9 Aprel 2020 16:32
1 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan rəhbərliyi işğal etdiyi ərazilərdə qurduğu kriminal rejimi bu yolla legitimləşdirməyə cəhd edir. Amma bu, Azərbaycan və bölgə ilə yanaşı, Avropa İttifaqı və qlobal təhlükəsizliyə təhdid yaratmaq üçün hazırlanan zəmindir”.

Politoloq Yeganə Hacıyeva belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Ermənistan rəhbərliyi indi də işğal edilmiş Azərbaycan ərazilərində “seçki oyunları”na başlayıb. Nəyə hesablanıb bu “şou”?

- Köçəryan və Sərkisyan Azərbaycan qanunları və beynəlxalq hüquq qarşısında hərbi cinayətlər törətmiş, terrorçu dəstəyə başçılıq etməklə vətəndaşları olduqları ölkədə separatçılıq etmiş, vətəndaşlara qarşı etnik təmizləmə aparmış cinayətkarlardır. Lakin bu reallıq Ermənistanda tamam fərqlidir. Hər nə qədər hakimiyyətdən getmiş olsalar da və ya hakimiyyətdə olduqları müddətdə onlara qarşı formalaşmış neqativ münasibət olsa da, cəmiyyətdəki nüfuzları hər nə qədər zədələnmiş olsa da, onlar sıravi erməninin şüurunda “qəhrəman əsgər”dir. Yəni əliqanlı bu cinayətkarlar erməni cəmiyyətinin nəzərində “Qarabağın xilaskarları”dır.

Onu da qeyd edim ki, Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi o qüvvənin hakimiyyət və nüfuzunu qorumaq üçün yaslandığı əsas dayaq nöqtəsidir. Təsadüfi deyil ki, Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Dağlıq Qarabağa nəzarəti ələ keçirmək istiqamətində silsilə addımlar atır.

Paşinyan hakimiyyətinin ilk günündən bunun üçün qollarını çırmaladı. Öz siyasi rəqiblərini “konstitusiyanı pozmaq”, “cinayət törətmək” kimi ittihamlarla həbs etdirir, koorupsiyaya qarşı mübarizə adı altında Köçəryan-Sərkisyan klanının maliyyə dayaqları sayılan insanları repressiyalara məruz qoyur. Əlbəttə, bu addımların mahiyyətində Qarabağa nəzarət və bu klanı zərərsizləşdirmək məqsədləri durur.

- “Qarabağ Ermənistandır” bəyanatı da buna əsaslanırdı?

- Əlbəttə, bu da onun məkirli niyyətlərinə əsaslanır. Paşinyan bunu gizlətmir, açıq dillə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsindən danışır. Amma bunun nə demək olduğunu anlamaq çətin deyil, Paşinyan açıq şəkildə “Mən “Qarabağ klanı”nı özümə tabe etmək istəyirəm” kimi fikirlər işlədə bilməz. Buna görə də erməni cəmiyyətinin nəbzinə işləyən belə fikirlər səsləndirir. Elə bu saxta seçkilər də bu qəbildəndir.

- Beynəlxalq birliyin Qarabağda baş verən bu saxta prosesə münasibəti nədir?

- Əlbəttə, separatçıların bu “seçkilərinin” heç bir hüququ əsası yoxdur. Dağlıq Qarabağda bu kimi proseslərin o vaxt hüquqi əsası olacaq ki, bu, yalnız Azərbaycan bayrağı altında və Azərbaycan Konstitusiyası çərçivəsində baş tutacaq. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət və təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərindəki bu qondarma seçkiləri, bundan öncəkilər kimi birmənalı şəkildə rədd edirlər. Ermənistan beynəlxalq hüquq normalar ilə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, habelə bu ərazilərdən didərgin saldığı yüz minlərlə insanın haqlarını kobud formada pozduğu üçün bu qondarma seçkilərin nəticələri qeyri-legitim və etibarsız sayılır.

Pandemiyanın dünyada tüğyan etdiyi bir vaxtda belə kütləvi tədbirlərin keçirilməsindən çəkinməyən Ermənistanın bu addımını həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə qarşı növbəti təxribatı adlandıra bilərik. Bu həm də münaqişənin həlli prosesinə cəlb olunmuş böyük güclərin və beynəlxalq təşkilatların fəaliyyətlərinin növbəti dəfə Ermənistan tərəfindən sobataj edilməsi deməkdir. Amma buna baxmayaraq, Ermənistan rəhbərliyi işğal etdiyi ərazilərdə qurduğu kriminal rejimi bu yolla legitimləşdirməyə cəhd edir. Amma bu, Azərbaycan və bölgə ilə yanaşı, Avropa İttifaqı və qlobal təhlükəsizliyə təhdid yaratmaq üçün hazırlanan zəmindir. Ermənistan rəhbərliyi bu münaqişənin həll prosesini belə yollarla pozmaqla bölgədə həyata keçirilən beynəlxalq layihələrin təhlükəsizliyini də təhdid edir.

O da məlum faktdır ki, Ermənistan dövləti bu işğal ərazilərini Yaxın Şərqdən Avropa İttifaqına qədər uzanan qanunsuz insan, narkotik və silah ticarətində tranzit bölgəyə çevirib. Növbəti dəfə seçki adı altında, Qarabağda Ermənistan rəhbərliyi və kriminal rejimin buradakı uzantılarının “tranzit bölgə” uğrunda mübarizəsinin şahidi oluruq.

- Yəni Ermənistan rəhbərliyi indi də bu qondarma seçkilərdən çirkin məqsədləri üçün istifadə etmək niyyəti güdür.

- Sırf Paşinyanın bu “seçki” yolu ilə “Qarabağ klanı”nı zərərsizləşdirmək imkanları haqda danışsaq, fikirimcə, bunu belə yolla edə bilməyəcək. Məsələ budur ki, “Qarabağ klanı”nın Ermənistan cəmiyyəti və strateji dövlət qurumlarındakı möqeləri kifayət qədər möhkəmdir. Ermənistanın özündə bu klanı zərərsizləşdirə bilməyən Paşinyanın bunu Dağlıq Qarabağda etmək istəyir. Bu, onun siyasi səriştəsizliyindən irəli gəlir. Digər yandan, Qarabağdakı separatçı rejim kənar qüvvənin nəzarətindədir və onun dəstəyi ilə hərəkət edir. Bu dəstək və münasibətlər isə Ermənistan rəhbərliyinin iradəsindən asılı deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər