Koronavirusa görə cəmiyyətdə artan gərginlik hər kəsə sirayət edir. Belə vəziyyətdə millət vəkillərinin demək istədiyi, eyni zamanda seçicilərinin qaldırdığı məsələlər var. Bu mənada parlamentin iclasında 30 dəqiqəlik cari məsələlərin müzakirəsi olmayanda qanun layihələri bir kənarda qalır, çıxış edən deputatlar öz fikirlərini səsləndirirlər. Məncə, cari məsələlərin müzakirəsini bərpa etmək lazımdır ki, deputatlar onları və seçicilərini maraqlandıran məsələlər haqqında danışsınlar.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə Cinayət Məcəlləsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev dedi.
Millət vəkili “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” məsələsinin müzakirəsi zamanı bu sözləri qeyd etdi:
“Mən təkidlə söz istəyirdim, siz vermədiniz. Hesab edirəm ki, bizim nizamnaməyə görə, millət vəkili çıxış etməkdə təkid edirsə, ona şərait yaradılmalıdır”.
Bələdiyyələr haqqında danışan Q. Həsənquliyev dedi ki, məsələnin mahiyyətinə toxunulmayıb:
“Bələdiyyələrin statusu, maliyyə mənbələri azdır. Reklamı onların əlindən aldıq. Bələdiyyələrə vergilər ödənilmir. Fikrimcə, məsələnin mahiyyəti burdadır”.
Cinayət Məcəlləsinə dəyişikliklər barəsində danışan deputat bildirdi ki, dəyişikliklər edərkən baxmalıyıq ki, cəmiyyətdəki müvafiq sahədə mövcud olan ictimai-siyasi münasibətləri tənzimləyən qanun hansı məsələlərə xüsusi diqqət etməlidir:
"Ən əsası cənab Prezidentin də çıxışı zamanı qeyd etdiyi kimi rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsidir. Artıq bir çox vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Bəlli olub ki, onlar çox sayda digər vəzifəli şəxslərdən rüşvət alıblar. Amma rüşvət verənlər cinayət məsuliyyətinə cəlb olunmur. Cinayət Məcəlləsində yazılır ki, rüşvət verən şəxs bu haqda məlumat verirsə, məsuliyyətdən azad olunur. Hesab edirəm ki, bu normadan çıxarılmalıdır. Əks halda hamı düşünər ki, mən rüşvət verəcəyəm, əgər cinayətkar niyyətim baş tutmasa, gedib hüquq mühafizə orqanlarına məlumat verəcəyəm, pulumu geri alacağam və məsuliyyətdən də azad olunacağam. Odur ki, bəzi hallarda vətəndaşlar vəzifəli şəxsləri də yoldan çıxarırlar. Düşünürəm ki, 312-ci maddəyə baxmalıyıq.
Digər mühüm məsələ dələduzluqla bağlıdır. Bizdə xeyli vətəndaşı dələduzlar aldadır ki, pul verin, iş görüm, qarşılığında sizə daha çox pul ödəyəcəyəm. Və yaxud borc alıb qaytarmırlar. Bizdə çox halda hüquq mühafizə orqanları dələduzluqla bağlı cinayət işi qaldırmırlar. Yəni bu kimi halların sayı o qədər çoxdur. Bunun üçün yazmalıyıq ki, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində bağlanmayan vədlərə görə, cinayət təqibi qadağan edilir. Başqa sözlə, vətəndaşlar bilməlidir ki, borc müqaviləsini rəsmi şəkildə təsdiq etmirsə, gələcəkdə digər şəxsi cinayət hüquqi qaydasında təqib etdirə bilməyəcək. Məsələlərə köklü yanaşmalıyıq ki, problemləri də köklü şəkildə aradan qaldıra bilək".
Deputat ədalət mühakiməsinin əleyhinə olan cinayətlər mövzusunu da gündəmə gətirmək istədiyini qeyd etdi:
"Əvvəllər də bu barədə məsələ qaldırmışam. Qanunsuz qətnamə, qərar və hökm çıxaran hakimə 300 manatdan 500 manata qədər cərimə və yaxud 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Düzdür, azadlıqdan məhrumetmə ilə bağlı ağırlaşdırıcı hal var. Bəs qətnamələrlə bağlı? Biz doğurdan da hakimlərin cinayət məsuliyyətini artırmasaq, heç kəs investisiya qoymayacaq. Hakim də bilir ki, uzağı onu 300 manat cərimə edəcəklər. Amma burada söhbət böyük rüşvətdən gedir. Hesab edirəm ki, biz, bu məsələyə də baxmalı, ədalət mühakiməsinin əleyhinə olan, xüsusilə hakimlərin qanunsuz qərar və qətnamə çıxarmalarına görə məsuliyyəti həddən artıq sərtləşdirməliyik. Ümumən, konseptual baxımdan dəyişikliklər ediriksə, bu məsələləri nəzərə almalıyıq".
Millət vəkili sonda həmkarı Erkin Qədirlinin xuliqanlıqla bağlı toxunduğu məsələ ilə əlaqədar da fikir bildirdi:
"Mən də hesab edirəm ki, xuliqanlıq inzibati xəta hesab edilməlidir. Əgər xuliqanlıq zamanı silah və ya başqa vasitədən istifadə edilirsə, buna görə şəxs ayrılıqda cinayət məsuliyyətinə cəlb oluna bilər”.