“Azərbaycan koronavirus pandemiyasının fəsadlarının ən az siraət etdiyi ölkələrdəndir. Bu nəticə isə Azərbaycan prezidenti və dövlətinin vaxtında virusun yayılmasının qarşısının alınması üçün atdığı qabaqlayıcı addımlar nəticəsində mümkün oldu”.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan dünyanın çox az ölkələrindən biridir ki, koronavirusla mübarizəyə hələ yanvar ayından başlayıb:
“Yanvar-fevral aylarından etibarən pandemiyanın tüğyan etdiyi ölkələrlə nəqliyyat əlaqələri dayandırıldı. Mart ayının əvvəlindən isə sosial xarakterli önləyici tədbirlər görüldü - məktəblər bağlanıldı, vətəndaşların pandemiyanın geniş yayıldığı ölkələrə səfərləri dayandırıldı. Sonrakı mərhələdə karantin, aradınca xüsusi karantin rejimlərinin tətbiqi virusun ölkəmizdə özünə geniş yer tapmasını əngəllədi, ölüm hallarının az olmasına səbəb oldu. Hesab edirəm ki, əhalinin pandemiyadan müdafiəsi üçün həyata keçirilən çoxşaxəli fəaliyyət Azərbaycan vətəndaşının ölkə başçısına və dövlətinə etimadını artırdı.
Koronavirusun yayılmasının ilk günlərində bütün dünyada törətdiyi fəsadlar haqda məlumatların mənfi təsirləri Azərbaycan vətəndaşlarından da yan keçmədi. Artan narahatlıq qorxu və həyacanla müşahidə olundu. Amma Prezident İlham Əliyevin xalqa müraciətləri, sosial layihələrin həyata keçirilməsi xüsusi karantin rejimində olan və iş yerlərinin bağlanılmasından narahat olan vətəndaşları sakitləşdirdi. Nə qədər təhlükəli proses olsa belə, hər şeyin dövlətin nəzarəti altında olmasından qaynaqlanan əminliyi sıravi Azərbaycan vətəndaşlarının narahatlığını aradan qaldırdı, gələcəyə güvənini artırdı.
Bunun sübutunu artıq bir neçə həftədir sıravi vətəndaşların Prezident İlham Əliyevə ünvanladığı təşəkkür məktublarından aydın görmək olur. Ölkənin müxtəlif şəhər, rayon və kəndlərindən göndərilən vətəndaş məktublarında həyata keçirilən tədbirlərin səmərəliliyindən qaynaqlanan məmnuniyyət ifadə olunur”.
Yeganə Hacıyeva bildirib ki, cəmiyyətin ölkə rəhbərinə və dövlətə artan etimadından qıcıqlanan və bu səbəbdən də karantin rejimini sobataj etmək istəyən radikal qüvvələr də özünü göstərməyə çalışır:
“Biz, bu günlərdə çox sayda “psevdo xeyriyyəçi”lərin dayanmayan təbliğatının və cəmiyyət arasında bu “psevdo xeyriyyəçi”lərə hörmətin “becərilməsi” cəhdlərinin şahidi olduq. Bu təbliğatın əsasında isə cəmiyyətin ölkə başçısı və öz dövlətinə olan etimadının sarsıdılmasına hesablansa da, onların getdikləri yol heç arpa boyda da olmadı. Cəmiyyət kimin kim olduğunu, kimin nə etdiyini və kimin yanında dayanmağın lazım olduğunu çox gözəl bilir. Bu səbəbdən də o radikal qüvvələrin səpdiyi nifrət toxumları cücərmədən öz qabıqları altında çürüdü.
İnanıram ki, koronavirus pandemiyası planetimizə gəldiyi kimi də gedəcək, bu ağır günlər bitəcək, həyat əvvəlki axarına dönəcək. Lakin rəhbəri olduğu xalqı, başçısı olduğu dövləti var gücü ilə qoruyan liderləri vətəndaşlar, cəmiyyətlər heç vaxt unutmayacaq və həmişə onların ardınca gedəcək. Bu baxımdan düşünürəm ki, Azərbaycan koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparan ən nümunəvi ölkələrdən biridir. Son günlərdə əldə edilən uğurlar, yoluxanların və ölənlərin sayının azalması bunun bariz nümunəsidir”.