1 Aprel 2020 19:59
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusla bağlı yaranmış durumun dünyanın bir parçası olan ölkəmizdən yan keçməsi mümkün deyildi.

Bunu Teleqraf.com-a açıqlamasında sabiq Maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov deyib.

O qeyd edib ki, koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin sərəncamı ilə dörd istiqamətdə xüsusi işçi qrupları yaradılıb:

“Martın 31-də Prezident İlham Əliyev pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirən işçi qrupun rəhbəri – İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul etdi. Qəbul zamanı dövlət dəstəyinin göstərilməsini nəzərdə tutan və 9 proqramdan ibarət zərf ölkə başçısına təqdim edildi. Bu proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bütövlükdə proqramlar dörd böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bütün fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən olunub. Ümumilikdə, doqquz proqramın maliyyə tutumu 2,5 milyard manat təşkil edir ki, bu da Azərbaycanın Ümumi Daxili Məhsulunun 3%-nə bərabər bir məbləğdir. Bu göstərici MDB məkanında və regionda olan ölkələr arasında onların iqtisadiyyatının ölçüləri baxımından ən yüksək göstəricidir”.

Sabiq nazir deyib ki, yaxın günlərdə digər işçi qruplarının da təkliflər zərfinin təqdimatı gözlənilir:

“Bir sözlə, dövlət həmişə olduğu kimi öz vətəndaşlarının və sahibkarların yanındadır. Yetər ki, həm vətəndaşlar və həm də sahibkarlar qoyulan tələblər çərçivəsində davransınlar. Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa, fəaliyyətini aşkarlıq prinsiplərinə söykənərək göstərməyə borcludur. Dövlət belə sahibkarları həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”.

Fikrət Yusifov onu da bildirib ki, Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edərkən yaranmış durumla bağlı öz fikirlərini də olduqca açıq bir şəkildə cəmiyyətə çatdırdı:

“Dövlət başçısının görüş zamanı səsləndirdiyi “Dünyanın və Avropanın aparıcı ölkələrində demək olar ki, vəziyyət nəzarətdən çıxır”, “heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin sayına uyğun xidmət göstərə bilməz”, “Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır” kimi fikirlərdən hər birimiz ciddi nəticə çıxarmalıyıq. Bu gün vətəndaş-iqtidar birliyinin ən yüksək səviyyədə nümayişinə ehtiyac var. Hesab edirəm ki, dövlətin yaranmış durumla bağlı atdığı addımlar kifayət qədər səmərəli olacaq və məhz bu tədbirlər sayəsində pandemiyanın yaratdığı problemlərin minimallaşdırılmasını təmin edə biləcəyik. Yetər ki, prezidentin “Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram” tələbinə hər birimiz əməl edək”.

Müsahibimiz qeyd edib ki, bəşəri bəlanın dünya iqtisadiyyatına və maliyyə sisteminə vurduğu və bundan sonra vura biləcəyi zərbənin ölçüləri olduqca böyükdür:

“Bəzi iqtisadçılar bu itkilərin miqyasını keçən əsrin 20-ci illərinin sonlarında baş vermiş və “Böyük depressiya” adlandırılmış iqtisadi böhran nəticəsində baş verən itkilərlə müqayisə edirlər. Real olan isə budur ki, koronavirusu ram edəcək peyvənd gec tapılarsa, dünya iqtisadiyyatında və beynəlxalq maliyyə sistemində tarixdə misli görünməmiş iqtisadi fəlakət qaçılmaz olacaq. Bunu nəzərə alan Azərbaycan hökuməti vaxtında zəruri olan bütün addımları atdı və bu istiqamətdə işlər bu gün də ən yüksək səviyyədə davam etdirilir. Biz COVID-19 virusunun bəzi ölkələrdə yaratdığı acınacaqlı vəziyyətin ölkəmizdə təkrarlanmaması üçün əlimizdən gələn bütün işləri görürük. Lakin bu işlər o zaman yetərli nəticələrə aparıb çıxara bilər ki, hər bir vətəndaş vəziyyətin reallığını olduğu kimi dəyərləndirməyi bacarsın. İndiki məsuliyyətli və həssas bir məqamda hər kəs tək özünü deyil, ailəsini, cəmiyyəti və büövlükdə insanlığı düşünməyə məhkumdur. Odur ki, hər birimiz pandemiyanın yaratdığı vəziyyətin durdurulması məqsədilə hökumətin müəyyənləşdirdiyi qaydaların tələblərinə tam riayət etməliyik”.


Müəllif: Səxavət Həmid