“Cəbhə xəttindəki son təxribatları Ermənistanın qabaqlayıcı tədbirləri kimi qiymətləndirilməlidir. Belə hadisələr ermənilərin qorxusundan irəli gəlir. Ermənistan rəhbərliyi adətən daxildən təhlükə hiss edəndə bu kimi vasitələrə əl ataraq, atəşkəs rejimini pozmağa çalışır”.
Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri belə deyib.
Ekspertin sözlərinə görə, atəşkəs qarşı tərəfdən təkcə təmas xəttində yox, Ermənistan-Azərbaycan sərhədləri boyu da pozulur:
“Bu məsələdə də xüsusi bir niyyət var. Çünki Azərbaycanı birbaşa Ermənistanla münaqişəyə təhrik etməklə, İrəvanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da bu prosesə cəlb etmək niyyətini güdürlər. KTMT-nin nizamnaməsinə görə, bu ittifaqa üzv olan hansısa bir dövlətə müdaxilə olarsa, ittifaq üzvləri onu dəstəkləməlidir. Buna görə də ermənilər son günlərdə daha çox sərhədboyu bölgələrdə təxribatlara əl atmağa başlayıblar.
Bu pozuntular, eyni zamanda, Paşinyanın daxildə “Ermənistan ordusu güclüdür” mifini yenidən diriltmək istəyi ilə bağlıdır. Çünki son illərdə baş verən qısamüddətli toqquşmalarda ən çox itki verən tərəf Ermənistan ordusu olur. Bu gün sınıq-salxaq ordusu varkən, Ermənistanın müdafiə naziri Tonoyan Azərbaycana qarşı yeni ərazi iddialarından danışır. Əlbəttə buna nə Ermənistanın ictimai rəyi, nə də bu ölkənin havadarları inanır. Çünki ortada Aprel döyüşləri təcrübəsi var. Buna görə də, kimsə keçən illər ərzində Ermənistan ordusunun gücləndiyini iddia edə bilməz. Güclü Azərbaycan ordusu qarşısında yeni ərazilərin işğalı necə həyata keçirilə bilər? Bunun mümkünsüzlüyünü Ermənistan rəhbərliyi çox yaxşı başa düşür. Bu səbəbdən də, ermənilər cəbhə xəttində bu kimi addımlarla ictimai rəyi sakitləşdirməyə çalışır”.
Natiq Miri hesab edir ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün ən münbit şərait bu gündür:
“Ermənistanın öz müttəfiqlərinin dəstəyini itirdiyi bir ərəfədə, Azərbaycan ordusunun qısamüddətli ildırımsürətli planla bir neçə strateji ərazisini azad etməyin vaxtı çatıb. Bununla işğalçını geri çəkilməyə məcbur edə bilərik. Bunu indi etməsək, sabah havadarları tərəfindən Ermənistana münasibət yenidən dəyişəndə bunu həyata keçirmək çətin olacaq.
Hesab edirəm ki, Rusiya və digər güclərin başı koronavirus bəlasına qarışdığı bir vaxtda Azərbaycan ordusu qısamüddətli və lokal hərbi əməliyyatlar həyata keçirə bilər. Buna böyük ehtiyac da var. Əgər Azərbaycan ordusu bu əməliyyatlara başlasa, bu, hüquqi çərçivədə olacaq. Bu məsələdə tamamilə Azərbaycan xalqına güvənmək lazımdır”.
Ekspert qeyd edib ki, Azərbaycan ziyalılarının, siyasi düşərgələri və xalq nümayəndələrinin iştirakı ilə Qarabağ Konfransının keçirilməsinə ehtiyac var:
“Bu konfransda Azərbaycan xalqının və dövlətinin iradəsini əks etdirən qətnamə qəbul edilməlidir. Bunu da referendumla təsdiq etmək lazımdır. Hesab edirəm ki, pandemiya başa çatdıqdan dərhal sonra Qarabağın işğaldan azad olunması ilə bağlı referendum keçirilməlidir. Bu, xalqın rəyi olacaq. Xalqın qərarı bütün hüquqların üstündə olan legitim bir qərardır. Belə bir qərar hökumətin əlində olsa, heç bir beynəlxalq təşkilat və dövlət bizə təzyiq edə bilməyəcək. Çünki bu qərar xalqa məxsus olacaq. Bu amildən istifadə edərək, Qarabağı işğaldan azad edə bilərik”.