15 Aprel 2020 15:38
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 14-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda separatçı rejim saxta prezident seçkilərinin II turunu keçirib. Məlumatlara görə, “seçkilərin” nəticəsi olaraq Araik Arutynyan Qarabağ separatçılarının başına keçib. Ancaq bu seçkilər beynəlxalq birlik və ayrı-ayrı dövlətlər tərəfindən rədd edilib.

Teleqraf.com xatırladır ki, ötən gün videokonfran vasitəsilə müşavirə keçirən Azərbaycan Prezidenti İlham Əliyev də separatçıların nəzarətində olan tarixi Azərbaycan torpaqlarında keçirilən saxta seçkilər haqqında danışarkən qanunsuz xunta rejimini heç kim tanımadığını deyib.

Prezident xatırladıb ki, dünyanın öndə gələn bütün beynəlxalq təşkilatları və dövlətlər bu seçkiləri tanımadığını açıqlayıb. Beləcə bir daha göstərilib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Separatçıların saxta seçkiləri və ciddi beynəlxalq reaksiyanı Teleqraf.com-a şərh edən hüquq eksperti Fərhad Mehdiyev bildirib ki, dünyanın öndə gələn beynəlxalq qurumları və dövlətləri Qarabağdakı separatçı rejimin keçirdiyi “seçkiləri” tanısaydı, deməli, həmin saxta rejimi “dövlət” kimi tanımış olardılar. Onun sözlərinə görə, saxta seçkilərə göstərilən mənfi reaksiya sübut edir ki, dünyanın Qarabağı müstəqil dövlət və ya Ermənistanın ərazisi kimi tanımaq niyyəti yoxdur: “Bu dövlətlərin və qurumların çoxu Azərbaycanın tərəfindədir. Bəziləri isə açıq formada Azərbaycanın tərəfini tutur və bilirlər ki, başqa formada reaksiya münaqişənin həllinə dair danışıqlar prosesinə müdaxilədir. Beynəlxalq reaksiyalar göstərdi ki, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır və qəbul edilir”.

Mütəxəssis qeyd edib ki, “seçkilərin” beynəlxalq səviyyədə iflasa uğrayacağını bildikləri təqdirdə Qarabağ separatçılarının buna getməsinin bəlli səbəbləri var: “Onlar hansısa formada idarə olunmalıdır. Bu səbəbdən də dünyanın rədd etdiyi saxta seçki keçiriblər. Məsələnin başqa tərəfi odur ki, ermənilər Azərbaycanla konsensusa getmək istəsəydilər, onsuz da Azərbaycan onlara ən yüksək muxtariyyət verməklə özünüidarə formasını tanıyacaqdıq. Bu, daha mükəmməl və demokratik proses olardı. Bu mənada indi dünyanın orada keçirilən “seçkiləri” tanımaması doğru addımdır”.

Fərhad Mehdiyev əlavə edib ki, indiki mərhələdə NATO, ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu qurumların separatçı bölgədəki seçkiləri tanımaması Azərbaycan dövlətlərinin maraqlarına uyğundur. Bunu Azərbaycan diplomatiyasının fəal işinin nəticəsi kimi də qiymətləndirmək olar:

“Belə məsələlər işçi formada həll olunur. Məsələn, Qoşulmama Hərəkatının iclası keçiriləndə gündəlik müəyyən edilir. Tərəflərdə gündəliyə salmaq üçün təklifləri olur. Azərbaycan tərəfi də çıxış edərək deyir ki, bu məsələyə baxılsın və beynəlxalq hüquq mövqeyindən qiymətləndirilsin. Bu mənada sözsüz ki, Azərbaycan tərəfi də iş aparır və bunda haqlıdır. İndiki halda faktiki ermənilərin heç bir beynəlxalq dəstəyinin olmadığı üzə çıxdı”.


Müəllif: Cavad

Oxşar xəbərlər