20 Aprel 2020 17:23
4 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sovet sosializmi ölməyə layiq idi. Çünki səmərəsiz sistem idi, onun başında xalq, əqidə və məsləkə yad insanlar oturmuşdu. Sonra Lenin də yaddan çıxdı, Stalin də... Çünki əqidə, kommunizmə sədaqət yox idi, Sovet hakimiyyəti də xalqa sədaqətli deyildi. Orada yalnız riyakarlıq var idi”.

Politoloq Zərdüşt Əlizadə belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Rusiya Prezidenti Putin iddia edir ki, post-sovet məkanında SSRİ-nin yenidən qurulmasını istəyənlərin sayı çoxalır. Bu fikri də o yöndə müzakirə yaratdı ki, Putin çökmüş Sovet İttifaqını yenidən diriltmək istəyir. Sizcə, bu gün SSRİ-nin yenidən bərpası üçün tarixi və geosiyasi zəmin varmı?

- Putin yalan danışır, olmayan bir şeyi deyir. Bəli, vaxtilə SSRİ-nin bərpasını istəyən hansısa qüvvələr var idisə, indi bunu istəyən heç bir ciddi qüvvə yoxdur. Hətta özü fikir versin ki, Rusiya və Belarus arasında İttifaq Dövlətinin yaradılmasına dair müqavilə imzalanmışdı. Amma bu gün Rusiya və Belarus arasındakı münasibətlər kəskinləşir, bir-birindən uzaqlaşmağa başlayıblar. Belarus artıq yeni siyasi istiqamətdə hərəkət edir. Buna görə də Putinin dediyi sözlər tamamilə yalandır. Bəli, vaxtilə xalqlar SSRİ-nin qalmasını istəyirdilər, yenidən dəyişməsini arzulayırdılar. İstəyirdilər ki, çoxpartiyalılıq olsun, xüsusi mülkiyyət olsun, iqtisadiyyat səmərəli olsun, mənasız qadağalar ləğv edilsin, azad seçki və müstəqil məhkəmə olsun, amma olmadı. Bunun əvəzinə SSRİ-ni dağıtdılar, sosializmin yerində guya bazar iqtisadiyyatı, əslində isə eybəcər, feodal düşüncəsinə əsaslanan bir sistem qurdular.

Nəticədə yüksək inkişaf etmiş iqtisadi sərhədlərdə aciz, asılı və zəif iqtisadiyyatlar əmələ gəldi. Beləliklə, keçmiş ittifaq respublikaları bir-birindən uzaqlaşdı. Artıq bu dövlətlər müstəqildir, öz tərəfdaşları, beynəlxalq iqtisadi sistemdə öz yerləri var, beynəlxalq qurumların üzvləridir. Buna görə də SSRİ-nin bərpasından söhbət gedə bilməz. Sadəcə olaraq, Putinin deməyə sözü yoxdur, dalay-dalay deyir. Son zamanlarda Putinin Rusiya daxilindəki hörməti sürətlə aşağı düşür. Özü də nə etdiyini bilmir, hakimiyyətini uzatmaq istəyir, amma bunu da edə bilmir. Bəlkə də fikirləşir ki, hakimiyyətini belə sözlərlə uzada biləcək.

- Amma bir tərəfdən də o mülahizələr yürüdülür ki, koronavirus pandemiyası böyük güclər arasında dünyanın yenidən bölüşdürülməsi prosesini sürətləndirəcək. Bu baxımdan, Putinin bu açıqlaması bir mesaj kimi də başa düşülür.

- Pandemiyadan əvvəl də qloballaşma prosesi dalana dirənmişdi. O demək deyil ki, qloballaşma mənfiydi, belə deyil. Yüksək elmi inkişaf şəraitində qloballaşma obyektiv bir proses idi. Amma kapitalizm sistemi tükənib. Ciddi alimlər baş verənləri təhlil edirlər, öz fikirlərini irəli sürürlər, amma bunlar hakim qüvvələrin veclərinə deyil. Buna baxmayaraq, kapitalizmin tükənməsi artıq danılmaz həqiqətdir. Artıq kapitalın gəlir gətirməsi sistemi işləmir. Məsələn, İsveçrə kimi inkişaf etmiş ölkələrdə bank faizlərindən gəlir götürənlər var. İndi inkişaf etmiş ölkələrdə gəlir faizi kapitalı çox aşağıdır. Həmin ölkələr faciə ilə üzləşiblər, artıq faizlər gəlir gətirmir, gəlir kapitalı işləmir. Məsələn, böyük neft gəlirlərinə baxmayaraq, Rusiya iqtisadiyyatı inkişaf etmir. Elə ölkələr də var ki, dövlət neftdən böyük gəlirlər qazanır, amma buna baxmayaraq, həmin dövlətin vətəndaşları ən kasıb ölkələrin vətəndaşları qədər gəlir əldə edirlər. Yəni kapitalist sistem işləmir.

- Bəs kapitlizmin yerinə hansı yeni sistem bərqərar ola bilər?

- Ola bilsin ki, yeni əsaslarla demokratik sosialist sistemlərə keçməyin vaxtı çatıb. Dünya ehtiyatları tükənməz və sonsuzdur, bu baxımdan da, təbiətə zərər verməyən, yeni dövrün şərtlərinə uyğun iqtisadi sistem yaratmaq mümkündür. Dünyanın ən ciddi elm adamları da bu fikirləri dillərinə gətirirlər. Bu da demokratik sosializm ola bilər ki, əlbəttə, bu əbləh SSRİ, yaxud qorxunc Şimali Koreya və Kuba sosializmi deyil. Bu, İsveçdəki sosializmə yaxın bir model olacaq. Həmin model mülki, iqtisadi, siyasi azadlıqlar olmaq şərtilə mümkündür. Bunun üçün də iqtisadiyyat planlı şəkildə qurulmalıdır. İndi bu məsələlər ətrafında müzakirələr gedir. Əlbəttə, kapitalizmin hesabına güclənən siyasi qüvvələr indiki ədalətsiz sistemin qalmasını istəyirlər, nəticədə də xalqları getdikcə kasıblaşır.

Məsələn, təxminən 145 milyon əhalinin yaşadığı Rusiyada cəmi 5 milyon insan varlıdır, yerdə qalanı kasıb. Orta Asiya və dünyanın əksər ölkələrində vəziyyət eynidir. Avopanın özündə də, orta sinif əriyib yoxa çıxır, kasıblaşma gedir. Habelə Amerikada. Məsələn, Bezosun 150 milyardı var, amma nə qədər amerikalı dövlətin yardımı hesabına yaşayır. Bu bir faktdır ki, bazar iqtisadiyyatı adlanan müasir iqtisadi sistem ədalətsizdir və bunun dəyişdirilməsinin vaxtı gəlib çatıb. Amma bunun necə olacağı naməlum olsa da, heç kəs istəməz ki, qanlı inqilablar yolu ilə olsun. Bu baxımdan, proses qlobal dünyanın müxtəlif iqtisadi zonalara bölünməsi yolu ilə ola bilər. Bu da dollar dövrünün başa çatması deməkdir və dollar dövrü sona çatır. Vaxtilə qızıla söykənən dollar sonra neftə dayaq tapdı. İndi isə neft artıq gəlir gətirmir. Gündə 100 milyon barel təklif edilir, amma 70 milyon barel tələb var. Yəni yerdə qalan 30 milyon barel heç kəsə lazım deyil.

Dünyanın neft bazarlarında neft ixrac edən ölkələr arasında güclü rəqabət var, amma onlar özlərinə alıcı tapa bilmirlər. Hansı ölkədə ki, neft hasilatının həcmi yüksəkdir, o iflas qarşısında qalıb. Məsələn, Rusiya, Səudiyyə Ərəbistanı... Rusiyada neft çıxarmaq baha başa gəlir, satışdan gəlirlərin azaldığını da nəzərə alsaq, bunun Rusiya üçün nə demək olduğu məlum olur. Rusiyanın 180 min quyusu var, indiki vəziyyətə görə ən az 80 min quyunun fəaliyyətini dayandırmalıdır. İndi də Rusiya əlində qalmış nefti ən aşağı qiymətlərə satmaq istəyir. Başqa sözlə, neft-dollar dövrü arxada qalır.

- Yəni Amerika modeli sıradan çıxır?

- ABŞ-ın Dövlət Fondu 22 trilyon dollardan yuxarıdır, bu şərtlər daxilində il ərzində bu rəqəmin ödənilməsi qeyri-mümkündür. Buna görə də, dolların yerinə başqa bir maliyyə sistemi fikirləşirlər. Düzdür, Amerikanın hərbi qüvvəsi böyükdür, amma dünyanı idarə etməkdə acizdir. Amerika modeli işləmir, belə bir model dünyaya örnək ola bilməz. Rus, Çin modelləri, ümumiyyətlə, indi mövcud olan heç bir model işləmir.

Məsələn, ətrafındakı ölkələr – Yaponiya, Cənubi Koreya, Monqolustan, Hindistan Çini istəmirlər. Yəni Çinin hegemonluğu ilə bu bölgədə hansı bir birlik yarana bilər? İndi keçmiş SSRİ məkanındakı respublikalardan heç biri bərbad gündə olan Rusiyanın hegemonluğu ilə bir ittifaqın qurulmasını istəməz. Çünki rus xalqının özü Putini istəmir, ondan yaxa qurtarmağa çalışır. Ukraynanın özü Rusiyaya nifrət edir. Nə azərbaycanlılar, nə də ermənilər Rusiyanı sevir. Rus mədəniyyətini sevirlər, amma Rusiyanın siyasi quruluşuna nifrət edirlər.

Avropanın özü də dərin böhran içindədir. Avropa İttifaqı mürəkkəb məsələlərin həllində acizdir. Məsələn, Avropa İttifaqı pandemiya dönəmində tam aciz oldu. Eyni zamanda, nə Afrika, nə də Latın Amerikasında liderliyi öz üzərinə götürəcək dövlət var. Buna görə də, dünya alternativlər axtarışına çıxıb. Amma bu Rusiyanın rüşvətxor və korrupsioner sosializmi yox, yeni əsaslarla qurulacaq demokratik sosilizm olacaq.

- Bəs bu dəyişiklik hansı yolla ola bilər: təkamül, inqilablar, yoxsa yeni modeli dəstəkləyən böyük güclərin hərbi müdaxilələri ilə?

- Bunun inqilablarla olacağını düşünmürəm. Çünki böyük sarsıntılar onsuz da, bərbad vəziyyətdə olan ölkələrin vəziyyətlərini bir qədər də ağırlaşdıra bilər. Bu baxımdan, post-sovet məkanında da vəziyyət ürəkaçan deyil. Məsələn, Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün olmur. İki xalqa bir araya gəlib münaqişəni həll etməsinə imkan vermirlər, Rusiya da bir tərəfdən bu vəziyyətdən istifadə edir. Bu xalqlarda problemlərə tarixi aspektdən baxan, yəni dərindən görən və qiymətləndirən müxalif siyasi qüvvələr də yox dərəcəsindədir. Azərbaycanın ənənəvi müxalifəti bərbad haldadır, zəka potensuialı sıfıra bərabərdir. Onlar yalnız hakimiyyətlərini qaytarmaq, itirdikləri vəzifələrini tutmaq istəyirlər. Onların alternativləri də yoxdur.

Bəziləri deyirlər ki, gəlin demokratik Qərb kimi olaq. Amma onlar demokratik Qərbin dərin böhran içində olduğunu görmürlər. Qərbin özü içinə düşdüyü çətin durumdan çıxış yolu axtarır. Təəssüf ki, Azərbaycan müxalifətinin baş verənləri görmək və qiymətləndirmək baxımından zəka potensialı yüksək deyil. Cəmiyyətin özünün də siyasi şüuru aşağıdır. Vaxtilə kommunistlər xalqa siyasi şüarları qadağan edib başını cəfəngiyyatla doldururdu, nəticədə siyasi böhran yarananda xalqın arxasında kimsə dayanmadı, Azərbaycan Kommunist Partiyası bağlananda xalq buna biganə yanaşdı. Həmkarlar Təşkilatları yox idi, kommunistlər bunu da axtalamışdılar. Odur ki, bu siyasi qərarların qəbulunda fəhlə sinfi iştirak etmədi. Zavodlar bağlananda da səslərini çıxara bilmədilər, çünki döyüşkən və peşəkar siyasi təşkilat yox idi.

O zaman aparıcı qüvvə Xalq Cəbhəsi idi. Xalq Cəbhəsinə də tam səviyyəsiz, nadan adamlar rəhbərlik edirdi. Tarixi prosesin hara getdiyini qanmadılar. Müxalifət indi də bu gündədir. Bir də görürsən, deyirlər ki, bizim yolumuz Avropa yoludur. Əşşi, Avropanın yolu tamam başqadır. Elə bil, bir qız kəndin ortasında oturub bir ingilis şahzadəsinin gəlib onu almasını gözləyir. Niyə gəlib səni almalıdır ki?

Biz Avropaya lazım deyilik, biz Azərbaycana lazımıq. Biz öz ölkəmizin taleyi haqda düşünməyi bacarmalıyıq, xam xəyallara qapanmaq lazım deyil.

- Bəs kommunizm niyə qloballaşa bilmədi? Söhbət SSRİ-nin yaratdığı modeldən gedir, heç ittifaqın əhatə etdiyi respublikalarda da, izi-tozu qalmadı.

- Əgər bir siyasi sistem öz davamlılığını istəyirsə, cəmiyyətlə əlaqə qurmalıdır. Əgər cəmiyyət dəyişiklik istəyirsə, bu dəyişiklik olmalıdır. Sovet hakimiyyətində isə bu əlaqə yox idi. Sovetin siyasi zümrəsi, ümumiyyətlə, sadə xalqın nə istədiyini bilmək istəmirdi. Bunu deyən adamları da həbs edirdilər. Belə quruluşların axırı yoxdur, dağılmağa məhkumdurlar. Çünki əks-əlaqə yoxdur. SSRİ aşağıdan yox, yuxarıdan gələn göstərişlərlə dəyişirdi. Halbuki aşağıdan gələn göstərişlərlə dəyişsəydi, sonu belə acınacaqlı olmayacaqdı. Qərb demokratiyası ona görə uzunömürlüdür ki, işarələr yuxarıdan yox, aşağıdan gəlir.

Yəni Sovet sistemi ona görə səmərəsiz idi ki, aşağıdan işarə və ya əks-əlaqə yox idi. Bu sistemin əsas mahiyyətdir ki, bu da sovetin siyasi zümrəsində yox idi. Bir dəstə adam başda oturmuşdu: qurultayı da özləri keçirir, çıxışları da özləri yazırdı, aşağıdan sərbəst danışmaq da qadağan idi, əl çalmaq da göstərişlə idi. Belə bir sistem də dağılmalı idi və dağıldı da.

- Yəni kommunizm müsbət bir ideologiya deyil, yoxsa...?

- Əslində kommunist ideyalar özülündən müsbətdir, əmək insanlarının bərabərliyi, qardaşlığıdır. Bəli, yaxşı idi, o ideyaya sadiq olan insanlar yeni hakimiyyətə gələndə bu quruluş böyük uğurlar qazanırdı. Amma sonradan öz şəxsi rifahını, cibini düşünən adamlar yuxarılara doluşdular, onlar da istəmədilər ki, xalqın bacarıqlı övladları xalqa xidmət etsinlər, istədilər ki, özlərinə xidmət etsinlər. Buna görə də cəmiyyətlə əks-əlaqənin qurulmasına imkan vermədilər. Nəticədə 18 milyon üzvü olan bir partiya “alkaş” Yeltsinin bir imzası ilə ləğv olundu. 18 milyondan bir nəfəri çıxıb öz partiyasını müdafiə etmədi.

Sovet sosializmi həqiqətən də ölməyə layiq idi. Çünki səmərəsiz sistem idi, onun başında xalq, əqidə və məsləkə yad insanlar oturmuşdu. Sonra Lenin də yaddan çıxdı, Stalin də... Çünki əqidə, kommunizmə sədaqət yox idi, Sovet hakimiyyəti də xalqa sədaqətli deyildi. Orada yalnız riyakarlıq var idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər