məncə, vəziyyətdən asılı olacaq”.
Millət vəkili əlavə edib karantin rejimini pozanlar cəzalandırılır və bu proses davam edəcək:
“Hindistanda bunu edənləri təpiklə, zopa ilə evlərinə göndərirlər. Bu, bizim üçün keçərli deyil. İsraildə də bəzi dini qruplar heç nəyi veclərinə almırlar ki, Allah onları qoruyacaq. Yəni karantin rejimini pozurlar. İsrail əsgərləri də belələrini xüsusi yerə toplayıb dezinfeksiya edirlər. Düşünmürəm ki, biz bu yollardan istifadə etməliyik. Üstəlik cərimələr də elan edilib. Söhbət insanları cəzalandırmaq getmir. Məsələ odur ki, insanları küçələrdən yığışdırmaq vacibdir. Bunun üçün də tədbirlər həyata keçirilir, polis vətəndaşlara xəbərdarlıq edir. Dənizkənarı park, əyləncə mərkəzləri, parklar, toylar, yaslar, ad günləri, ziyafətlərə qadağalar tətbiq edilib. Düşünürəm ki, bu tədbirlərin özü pandemiyanın qarşıının alınmasında mühüm addımdır. Şəhərdə polis müəyyən məhdudiyyətlər tətbiq edərək insanların evdə qalmasını təmin edə bilir. Kəndlərdə isə vəziyyət fərqlidir. Camaatı evdə saxlamaq mümkündür, ya yox? Onların arasında bir nəfər xəstə olsa, hamısını yoluxduracaq. Hesab edirəm ki, bununla bağlı da tədbirlər həyata keçirilir. Bir daha hesab edirəm ki, belə vəziyyətdə əhalimiz karantin tədbirlərinə qeyri-şərtsiz əməl etməlidir ki, vəziyyətdən itkisiz çıxaq”.