Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” məruzəsi dinlənilib.
Teleqraf.com-un məlumatına görə, məruzəni Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
O qeyd edib ki, 2019-cu il ərzində Ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 80 min 261 (ötən illə müqayisədə 11 faiz çox) bələdiyyə aktı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1796 akt hüquqi ekspertizadan keçirilib. Nəticədə 77 min 427 (96,6 faiz) akt qanunvericiliyə uyğun hesab edilib.
V.Zahirov qeyd edib ki, 2019-cu ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətinin vaxtında təqdim edilməməsinə və araşdırılmasına maneçilik törətdiyinə görə bələdiyyələrin 131 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 19 protokola isə baxılmaqdadır.
Azərbaycanda ötən il bələdiyyə aktlarına inzibati nəzarətin həyata keçirilməsi və müraciətlərə baxılması nəticəsində qanunsuz olduğu müəyyən edilmiş 305 hektar torpaq sahəsinin mülkiyyətə, 6664 hektar torpaq sahəsinin icarəyə, 50 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında bələdiyyə aktları Ədliyyə Nazirliyinin təltifləri və iddiaları əsasında bələdiyyələr tərəfindən ləğv edilib və məhkəmələr tərəfindən etibarsız sayılıb.
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.