Rusiya Xarici İşlər naziri Sergey Lavrovun BMT-nin məlum qətnamələrinin izahını vermək ixtiyarı yoxdur. Bu, ölkədaxili hüququ sənəd deyil ki, ölkənin Konstitusiya Məhkəməsi onu dövlətin konstitisyon hüquq müstəvisində qiymətləndirə bilsin. Lavrov təbii ki, erməni kimi daxili “zənginliyinə” uyğun hərəkət edir, eyni zamanda beynəlxalq hüququ da erməniləşdirməyə çalışır.
Bu fikirləri Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün verdiyi bəyanatı şərh edərkən deyib.
Siyasi şərhçi diqqəti Lavrovun BMT-nin Azərbaycan torpaqlarının işğal edilməsinə dair qəbul etdiyi qətnamələri şərh etməsinə yönəldərək, bunun etik olmadığını ifadə edib: “Beynəlxalq hüquq sənədlərində hüquq müstəvisi heç vaxt sürüşkən olmur. Yəni Lavrov nə deyir-desin, BMT qətnamələrində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi tələb kimi səsləndirilir. Lavrovun nəyi necə təqdim etməsi onun öz işidir”.
C.Nuriyev Rusiyanın baş diplomatının “danışıqlarda aktiv müzakirə edilən sənədlərdə münaqişənin mərhələli həlli əksini tapıb” fikrini də şərh edib: “Əslində Rusiyanın Kazan danışıqlarında və ortaya qoyduqları layihədə Lavrov iştirak edib. Onlar mərhələlli həll deyəndə 5+2 və ya 5+1+1 mərhələsini nəzərdə tutulur. Dağlıq Qarabağın azad edilməsi məsələsini qoymurlar. Azərbaycan ətraf rayonlar azad edildikdən sonra Dağlıq Qarabağın statusu məsələsinin gündəmə gətirilməsini təklif edir, onlar isə bir qədər fərqli düşünürlər. Onların öz planı var. Lavrov bu planı gündəmə gətirməklə yenə də erməni xislətinə uyğun hərəkət edir. Bu, ATƏT-in həmsədr dövlətlərindən birinin xarici işlər naziridir. Fikrimcə, Lavrov diplomatik etikaya söykənərək bu mövzuda danışmamalı idi. Çünki həm ermənidir, həm də işğalçı tərəfindən çıxış etməklə doğru addım atmır. Bunun özü bizi kifayət qədər narazı salan məsələdir. Lavrov da bundan istifadə edərək, öz ideyasını gündəmə gətirir. Amma nəzərə almaq lazımdır ki, mərhələli həll planını Azərbaycan özünə lazım olan şəkildə gündəmə gətirmişdi. Güman edirəm ki, Lavrov diqqəti başqa səmtə yönəlidir. Başqa sözlə, mərhələli həll planını Azərbaycanın istədiyi şəkildə deyil, özünün arzuladığı formada təqdim etməyə çalışır”.