“Bakı Tekstil Fabriki” MMC tərəfindən qısa bir müddətdə tibbi maskaların istehsalına başlanmasını çox yüksək qiymətləndirirəm. Müəssisənin rəhbərliyinə təşəkkür etməklə yanaşı, dövlətin istehsal prosesinin sürətləndirilməsi üçün verdiyi maliyyə və texniki dəstəyi də xüsusi qeyd etmək lazımdır.
Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu gün Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılmasına münasibət bildirərkən deyib.
Q.Həsənquliyev bildirib ki, Prezidentin xüsusu diqqəti və dəstəyi olmasaydı, bu qədər tezliklə ölkədə maska, tibbi spirt və digər dezinfeksiyaedici maddələrin istehsalına başlanılması mümkün olmazdı:
“İnşallah, tezliklə biz özümüzün bu vasitələrə olan tələbatımızı tam təmin edib, cənublu qardaşlarımıza və digər ehtiyacı olan ölkələrə də yüksək keyfiyyətli maska və digər məhsullar ixrac edəcəyik.
Ümid edirəm ki, Prezidentin 19 mart 2020-ci il tarixində imzaladığı sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixdə qəbul etdiyi Tədbirlər Planı qısa müddətdə icra oluncaq, ciddi iqtisadi islahatlara təkan vermək məqsədilə yaradılan Azərbaycan İnvestiya Holdinqi və Azərbayca İnşaat Korporasiyası bu istiqamətdəki gözləntiləri reallığa çevirəcəkdir. O zaman biz neft sənayesindən asılılığa son qoyub daha güclü iqtisadiyyata sahib olacağıq”.
Qüdrət Həsənquliyev Prezidentin bu gün imzaladığı yüksək humanizm nümunəsi olaraq qəbul edilən və kifayət qədər rezonans doğuran əfv sərəncamına da toxunub:
“Bundan öncə ölkədə karantin rejiminin elan olunmasını nəzərə alan məhkəmələr 200-dən çox məhkumu cəzalarının çəkilməmiş hissəsindən azad etmişdi. Bu gün isə ölkə Prezidenti daha 176 məhbusu cəzalarının bir hissəsini çəkmələrini nəzərə alaraq, humanizm prinsiplərini rəhbər tutub, əfv edib. Mən Prezidentin bu qərarını alqışlamaqla yanaşı, bunu çətin vəziyyətdə xalqımızın daha sıx birləşməsinə xidmət edəcək bir addım kimi qiymətləndirirəm. İnanmaq istəyirəm ki, həmin şəxslər bir daha qanunları pozub həbsxanaya geri qayıtmayacaq, cəmiyyətimizin inkişafına öz təhfələrini verəcəklər”.