Teleqraf.com-un suallarını "Vəhdət Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- Koronavirus pandemiyası ilə əlaqədar mövcud durumu necə qiymətləndirirsiniz?
- BMT-nin üzvü olan bütün dövlətlərdə koronavirus yayılıb. Azərbaycan bu epidemiyanın çox da geniş yayılmadığı ölkələr siyahısına aiddir. Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, Azərbaycan önləyici tədbirlər görə bildi, cənab Prezident İlham Əliyev dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaratdı.
Ölkəmiz kommunikasiya xətlərinin keçdiyi bir məkanda yerləşir, belə situasiyada vəziyyəti stabil saxlamaq təqdirəlayiq haldır. Ona görə də deyərdim ki, Azərbaycan hökuməti bunun öhdəsindən layiqincə gəldi və kifayət qədər qabaqlayıcı tədbirlər həyata keçirildi, gücləndirilmiş karantin rejimi elan olundu.
Hələ ki fövqəladə vəziyyəti elan etməmişik, amma fövqəladə vəziyyətin elementləri indiki karantin rejimində var. Xalqımız bu məhdudlaşdırıcı tədbirlərə daha çox riayət etməlidir. Təəssüf ki, bu qaydalara əməl etməyən adamlar var. Milli Məclisdə çıxışımda da bu barədə danışdım, tutaq ki, rayonlardan ərzaq məhsulları gətirirlər, yarmarkalara məhsul aparılır, insanlar az qala ağız-ağıza dayanır və yenidən rayona qayıdırlar. İraq olsun, bu hal infeksiyanın şəhərdən rayona, oradan kəndə yayılmasına gətirib çıxara bilər. Bəzi ərazilərdə, məsələn 20-ci sahədə, Şanxay deyilən yerdə, eləcə də deputat seçildiyim Ağsu rayonunun ərazisində dezinfeksiya işləri zəif gedirdi. İcra hakimiyyəti ilə əlaqə saxladım, sağ olsunlar, dərhal reaksiya verildi, bizim rayonumuzda da dezinfeksiya işləri yüksək səviyyədə aparılır.
Özüm mənzil şəraitindəyəm, sizinlə danışmazdan öncə İnsan hüquqları komitəsinin onlayn rejimdə iclasını keçirdik, çalışırıq başqalarına nümunə olaq. Milli Məclisin plenar iclasında da məsafə saxlanılmaqla əyləşmişdik, hətta hökumət üzvlərinə irad tutdum ki, özləri bir-birinə çox yaxın oturublar, xalqda müəyyən fikir oyada bilər, Operativ Qərargahın üzvləri özləri məsafə saxlamırlar. Ona görə də tövsiyə etdim ki, məsafəni qorusunlar.
- Özünüz və ailə üzvləriniz koronavirusdan necə qorunursunuz?
- Özüm və ailə üzvlərim karantin rejiminin qaydalarına ciddi riayət edirik. Əvvəlcə xalqımızı, eləcə də yaxın ətrafımızı, ailəmizi, özümüzü düşünək. Mənə mesajlar gəlir ki, yaxşı, evdə oturaq, bəs nə yeyib-içəcəyik? Hökumətimiz tədbirlər görür, ehtiyacı olanlara, günəmuzd çalışanlara maddi yardım ödənilməsi barədə ciddi iş gedir. Dövlət vətəndaşlarının yanındadır və yardım etməyi özünə borc bilir. Xalqımızın salamatlığı naminə “Evdə qal” şüarına əməl etmək lazımdır. Biz də Milli Məclisdə məsələni qaldırırıq, hökumətlə təmasımız var, seçildiyimiz seçki dairəsi üzrə müəyyən işlər görürük.
Koronavirusda orta hədd yoxdur: ya olur, ya da olmur. 20 gün karantin qaydalarına əməl etsək, inşallah, koronavirusu ölkəmizdən rədd edər, tamam sağala bilərik. Əməl etməsək, yoluxanlar həndəsi silsilə ilə arta, bəzi ölkələrdəki kimi dəhşətli fəlakətlərə səbəb ola bilər.
- Komitə iclasının internet üzərindən keçirildiyini vurğuladınız, ümumiyyətlə, parlamentin onlayn rejimdə fəaliyyətini necə dəyərləndirirsiniz?
- Gələcək İKT-nin, bu cür üsullarındır. Qanunverici yaradıcılıq sahəsində də yəqin bunun tətbiqi daha da genişlənəcək, təkmilləşəcək.
Açığı, etiraf edirəm ki, birbaşa iclaslar polemika halında, ciddi müzakirələrlə keçir. Onlayn rejimdə fikir mübadiləsi aparmaq çətindir. Müzakirələr həmin keyfiyyətdə olmur, amma hər halda hər bir komitə üzvü qanun layihəsi ilə tanış olur, öz fikrini yazır, etirazlarını bildirir, düzəlişlərini deyir. Keyfiyyət göstəriciləri o qədər yüksək olmasa da, bununla belə irəliyə doğru addımdır, operativlik və çeviklik baxımından zəruridir.
- Covid-19-la bağlı müxtəlif versiyalar səslənir, bəziləri bunu virus sayır, bir qrup isə hesab edir ki, bu, bioloji silahdır. Sizin qənaətiniz necədir?
- Ayrı-ayrı fərdlərin fikirlərinə şərh vermək istəməzdim, amma dövlət rəsmiləri səviyyəsində deyilən sözlər var. Çinin xarici işlər naziri açıq formada ABŞ-ı ittiham elədi ki, koronavirus sizin tərəfinizdən yaradılıb. Deyildi ki, birinci versiyada Uhan şəhərindən yarasalara yoluxdurulub, ikinci versiyada hərbçilər vasitəsilə Pakistandan keçirilərək bioloji silah kimi yayılıb. Hətta Çin ABŞ-dan ölən hərbçinin sənədlərini tələb etdi. ABŞ isə əksinə, bunun adını Çin virusu qoyub, artıq Çində infeksiya sona çatır və hesab edir ki, Pekin bunu özü yaradıb və koronavirusla mübarizədən tez və az itki ilə çıxa bilib.
Hər bir halda nəticələrin necə olacağı hələ bəlli deyil. Bir şey məlumdur ki, artıq qlobal siyasətə çox böyük zərbə dəyib. Çünki Avropa Birliyi kimi az qala vahid dövlət strukturuna çevrilən bir orqanda bütün dövlətlər öz dərdindədir, sərhədləri qapadıblar. Görünən odur ki, dövlətlər özünə qapılır, məcburən daxili istehsal azalır, insanların fəallığı, dinamizm çox aşağı düşür, xüsusən xidmət sahələri yavaşlayır, neftin qiyməti enir. Belə vəziyyətdə Rusiya başda olmaqla iqtisadiyyatı neftdən asılı ölkələrin taleyi sual altına düşür, çox ciddi təlatümlər yaşanır. Biz hələ bunun nəticələrini müşahidə edəcəyik, görək, dövlətlər bu xəstəlikdən necə çıxacaqlar.
Orta həddə olsa, bəlkə dünya özünü bir qədər tarazlaya bilər. Uzaq olsun, uzun çəksə, daha da yayılsa, vəziyyət çox mürəkkəb olacaq. Vaksin hələ tapılmayıb, hələ ki müxtəlif dərman vasitələrindən istifadə olunur. İran rəhbərliyi Amerikanı, Avropa başqa dövlətləri, hamı bir-birini ittiham edir, dünyanı idarə edənlərin, Rokfellerin, Rotşildlərin adını hallandırırlar, ara qarışıb məzhəb itib, haqq haradadır, tapmaq olmur. Saatlarla Rusiya, Türkiyə, Azərbaycan politoloqlarının versiyalarına baxıram, hamısı ancaq xüsusən nəzəri mühakimələrdən, ittihamlardan ibarətdir. Həqiqət haradadır, onu tapmaq çox çətindir.
- Sizcə, vaksin nə zaman tapılacaq?
- Şübhəsiz, vaksin tapılacaq. Çünki xərçəng xəstəliyinin yaranma səbəblərini bilmədiklərindən onun müalicəsini tapa bilmirlər. Amma Covid-19 koronavirusun yeni növüdür, əvvəldən bəlli olub, deyilənə görə 40-a yaxın növü var ki, indiki növü daha ağırdır, yerə çökür və irihəcmlidir. Bununla bağlı tədqiqatlar aparılır, mikroskop halında gözlə görünür, bioloji nöqteyi-nəzərdən pandemiyanın yaranma səbəbləri məlum olduğundan vaksin də tapılacaq. Amma bunun üçün çox eksperimentlər, təcrübələr lazımdır. Güman etmirəm ki, bir neçə aydan tez olsun. Hətta bəzi alimlər iki il müddət göstərirlər. Artıq 7 dövlətdə könüllülər müəyyən olunub, onların üzərində vaksinasiya keçirilir, görək, nə nəticə verəcək.
- Koronavirusdan sonrakı dünya barəsində fikirləriniz nədən ibarətdir?
- Koronavirus həqiqi dünyanı dəyişir, ABŞ dollar siyasəti üzərində qurduğu dünya siyasətinin qalmasını və dünya ağalığının birqütblü olmasını istəyir. Müəyyən qədər Çini sarsıda bildi. Koronavirus nəticəsində Çin iqtisadiyyatı 17 faiz zəifləyib. Bu, göz qabağındadır, neftə, yanacağa təlabat 30 faizdən çox azalıb. Bu vəziyyətdən istifadə edən dünyanı idarə edən fövqəlqüvvələr, dövlətlərdigər ölkələri sıradan çıxarmaq, onların rəqabət qabiliyyətini azaltmaq istəyirlər. Amma eyni zamanda koronavirusdan əziyyət çəkən "qurban dövlətlər" yerində durmurlar, qloballaşmanın əleyhinə gedirlər və yeni konfiqurasiyalar qurmaq istəyirlər. Məsələn, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasını əhatə edən BRİKS, eləcə də Şanxay Birliyi hələlik zəif görünürlər.
Şübhəsiz çarpışmalar olacaq. Cəmi 70 il bundan əvvəl ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının yarısını tuturdu, amma indi 22 faiz həddindədir, digər dövlətlər meydana gəldi, onların iqtisadiyyatı artdı və sair. İnternet resursları sahibləri, provayderlər, dünyanı internet üzərindən idarə edən böyük şirkətlər, dünya bankları koronavirus pandemiyasından faydalanmaq istəyirlər. Ən azı koronavirusdan sonrakı dünyada qarşıdurma çox güclənəcək. Avropanın özü çox geri düşdüyünə görə Amerika, transmilli şirkətlər, dünyanı idarə edən böyük güclərə qarşı mütləq çarpışma olacaq. Yəni barışıq yoxdur, deyirlər qarşı-qarşıya duran dövlətlər barışsınlar, hətta Ermənistanla Azərbaycana da çağırış edirlər ki, koronavirus dövründə saziş bağlayın. Deyirlər, Avropanın Rusiya, ABŞ-ın Çinlə münasibətləri yumşalır. Amma mən belə güman eləmirəm. Əksinə pandemiyadan sonrakı dövrdə bir-birinə qarşı çox kəskin mübarizə aparacaqlar. Özünü təsdiq eləmək yolları artacaq. Dünya ağalığını əldən verməyən ABŞ və dünyanı idarə edə bilən şirkətlər bir tərəfdə, yeni güclənən Çin başda olmaqla, Rusiya, Hindistan, Braziliya və başqa dövlətlər digər tərəfdə olacaq. Bir məqam da var ki, İngiltərə istisna olmaqla Yaponiya və Avropa ABŞ-a kölə rolunu oynamayacaq. Onlar özləri də qruplaşacaqlar. Ən azı dünyada üç böyük qruplaşma yaranacaq, rəqabət güclü olacaq. Bu konfiqurasiyalar daxilində çox ciddi mübarizələr gedəcək.
- Bəs Azərbaycanda postkorinavirus dönəmində vəziyyət necə olacaq?
- Azərbaycan bu prosesdən az itki ilə çıxır. Görürsünüz ki, ətrafımızda olan bütün dövlətlərin milli pul vahidi sarsılıb. Əlbəttə, etatizm prinsipi ilə, dövlətin maliyyə və iqtisaidyyatı tənzim etməsinə görə Azərbaycanda manatın sabiliyi qorunub saxlanılıb. Prezidentin islahatları davam edəcək. Düzdür, bəzi sahələrin, məsələn, tibbi sığortanın tempi yavaşıyır, amma yenə kənd təsərrüfatı, qeyri-neft sekorunda dinamizm mşahidə olunacaq, dövlətimizin dirçəldilməsi yönündə hökumət səylərini artıracaq.
İnhisarçılığa qarşı mübarizə bir az da dərinləşəcək, xalqın rifahı üçün mübarizə daha da artacaq. Hakimiyyət koronavirus dövründə xalqımızın rifahını yüksəltmək üçün heç nəyi əsirgəmir. Cənab prezident yaradılan dörd işçi qrupu qarşısında çox ciddi vəzifə qoyub, heç kim narazı qalmasın, günəmuzd çalışan, imkansız insanlarıntəminatı öndədir. Heç bir sosial proqram dayandırılmır, gələcəkdə daha da inkişaf edəcək.
- Seçicilərinizlə pandemiya dövründə necə əlaqə saxlayırsınız? Yenə də müraciətlər əsasən, maddi problemlərlə bağlıdırmı?
- İnternet vasitəsilə Ağsu və İsmayıllı seçicilərinə müraciət etdim, icra başçısı başda olmaqla vəzifəli şəxslərlə əlaqə saxlayırıq, bütün problemlər daim nəzarətdədir. Cənab prezidentin qanunverici hakimiyyətin təkmilləşdirilməsi istiqamətində çox mühüm addımlarından biri də odur ki, siyasi partiyalar və qanunveri hakimiyyətlə işləyən xüsusi şöbə yaradılıb və Ədalət Vəliyev kimi görkəmli ziyalı bu şöbəyə rəhbərlik edir, siyasi partiyaların rəhbərliyi ilə sıx görüşür, o cümlədən mənimlə də görüşü olub. Deputatların statusunun daha yüksək səviyyədə təmin olunması üçün müəyyən işlər görülür. Deputat şəxsi görüşlərindən başqa ayda iki dəfə mütləq görüş keçirməlidir. Hər ay rayonlarda Heydər Əliyev adına Mərkəzdə və kəndlər üzrə görüşlər nəzərdə tutulub. Məsələlərin operativ həlli üçün görüşlərdə rayon icra hakimiyyətinin rəhbər şəxsləri də iştirak edəcək. Koronavirusla bağlı internet və ya telefon vasitsilə əlaqə saxlayırıq. Bir müavinim, iki köməkçim və partiyamızın mətbuat xidmətinin rəhbəri hazırda Ağsudadır, koronavirusla mübarizə və digər problemlər istiqamətində müraciətlərlə bağlı işlər görürlər. Cənab prezident deputatlar üçün mühüm pəncərə açıb, şifahi və yazılı müraciətlərimizin həlli kimlərsə tərəfindən yubadılarsa, birbaşa Prezident Administrasiyası ilə əlaqə saxlanlacaq və bu barədə məlumat veriləcək. Əlimizdən gələni edirik, inşallah, yaxşı olar.
- Bəs özünüz deputat seçildiyiniz bölgədə axırıncı dəfə nə zaman olmusunuz?
- İsmayılıda 20 gün, Ağsuda isə 1 ay əvvəl olmuşam. Ağır xəstəm vardı, ürək əməliyyatı keçirdi, bundan başqa seçkilərdən sonra elə oldu ki, tez-tez komitə iclasları keçirildi, Milli Məclisə getməli oldum. Bilirsiniz, İnsan hüquqları komitəsinə sədr müavini seçildim, yeni otağa köçmə prosesi və sair işlərlə bağlı gedə bilmədim, ondan sonra bayram tətili və karantin rejimi başladı. Çoxları elə düşünür ki, deputat ancaq rayonda olmalıdır. İclas günü Bakıya gəlib-qayıtmalıdır. Deputatın əsas iş yeri parlamentdir, oradan əmək haqqı alır. Xüsusən mən komitə sədrinin müavini kimi daim Milli Məclisdə olmalıyam. Fürsət düşən kimi qrafikə uyğun olaraq gedib rayonda görüş keçirəcəyik, rəsmi dövlət qəzetləri bizim görüşlərimizin vaxtını elan edəcək, xalq biləcək ki, biz nə vaxt, harada görüş keçirəcəyik. Yollar bağlanıb, qaydanı pozub rayona gedə bilmirəm. Milli Məclisin sonuncu plenar iclasında məhdudiyyətlərin deputatlara şamil olunmamasına dair qanunlarda dəyişiklik etdik. Yola çıxıb getsəm, məni də saxlaya bilərlər. Deputat statusu toxunulmazdır, amma bu məhdudiyyətlərin deputatlara şamil edilməməsi barədə dəyişiklik birinci oxunuşdan keçib, bəzən bunu polis işçilərinə izah etmək çətin olur, inşallah, yaxın zamanda qanun qəbul olunacaq və hamı biləcək ki, deputat sərbəst hərəkət edə bilər.
- Bildiyimiz kimi bir sıra iş yerləri bağlanıb, günəmuzd çalışanlar və yardıma ehtiyacı olanların müraciətinə hansı formada dəstək verməyi düşünürsünüz?
- Hökumətin xüsusi işçi qrupu bu məsələ ilə məşğuldur. Əlbəttə, təkliflər çoxdur, sabit rəqəmlər şəklində də hər kəsə yardım göstərilməsi nəzərdə tutulur, demək olar, bu müzakirələr yekunlaşır, deputatların da səsləndirdiyi fikirləri hökumət nəzərə alır. Xalqımızın narazı olduğu məqamları hər birimiz dilə gətiririk, çalışırıq ki, birinci növbədə günəmuzd çalışan, sosial təminatı zəif olan insanların maddi yardımı təmin olunsun, çətinlik çəkməsinlər.
- Parlamentdəki çıxışınızda maraqlı məqama toxunmuşdunuz, nəvənizin adının Toğrul deyil, Doğrul yazılmasına icazə verilmədiyini söylədiniz. Maraqlıdır, niyə ad seçimi Doğruldan yana oldu?
- Dil məsələsi ilə bağlı müzakirə aparılırdı, bəzən insanlar elə düşünür ki, durduğun yerdə, yalnız özün üçün hansısa məsələni qaldırırsan. Bu, belə deyil. Qanun layihəsinin qəbulu zamanı bu məsələni misal olaraq söylədim. Dəfələrlə bu məsələni müzakirə etmişik, mətbuatda da öz əksini tapıb. Çıxışımda dedim ki, hüquq, tibb, fəlsəfəyə dair öz dilimizdə məfhum tapmaq mümkün deyil. Dilimizə vaxtilə ərəb, fars, latın dillərindən sözlər daxil olub, onu təmizləyə bilmiriksə, heç olmazsa, bundan sonra belə sözlər daxil etməyək. İngiliscədən “agency” sözünü daxil edirdilər, bu məsələyə işarə edib dedim. Söhbət siyasi və mənəvi məsələdən başqa, “Dövlət dili haqqında” qanundan gedir. Bu qanuna riayət etmək lazımdır. Kimsə deyirsə, dilimiz zəngindir, mən onunla razılaşmıram. Dilimizin 70%-dən çoxu başqa dillərdən gəlmədir, getdikcə də yüzlərlə termin qəbul edirik. Qanunvericilikdə də əcnəbi sözlərdir. Əgər bunun dilimizdə qarşılığı varsa, biz niyə belə edirik? Misal üçün, mənim adımı ərəb dilindən çevirsək, "təmiz", "səxvətli" mənasını ifadə edir. Tərcüməsini bilmirik, bizə ləzzət edir, səslənməsi yaxşı olsun. Biz Azərbaycan türkləyirik. Osmanlı türkləri daşa taş deyir. Toğrul bizim dilimizdə Doğrul kimi yazılmalıdır. Akademik Rafael Hüseynovla da məsləhətləşmişdim, nəvəmə bu adı yazdırmağa qoymadılar, məcbur olduq Osmanlı türkcəsində qoyduq. Osmanlı da bizim can-ciyərimizdir, amma ləhcəmizi də dəyişməməliyik. Ağsuluyam, bakılılar kimi danışsam, mənə gülərlər axı. Hər kəs vahid ədəbi dili gözləməklə təbii ki, regionuna məxsusluğunu, şivəsini itirməməlidir. Bu nöqteyi-nəzərdən çıxışımda nəvəmə Doğrul adını yazdırmağa qoymadıqları barədə danışdım.
- Nə əsas gətirildi?
- Guya kitabda Doğrul adı yoxdur. Bundan əvvəl qoyulanlar kitabla yoxlanılırdı?
- Şəxs adlarının ensiklopedik lüğətində olmadığı ilə əsaslandırdılar?
- Hə, atası ilə anası getmişdi yazdırmağa, inandıra bilməyiblər. Biz elə xalqıq ki... Millət demirəm, millət olsaq, millətimizin adı olar, bir xalqa ki türk, azərbaycanlı, azəri, moğol, tatar deyələr, demək millət deyilik. Amma bir xalq kimi də özümüzdən başqa hamıya oxşayırıq. Uşağımıza, yaxud hüquqi şirkət yaradıb ona ad qoyaq, fərq eləməz, heç birində özümüzə oxşamırıq. Qloballaşma ilə bağlı məqaləmdə öz övladlarımıza qoyduğumuz ad məsələsinə, ayların adlarının milliləşməsinə toxunmuşdum. İran İslam dövlətidir, niyə fars adlarıdan imtina edib islam adları götürmür? Türkiyə, Çin, Yaponiya da eləcə. Dədə-babadan ayların adı əkin, biçin, çillə və s.-dir. İndi məni öldürürlər, söyürlər ki, Tahir Kərimli gündəmi dəyişir və sair. Ay balam, mən başa düşə bilmirəm, biz nə vaxt özümüzə oxşayacağıq?! Nə qədər ki canımda qüvvə var, çalışacağam ki, xalqım özünə oxşası, başqasına yox. Bu mübarizəmdən geri duran deyiləm. Öz dövlət dilini bilməyən hansı şəxs, qurum hansı milli problemi həll edə bilər? Qarabağ problemini həll edə bilərmi? Rus və ingilis dilini bilən ziyalılarımız var, onlara can qurban. Amma dövlət dili də var axı. Qanunlarımıza riayət edək, özümüzə oxşayaq.
- Yeni doğulan uşaqlara babalarının adının qoyulması ənənə halını alıb. Nə əcəb övladınız uşağın adını elə Tahir qoymadı?
- Artıq 7 yaşında Tahir adlı nəvəm var. Məndən xəbərsiz atası ilə anası sürpriz edib adımı qoymuşdular. Amma açığı, məlumatım olsaydı, qoymazdım Tahir adını yazdırsınlar. Hətta mən onun da tərəfdarıyam ki, Azərbaycanda yaşayan tatlar, ləzgilər, talışların da gözəl səslənən adları var, nə üçün o adlar övladlarımıza qoyulmasın? Niyə ancaq latın, ingilis, ərəb, fars adları qoyulsun ki? Gərək Azərbaycan hər sahədə özünə oxşasın.