İndi bəzi beynəlxalq güclər başlayıb Çini barmaqla göstərməyə. Pekinə açıq deyirlər ki, dünyanı bu boyda zibilə saldığın üçün hesabat verməli olacaqsan. İtaliya kimi dövlət də deyir ki, ən pis günümdə Avropa Birliyindən yardım ala bilmədim.
Bəzi ölkələr isə onun sərhədlərindən üçüncü ölkəyə gedən tibbi avadanlıqları müsairə edib. Başqa sözlə, koronavirus epidemiyasının dünya dövlətləri arasında əməkdaşlığı gücləndirdiyi haqda fikirlər birmənalı deyil. Kimsə kiməsə kömək əlini uzadır, həmrəylik nümayiş etdirir. Amma büz-üzə qoyduğu ölkələr də var. Hesab edirəm ki, bu pandemiyanın sonra bir razborkası da olacaq.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
Siyasi şərhçiyə görə, söbət sadəcə Çindən getmir: “Bunu necə ediblər, nədən virus bütövlükdə dünyaya yayılıb. Bunlar ciddi məsələlərdir. Ümumi hesabla koronavirus qlobal iqtisadiyyata 8-9 tirlyon dollar zərər vurub. Bu elə-belə keçiləcək məsələ deyil”.
Müsahibimiz əlavə edib ki, pandemiya Vaşinqton-Tehran münasibətlərində sərinləşdirici rolunu oynaya bilməz: “Düzdür, ABŞ Prezidenti Donald Tramp bildirdi ki, İrana süni tənəffüs aparatları çatdırmağa hazırdırlar. Amma biz bilirik ki, bunların hamısı təbliğatdır. Sən İrana qarşı sanksiyaların götürülməsinin əleyhinə çıxış edirsən, Beynəlxalq Valyuta Fondunun Tehrana kredit ayrılmasının əleyhinə gedirsən və sonra da elan edirsən ki, İrana lazım olsa süni nəfəs avadanlıqları göndərə bilər. Bəli, ABŞ indi bu avadanlığı artıqlaması ilə istehsal edir və deyir ki, yardım kimi göndərə bilərəm. İran da bəyan etdi ki, ona lazım deyil. Başqa sözlə, bunların hamısı təbliğatdır və bu ölkələri bir-birinə yaxınlaşdıra, ortada olan problemi həll edə bilməz”.