“Koronavirus ən böyük təsiri qlobal kommunikasiyaya göstərəcək. İqtisadçılar da buna diqqət edirlər ki, pandemiyadan sonra protektsionizm siyasəti yenə dirçələcək. Protektsionizm odur ki, ölkələr öz milli iqtisadiyyatlarını qoruyub saxlayacaq”.
Politoloq Fərhad Mehdiyev belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Türk mediası Suriya (Bəşər Əsəd) ordusunun İdlibi bombalamağa başladığını yazır, buna səbəb kimi də Liviyada Türkiyənin dəstəklədiyi hökumət qüvvələrinin qiyamçı Haftar birliklərinə zərbələr endirməsi göstərilir. Bu günlərdə İdlibdə aranın yenidən qarışacağı nə qədər mümkündür?
- Bu,mümkündür. Çünki Haftar Rusiya tərəfindən dəstəklənir və bu son əməliyyatları da cavabsız qoymayacaq. Bir formada buna cavab verməlidir. Məsələn, bu cavabı Liviyada olmasa da, İdlibdə verə bilər. İstisna olunmur ki, gərgin olan vəziyyət bir qədər də qızışsın.
- Yəni pandemiyanın başlaması ilə dayanan proses davam edə bilər?
- Burada söhbət əsas qüvvələrin hücuma keçməsindən gedir. Necə ki, pandemiyadan əvvəlki proses bitdi və qəbul olundusa, eyni proses bir daha ola bilər. Rusiya və Türkiyə hər nə qədər axırda razılaşsa da, türk ordusu əvvəlki mövqelərindən 7 kilometr içəri çəkilib, həmin mövqelərinə qayıtmadı. Düzdür, atəşkəsin pozulmasına cavab atəşi verdi, amma Rusiya ilə son danışıqlarda Türkiyə itirdi. Yəni pandemiyadan əvvəl dayanan proses bir daha təkrarlana bilər.
- Bəs Liviya məsələsi necə olacaq?
- Onu deyə bilərəm ki, Türkiyə Liviya məsələsində geri addım atmayacaq, Haftara qarşı əməliyyatları davam etdirəcək. Liviyanın enerji resursları, xüsusən neftlə zəngin olması buna təsir göstərir. Bu səbəbdən də, İtaliya və Avropanın digər dövlətləri Liviyada söz sahibi olmaq istəyir. Türkiyə də bu prosesdə öz gücünü göstərir. Mümkündür ki, Ərdoğan məsələyə həm də Osmanlı mirasına sahib çıxmaq istəyi çərçivəsindən baxır. Bu səbəbdən də təkrar Liviyaya qayıtmaq və oranı öz nüfuz dairəsinə salmaq niyyətindədir. Düşünmürəm ki, Ərdoğan Liviyada geri addım atacaq. Müvəqqəti bir fasilənin verilməsi mümkündür, amma geri addım atmaqdan söhbət gedə bilməz.
Əlbəttə, bununla yanaşı, İdlib məsələsi də gündəmdə qalacaq. Burada Ərdoğanın hansı formada beynəlxalq dəstək alacağı da vacibdir.
- Pandemiyadan əvvəlki prosesdə Türkiyə dəstək ala bilmədi, buna görə qaçqınlar üçün Avropa sərhədlərini açdı...
- O dönəmdə vəziyyət normal idi, indi isə pandemiyaya görə sərhədlər bağlıdır. Bu halda, sərhədləri açaraq qaçqınları Avropaya buraxsa, bu, Ərdoğanın əleyhinə olacaq. Digər yandan, Rusiyanın başı həm pandemiyaya, həm də xeyli ucuzlaşan neft məsələlərinə qarışıb. Amma buna baxmayaraq, Rusiya Əsədi qızışdırıb Türkiyənin üstünə salırsa, demək, bunu hesablayaraq edib. Çox güman ki, bu hücumlar da Rusiyanın çəkdiyi çərçivələr daxilində baş verir. İndi bu vəziyyətdə də, proseslərin Türkiyənin əleyhinə olub-olmayacağını demək çətindir, amma hesab edirəm ki, gedişat Türkiyənin əleyhinə dönməyəcək.
Ola bilsin, Türkiyə pandemiyadan əvvəlki prosesdə ona görə Pilotsuz Uçan Aparatları ilə zərbələr endirdi ki, bundan da şiddətli zərbələr endirə biləcəyini qarşı tərəfə göstərdi. Türkiyə təkcə PUA-larla keçirdiyi əməliyyatlarla Əsəd qüvvələrinə ağır zərbələr vurmuşdu.
Burada əsas məsələlərdən biri yeni hərbi əməliyyatların Türkiyə cəmiyyətində hansı təəssüratı yardacağıdır, bu məsələni də əvvəldən tənzimləmək lazımdır. Məsələn, İdlibdə yenidən 100 türk əsgəri ölsə, bu karantində olan və koronavirusla mübrizə aparan Türkiyədə necə effekt verəcək? Bunu hesablamaq lazımdır.
- Suriyanı başa düşdük, bəs Ərdoğanın Liviyda nə işi var?
- Sual da budur: Türkiyənin Liviyada nə işi var? Bu suala cavab verməkdən həmişə qaçır. Hətta Türkiyə ictimaiyyətinə də bu haqda çox şey deyilmir. Suriyada nə işlərinin olduğunu deyir və özünü haqlı göstərə bilir. Amma Liviyada baş verənləri gizli saxlayır, digər tərəfdən orada uğur əldə edə bilir, buna görə də onu Türkiyə daxilində çox da sorğulamırlar. Əgər Türkiyə Liviyada çox itki versəydi, sorğulanacaqdı. Amma itki yoxdur deyə, səsini çıxaran da yoxdur.
- Bəs koronavirus pandemiyası haqda fikriniz nədir, dünyanın mövcud reallıqlarına hansı təsirləri göstərə, nə kimi dəyişikliklərə yol aça bilər?
- Bəlli olan budur ki, dünyada ciddi iqtisadi yenilənmə olacaq. Amma pandemiyanın yaratdığı zərərlərin bərpa olunması və ya iqtisadi fəallıq dərhal bərpa olunmaycaq. Mövcud şərtlər göstərir ki, ölkələr hələ bir müddət də koronavirusla mübrizəni davam etdirəcək. Əslində koronavirus Qərb ölkələrində yaxşı idarə olunur, buna baxmayaraq, ciddi itkilər və zərərlər var. Hökumətlərin tətbiq etdiyi karantin rejimi də bu itkilərin qarşısını ala bilmədi. Əlbəttə, hökumətlər onu da bilirlər ki, indiki halda sərhədləri turistlər üçün açsa, gələn olmayacaq. Məsələn, qonşu Gürcüstanın turizmdən ciddi gəlirləri var idi.
Bütün ölkələr bu pandemiyadan təsirlənəcək. Amma koronavirus ən böyük təsiri qlobal kommunikasiyaya göstərəcək. İqtisadçılar da buna diqqət edirlər ki, pandemiyadan sonra proteksionizm siyasəti yenə dirçələcək. Protektsionizm odur ki, ölkələr öz milli iqtisadiyyatlarını qoruyub saxlayacaq. Yəni ölkələrin diqqəti milli iqtisadiyyatların inkişafına yönələcək.
- ABŞ və İngiltərə kimi dövlətlərin rəsmi ittihamları var ki, Çin əsas məlumatları dünyadan gizlədir və koronavirusun bu miqyasda yayılmasına görə məsuliyyət daşıyır. Bu ittihamlar Çin və digər ölkələrə nə vəd edir?
- Çinin müasir beynəlxalq ticarətdə çox ciddi rolu və payı var idi. Baxmayaraq ki, Çin ucuz məhsul istehsal edir, amma bu mənzərə böyük ehtimalla dəyişəcək. Çinin koronavirusdan itkiləri ilə yanaşı, müəyyən qazancları da oldu. Məsələn, xarici ölkələrin əllərində olan yerli şirkətləri ucuz qiymətlərə geri ala bildi. Bununla xariciləri Çin iqtisadiyyatından uzaqlaşdıra bildilər. İndi Avropa İttifaqı və bir sıra digər dövlətlər Çinə qarşı kompensasiya tələbləri irəli sürürlər. Bu onlara imkan verəcək ki, Ümumdünya Ticarət Təşkilatı daxilində Çinlə ticarəti azaltsınlar, yəni proteksionizmə keçsinlər. Bu beynəlxalq təşkilatda proteksionizm qadağandır. Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkələr öz milli iqtisadiyyatlarını, xarici iqtisadi oyunçulara münasibətdə xüsusi olaraq qoruya bilməzlər.
Böyük ehtimalla Çin bu ittihamlara cavab olaraq, tələb ediləcək kompensasiyaları ödəməyəcək. Bu da onlara imkan verəcək ki, Çinlə olan ticarətə əlavə vergilər tətbiq etsinlər, əlavə kvotalar gətirsinlər.
- Rusiyanın xarici işlər naziri Lavrov çıxışında Qarabağ ətrafındakı rayonların qaytarılmasının vacibliyindən danışdı. Yaxın gələcəkdə bu istiqamətdə dəyişikliyin şahidi ola bilərikmi?
- Bunu Putinin “SSRİ bərpa olunmalıdır” bəyanatı ilə izah edərdim. Onlar çox yaxşı başa düşürlər ki, Azərbaycanı bu formata qaytarmaq üçün Dağlıq Qarabağı qaytarmaq lazımdır. Qarabağ olmasın, ən azı ətraf rayonlar qaytarılmalıdır. Onsuz da Ermənistan müstəqilliyə sahib deyil, Rusiya qərar versə ki, ətraf rayonlar Azərbaycana geri qaytarılmalıdır, o zaman Azərbaycanın Moskvanın rəhbərlik etdiyi ittifaqa geri dönməsi üçün hansı reaksiyanı verəcəyinə baxacaqlar. Lavrovun da bu sözləri Azərbaycanın nəbzini yoxlamaq üçün dilə gətirdiyini düşünürəm. Əgər Azərbaycan buna müsbət reaksiya versə, ətraf rayonların qaytarılması prosesini başlada bilərlər. Amma bu, indi mənə tələ kimi görünür.