Martın 31-də qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən “seçkilər” bütün dünyaya meydan oxumaqdır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, “seçki”dən əvvəl bir sıra dövlətlər, məsələn Pakistan, Türkiyə, İndoneziya bu “seçki”nin keçirilməməsini tələb etmişdilər:
“Üstəlik, BMT-nin Baş katibi dünya ölkələrinə müraciət edərək, kütləvi tədbirlərin, o cümlədən idman yarışları və seçki tədbirlərinin həyata keçirilməsinin koronavirusdan sonrakı dövrədək təxirə salınmasına çağırış etmişdi. Amma sinələrinə döyərək, özlərini mədəni xalq kimi təqdim edən ermənilər dünyanın ən nüfuzlu təşkilatının baş katibinin çağırışına da məhəl qoymadılar və anti-demokratik, sırf təyinedilmə şəraitini xatırladan bir şəkildə seçki oyunu oynadılar. Seçki keçirildi - deməyə adamın dili gəlmir. Bu oyunda da Nikol Paşinyana yaxın olan şəxs sözsüz ki, daha çox səs topladı. Amma səslər üç rəqib arasında bölünüb. Ən iddialı olan Vitali Balasanyan hamıdan az səs toplayıb. Bütün bunlar onu göstərir ki, Mərkəzi Seçki Komissiyası deyilən qondarma qurum əslində bütün prosesləri nəzarət altında saxlayır və kimə nə qədər səs verilməsini müəyyənləşdirib. Bu ssenari üzrə də bütün prosesləri həyata keçirib”.
Q.Hüseynli qeyd edib ki, ikinci tur oyunu da “seçkilər”in guya demokratik keçirildiyini nümayiş etdirmək üçün nəzərdə tutulan ssenarinin tərkib hissəsidir:
“Ermənilər dünya ictimai rəyindən qorxmasaydılar və təbliğat xarakterli xallar qazanmağı nəzərdə tutmasaydılar, bu “seçki”ni bir turdan ibarət edib, məsələni həll edərdilər. Onsuz da qondarma “DQR”də əhalini “seçki”yə cəlb etmək praktikası əvvəllər olmayıb, indi isə heç yoxdur”.
Müsahibimiz bildirib ki, “seçkilər”in beynəlxalq hüquq normalarına uyğun gəlmədiyini və dünyanın heç bir ölkəsinin qəbul etməyəcəyini onsuz da hamı bilir:
“Məsələn, Gürcüstan ikinci tura keçməsinə baxmayaraq, qondarma rejimdə keçirilən "seçki"lərin nəticəsini tanımadığını və bundan sonra da tanımayacağını bildirib. Gürcüstan bu "seçki"ləri qeyri-qanuni adlandırıb. Eyni bəyanat Rumıniyadan, Bolqarıstandan da gəlib. Bütün bunlar onu göstərir ki, dünyanın iradəsinə qarşı gedən ermənilər koronavirus pandemiyası, həmçinin, dünyada iqtisadi böhranın başladığı şəraitdə belə bu oyunu oynadılar və Paçinyan Azərbayacanla qarşıdurmanı yenidən gücləndirmək niyyətindədir”.
Müsahibimiz bir nüansa da toxunub:
“Həmin “seçkilər”i 31 mart tarixində, yəni ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım günündə keçirmələrini onların Azərbaycan xalqına meydan oxuması kimi də qəbul etmək olar. Amma hər halda ermənilər bir şeyi başa düşməlidirlər ki, Azərbaycan 2016-cı ilin aprel döyüşlərində, yəni dördüncü ildönümünü qeyd etdiyimiz bu günlərdə ermənilərə ciddi qulaqburması verdi və Azərbaycan Ordusunun işğalçı ordu qarşısında nə qədər böyük gücə malik olduğunu nümayiş etdirdi. Çox təəssüf ki, həmin dövrdə ermənilərə sonadək dərs vermək üçün prosesləri başa çatdırmağa Ermənistana yaxın olan dövlətlər imkan vermədilər. Bu seçki oyunu, bu seçki məzhəkəsi Azərbaycanın qəzəbini coşduran, səbr kasasını daşıran addımlardan biridir. Mən əminəm ki, Azərbaycan ermənilərin bu oyunlarına son qoymaq üçün günlərin birində qəti addım atacaq”.