Hesab edirəm ki, pandemiyadan sonrakı mərhələdə Rusiya kimi ölkələr daha çox itirəcək. Ümumiyyətlə, iqtisadiyyatı avtoritar və inzibati-amirlik üsulu ilə idarə olunan ölkələr iqtisadi böhran zamanı daha çox uduzacaq. Yeri gəlmişkən, Çinin iqtisadiyyatının inkişaf etməsinə dair deyilənlərə ciddi yanaşmıram. Çünki Çinin iqtisadiyyatı sıfırdan başlayır və bu səbəbdən onun inkişaf faizləri yüksəkdir. Amma, bir var boş qabın içini doldurmaq, bunu sürətlə etmək olur, bBir də var dolu qaba nəsə əlavə etmək istəyirsən. Bu bir qədər çətindir.
Bu sözləri Teleqraf.com-a “Ayna-Zerkalo” qəzetinin baş redaktoru, politoloq Elçin Şıxlı "Pandemiyadan sonra kimlər daha çox itirəcək” sualına cavabında bildirib.
Onun sözlərinə görə, Çin inkişaf edir, amma koronavirusun dünyada yayılmasının səbəbkarı da Çindəki rejimdir: “Çünki bu xəstəlik barədə dünyaya iki ay gecikmə ilə xəbər veriblər. Əvvəl bunu gizlədir və deyirdilər ki, bizdə,belə şey yoxdur. Hərçənd bunu zamanında desəydilər və Ümümdünya Səhiyyə Təşkilatı da onların dediyi ilə oturub-durmasaydı, bəlkə də indi başqa vəziyyəti müşahidə edərdik. Ruslar daima deyir ki, bunun günahkarı ABŞ-dır. Lakin pandemiyadan ölən və xəstələnənlərin sayına görə ABŞ birinci yedədir. Söhbət ondan gedir ki, Çin öz şəhərini izolyasiya etdi, amma 100 minlərlə uhanlı İtaliyaya gəlmişdi. Virus barədə məlumat vaxtında açıqlansaydi, qarşısını almaq üçün tədbirlər görülərdi. Amma Çin rejimi yanvarın 20-də bunu etiraf etdi. Görün, bir problemin qarşısını almaq mümkün olduğu təqdirdə rejim nələrin baş verməsinə səbəb olub. Bəlkə də özü belə istəməyib, amma sistem elə qurulub ki, bu, baş verib".
Elçin Şıxlı bildirib ki, bir sıra ölkələr bu prosesdən çox zəif çıxacaq: "İndi deyilər, neftin qiyməti düşür və ABŞ-da neft çıxaran bəzi şirkətlər iflasa uğrayacaq. İş ondadır ki, ABŞ-ın neft sənayesi defolt olsa belə, onların ABŞ ümumi daxili məhsulunda rolu 3 faizdən artıq deyil. Yəni bu, ABŞ iqtisadiyyatı üçün heç nədir. İndi koronavirusla bağlı neft sənayesindəki problemlərin və işsizliyin qarşısını almaq üçün ABŞ 2,2 tirlyon dollar maliyyə xərcləyəcək. Rusiyanın belə maliyyəsi varmı? Təbii ki, yoxdur. Başqa sözlə, ABŞ bu prosesdən yenilənmiş formada çıxacaq. Çünki onların elm, təhsil və araşdırmalara yatırdığı maliyyə digər ölkələrdən qat-qat çoxdur. Elmə, təhsilə, inkişafa maliyyə ayıran dövlətlər bu prosesdən salamat çıxa biləcəklər. Çünki onlar pulu mənasız yerə xərcləmirlər”.