Milli Məclisin sədri Sahibə Qafarova martın 19-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı haqqında danışıb.
Teleqraf.com-un xəbərinə görə, spiker bildirib ki, prezident humanist addım ataraq, koronavirus xəstəliyi ilə əlaqədar yaş və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan 176 məhkumu əfv edib.
O əlavə edib ki, bu addım dövlət siyasətinin mahiyyətində insanlara qayğı göstərmək prinsipinin dayandığını göstərməklə yanaşı sübut edir ki, siyasi məbsubiyyəti, cəmiyyətdə tutduğu statusdan asılı olmayaraq, insan həyatı Azərbaycan dövləti üçün mühümdür.
Sahibə Qafarova bildirib ki, Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizəsi və atdığı addımların mahiyyətində əhalinin sağlamlığını qorumaq durur: “Bir neçə gün əvvəl Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva Sumqayıtda tibbi maska zavodunun açılışında iştirak etdi:
“Həmin açılışda çıxışı zamanı prezident koronavirusla mübarizəyə dair xalqa geniş məlumat verdi. Həmçinin qeyd edildi ki, 5 xəstəxananın açılması üçün dövlət büdcəsindən 15 milyon manat vəsait ayrılıb. Bu tədbirlər prezidentin şəxsi nəzarətindədir. Bunlar göstərir ki, Azərbaycan koronovirusa qarşı mübarizədə ön sırada dayanır”.
Sədr əlavə edib ki, koronavirusla mübarizədə iqtisadi fəallığın qorunması üçün dövlət mühüm addımlar atır: “Bununla bağlı lazımı addımlar atılır, aztəminatlı əhaliyə, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərir. Bütün bunlara görə cənab prezidentə təşəkkür edirəm”.