Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli ölkənin gündəmində müzakirə olunan bir sıra məsələlərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- İranın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçılara yardım etməsi yenidən müzakirə mövzusuna çevrilib. Bu müzakirəyə səbəb olan yeni faktlar da sizin tərəfinizdən ortaya çıxarıldı. Niyə İran işğalçılara yardım etməyə ehtiyac duyur, İranın Azərbaycana duyduğu bu nifrətin kökündə nə durur?
- Faktlar kifayət qədər çoxdur. Bura İranın Şuşadakı məscidin təmir və bərpasında iştirakından tutmuş, yükdaşımaların həyata keçirilməsinə qədər bir çox məsələlər daxildir. Bir faktı xatırlamaq kifayətdir: həm Ter-Petrosyan, həm də Robert Köçəryan Qarabağda işğal müharibəsinin ən pik vaxtında İranı Ermənistan üçün “həyat yolu” adlandırmışdı. Bu açıqlamaları bu gün də tapmaq mümkündür. Səbəblərdən biri də İran hakimiyyətinin öz sərhədlərində Azərbaycan adlı dünyəvi bir ölkənin mövcudluğu ilə barışmaması ilə bağlıdır. Eyni zamanda, İranda, yəni öz ata-baba torpaqlarında sayı 30 milyondan çox azərbaycanlının yaşaması da, onları narahat edən ciddi bir amildir. İranda yaşayan Azərbaycan türkləri dövlət dilinin Azərbaycan dili, dövlətçilik prinsiplərinin azərbaycançılıq olduğu bir ölkənin necə inkişaf etdiyini görürlər, milli mədəniyyətin, öz milli bayraqları altında müstəqil yaşamağın nə olduğunu dərk edirlər. Bu faktorlar İranı narahat edir. Baxmayaraq ki, Azərbaycan dövləti öz ərazilərindən İran üçün təhlükənin olmadığını, olmayacağını bəyan edir, hətta bunu konkret addımlarla sübut edir.
İranda zəlzələ baş verəndə İrana ilk kömək edən Azərbaycan idi, habelə koronavirusla bağlı da ilk yardım əlini ona biz uzatdıq. Yaxın qonşuluq münasibətlərini həmişə qoruyub saxlamışıq, amma qarşıdan bunun əksini görmüşük. İran mütəmadi olaraq, qıcıq yaradan addımlar atır, amma sonra bunu təkzib edir. Məsələn, Göy Məscid ermənilər tərəfindən “fars mədəniyyətinin nümunəsi” kimi təqdim olunur, İran tərəfi də məmnuniyyətlə bununla razılaşır. Halbuki bu məscid tarixi İrəvan Xanlığına aiddir və İran adlanan dövlətə heç bir aidiyyəti yoxdur. Ermənistanda Azərbaycana aid olan digər toponimlər məhv edilir. Əgər sən həqiqətən müsəlman abidələrinin təəssübkeşi kimi çıxış edirsənsə, o zaman, niyə bu məscidlərdə namaz qılmalı olan insanların öz doğma torpaqlarından didərgin salınmasına səsini çıxarmırsan, bu işğala imza atan bir ölkə ilə əlaqələrini davam etdirirsən? Uzaq Fələstində kiminsə ayağına daş dəyəndə səsini ən yüksək formada çıxarırsan, amma qonşunda yaşayan azərbaycanlılara qarşı soyqırımı siyasəti aparan Ermənistanla ən yaxın münasibətlər qurursan.
İranın Azərbaycandakı səfirliyinin bu məsələ ilə bağlı son açıqlaması ilə tanış oldum, burada yenə günahı başqa yerdə axtarırlar. Bu, belə rejimlərə xas olan bir xüsusiyyətdir. Günahkarı başqa yerdə axtarmağa ehtiyac yoxdur, onun adı və yeri məlumdur. İran vətəndaşlarının işğal ərazilərinə gedərək piknik, Novruz bayramı keçirmələri kimi faktlar ifşa olunub, amma hər dəfə İran bunu təkzib edib. Bu gün işğalçı Ermənistanı enerji, yanacaq məhsulları və qida ilə təmin edən bir nömrəli ölkə İrandır. Kimsəyə sirr deyil ki, işğal altındakı Qarabağdakı dükanlarda satılan məhsulların əksəriyyəti İrana məxsusdur. Bunu dəfələrlə Ermənistan mediasında yayımlanan videosüjetlərdə də görmüşük. Bunları təkzib etmək mümkün deyil. Bunları bir-iki bəyanatla ortadan qaldırmaq olmaz, səmimi olmaq lazımdır.
Azərbaycan öz qonşularına hansı səmimiyyəti ortaya qoyursa, onlar da eynisini bizə göstərməlidir. Azərbaycan Respublikası tərəfindən İrana qarşı hansısa təhlükə yoxdur və bunun olması da mümkün deyil. Bunu İran hakimiyyətinin nümayəndələri kifayət qədər yaxşı bilirlər. Bu təhlükənin olmayacağını yaxşı başa düşürlər. Bizim aramızda tarixi münasibətlər var və bu münasibətlər Azərbaycan dövləti tərəfindən əziz saxlanılır. Biz sadəcə olaraq, bunu qarşılıqlı münasibətlərdə görmək istəyirik, başqa bir iddiamız yoxdur. Hər dəfə bir fikir irəli sürəndə, anında İsrailin Azərbaycanda səfirliyi olması amilini önə çəkirlər. İsrail İran torpaqlarını işğal etməyib, İsrailin Fələstinlə problemləri var. Heç ərəb dövlətləri buna reaksiya vermirlər, amma sənin “qardaş” adlandırdığın bir xalqa qarşı qətliam həyata keçirən, torpaqlarını zəbt edən Ermənistanda nəinki səfirliyin var, əməkdaşlığı ən yüksək formada davam etdirirsən. Hətta mütəmadi olaraq Azərbaycana təzyiq məqsədilə Ermənistan ərazilərində enerji, dəmir yolu və qlobal nəqliyyat layihələrinin həyata keçiriləcəyini elan etməklə, erməni mediasının bundan ideoloji faktor kimi istifadə etməsinə imkan yaradırsan. Belə yüzlərlə fakt var.
İran elə bilməsin ki, bunları Azərbaycanda kimsə görmür. Buna bəzən münasibətləri korlamamaq, bəzən də İran hakimiyyətinin öz səhvlərini dərk edəcəyinə ümid bəslədikləri üçün kəskin reaksiya vermirlər. Amma hər kəs baş verənlərin fərqindədir. Günahkar və səhv axtarmaq lazımdırsa, bunu İranın özündə axtarmaq lazımdır. Məsələn, İran səfirliyinin iddia etdiyi kimi, həmin kadrlar Xankəndində, yəni Azərbaycanın işğal edilmiş ərazilərində yox, Ermənistanda çəkilib. Fərqi nədir ki? Tutaq ki, sən işğal ərazilərinə getmirsən, amma işğalçıya yanacaq verirsən axı. Nə dəyişir?
İranın, ilk növbədə, Azərbaycanla tarixi münasibətlərə və ortaq dəyərlərə önəm verməsini istəyirəm. İkincisi, beynəlxalq hüquq normaları və prinsiplərinin əsas götürməsini. BMT və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı qətnamələri var, İran bunları nəzərə almalıdır. Onu da qeyd edim ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağda qondarma seçki keçirdi, beynəlxalq təşkilatlar bunu qətiyyətlə pislədi və tanımadıqlarını bəyan etdilər. Amma İran verdiyi bəyanatda özünü “bitərəf” kimi göstərdi və münaqişənin dinc yolla həllindən danışdı. Burada söhbət həll prosesindən yox, Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma seçkilərdən – saxta rejiminin leqallaşdırılması üçün atılan addımlardan gedir. Sən fakta münasibət bildir, nağıl danışma, bu nağılı gedib başqa yerdə danışarsan.
- Bəs Ermənistan rəhbərliyini pandemiyanın tüğyan etdiyi bir vaxtda Qarabağda qondarma seçki keçirməyə nə vadar etdi?
- Əgər bu "seçki"lər fövqəladə vəziyyət rejimində və ya pandemiyanın insanlar üçün təhlükə yaratdığı bir mühitdə, dünya birliyi tərəfindən tanınan bir ölkədə keçirilsəydi, o zaman deyə bilərdik ki, bu, anti-demokratik bir addımdır və ya başqa bir şeydir. Amma bu, işğal olunmuş bir ərazidə keçirilir və bu, “seçki şousu”ndan başqa bir şey deyil. Burada söhbət qeyri-qanuni bir prosesin altında başqa bir qanunsuz prosesin həyata keçirilməsindən gedir. Yəni sən işğal olunmuş bir bölgədə - başqa birisinin ərazisində “seçki” adlandırılan bir oyun oynayırsan. Ortada pandemiyadan əvvəl işğal faktoru var. İşğal və ya pandemiya – nə fərqi var? İkisi də, fors-major bir hal və təhlükə yaradır.
Bu proses qanunsuz olsa da, pandemiya insanlara öz iradələrini sərbəst şəkildə ortaya qoymalarına şərait yaratmır. Əlbəttə, bu işğal faktoru BMT və digər beynəlxalq təşkilatların müvafiq sənədlərində əks olunub, bu “seçkilər” də bu konvensiyaların prinsiplərinə ziddir. Dünya birliyi də bu prinsipləri əsas götürərək, bu qondarma seçkiləri heç vaxt tanımayıb və bundan sonra da tanıması mümkün deyil. Məsələnin digər tərəfinə gəlincə, əlbəttə, Paşinyan bununla başların qarışıq olduğu bir vaxtda orada özünə yaxın bir rejim formalaşdırmaq niyyətindədir.
- Əvvəlcə Ermənistan tərəfinin pandemiya ilə mübarizə çərçivəsində Türkiyəyə yardımla bağlı müraciət etdiyi bildirildi, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın da təsdiq etdi. Sonra isə İrəvan bu məlumatı təkzib etdi. Nə baş verir?
- Ola bilər ki, Paşinyan belə bir müraciəti edib. Biz bu məsələdə qardaş Türkiyənin aydın bir mövqe tutduğuna, dəqiq informasiya verdiyinə şübhə etmirik. Türkiyənin təcrübəsində yalan məlumat vermək faktoru yoxdur. Şübhəsiz ki, Ermənistan yardımla bağlı Türkiyəyə müraciət edib. Bu, Ermənistanın təcrübəsində atdığı ilk addım deyil. Dəfələrlə ayrı-ayrı mövzularda məlumatlar verilib, daha sonra bunlar təkzib edilib. Yəqin ki, Paşinyan bundan sonra daxili təzyiqlərlə üzləşib və geri çəkilməyə məcbur olub. Bu, Ermənistanın daxili təzyiqləri olmaya da bilər. Ermənistanın ənənəvi himayədarlarından təzyiqlər ola bilər ki, Türkiyədən belə bir yardım istənilməsin.
- Bizi düşündürən bir sual da budur ki, niyə İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu Türkiyədə yaşayan digər etnik xristianları yox, məhz erməniləri Pasxa bayramı münasibətilə təbrik etdi?
- Məlumdur ki, Türkiyədə Xristian dininin müxtəlif təriqətlərinə mənsub olan insanlar yaşayırlar. Hətta qriqoryan ermənilərinin Türkiyədə ortodoks kilsəsi var. Amma bu təriqətlər Pasxanı ayrı-ayrı günlərdə keçirsələr də, dini bir məsələdə milli faktoru önə çəkmək gülünc görünür. Təsəvvür edin ki, ABŞ Prezidenti Donald Tramp Ramazan bayramı münasibətilə Amerikada yaşayan müsəlmanları öz milli kimliklərinə görə təbrik edir. Məsələn, İndoneziya müsəlmanları, Səudiyyə Ərəbistanı müsəlmanları. Bu, belə olsaydı, gülüş doğurardı, absurd görünərdi.
Əlbəttə, burda erməni faktorunun vurğulanmasında bir neçə faktor ola bilər. Məsələn, İmamoğlunun seçki kampaniyasında İstanbulda yaşayan ermənilər fəal şəkildə iştirak edə bilərdilər. Başqa bir amil, İstanbuldakı erməni iş adamları ilə bağlı ola bilər, onların bu şəhərdə müəyyən vəsaitləri var. İmamoğluna da biznes sektorundan ciddi dəstək verilmir. Görünür, o, erməni iş adamlarını İstanbulda keçirmək istədiyi layihələrə cəlb etmək niyyətindədir. Digər amil isə onun təkcə bələdiyyə başqanı postu ilə kifayətlənmək istəməməsi ilə bağlı ola bilər. Görünür ki, qarşısına daha böyük məqsədlər qoyub və hər kəsin güldüyü bir mesajı verməklə, erməni diasporunun dəstəyini qazanmağa çalışır.