Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirəyə baxdım və dövlət başçısının nitqini diqqətlə dinlədim. 2020-ci ilin birinci rübündə ölkəmizdə islahatlar dərinləşdirilib və bütün sahələrdə inkişafa nail olunub.
Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.
O qeyd edib ki, dünyada yaranan, lakin bizə də zərəri dəyən koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan hakimiyyəti digər ölkələrə nümunə ola biləcək önləyici addımlar atıb: “Ölkədə karantin rejimi tətbiq olunub, sosial baxımdan həssas təbəqələrə yardımlar edilib, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və bu fonda vəsaitlər köçürülüb. Hesab edirəm ki, cənab prezidentin rəhbərliyi altında Azərbaycan hakimiyyətinin koronavirus pandemiyasına qarşı gördüyü tədbirlər ilk növbədə xalqımızın sağlamlığının qorunmasına yönəlib”.
Musa Qasımlı bir məsələni xüsusi vurğulamaq lazım olduğunu deyib: “Bu da ondan ibarətdir ki, koronavirus pandemiyasının yayıldığı bir zamanda ölkəmizdə cənab prezident tərəfindən bəzi müəssisələrin açılışı oldu. Düşünürəm ki, biz bu vəziyyətdən minimum itki ilə çıxacağıq. Dövlətimiz özündən asılı olan hər şeyi edir, amma çox şey vətəndaşlarımızın məsuliyyətli davranışından asılıdır”.
Millət vəkili daha sonra dövlət başçısının müşavirədə Avropa Şurası ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:
“Müşavirədə cənab prezidentin Avropa Şurasının mövqeyi ilə bağlı səsləndirdiyi fikirlər bütün gerçəklikləri çılpaqlığı ilə əks etdirir. Eyni zamanda Avropa Şurasının iç üzünü, ikili standartlarını təsdiq edir. Necə ola bilər ki, Avropa Şurası Parlament Assambleyası Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərində süni şəkildə yaradılmış rejimdə keçirilən qondarma seçkilərə münasibət bildirmir? Bu, riyakarlıqdan başqa bir şey deyil. Azərbaycana gəldikdə isə Avropa Şurası sonu görünməyən böhtanlar dolu bəyanatlar verir, qiymətləndirmələr aparır. Hesab edirəm ki, Avropa Şurasının Azərbaycana hər hansı bir tövsiyə vermək, üzvlərinin məruzəçi olmaq üçün mənəvi haqqı yoxdur”.