“Putinin zamanında ifadə etdiyi məşhur bir ifadə var. O demişdi ki, SSRİ-nin dağılmasına sevinənlərin ürəyi, bərpa olunacağını düşünənlərin isə ağlı yoxdur. Şübhhəsiz ki, SSRİ-nin bərpa olunacağı ilə bağlı fikirlər keçmiş Sovet İttifaqının siyasi-iqtisadi sisteminin yenidən bərpa olunacağı ehtimalını özündə ehtiva etməməlidir. Bu birpartiyalı, planlaşdırılmış iqtisadi sistemlərə qayıdış olmayacaq”.
Politoloq Elşən Manafov belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Gürcüstanda axtarışda olan keçmiş prezident Mixail Saakaşvilinin Ukrayna baş nazirinin müavini təyin edilməsi hansı proseslərə yol açacaq? Artıq buna etiraz olaraq, Tiflis Kiyevdəki səfirini geri çağırıb, bu ölkə ilə diplomatik münasibətlərin dayandırıla biləcəyi xəbərdarlığını edib.
- Saakaşvili Gürcüstanın sabiq prezidenti olsa da, artıq Ukrayna vətəndaşıdır. Ukrayna da suveren dövlətdir və burada kimə vəzifənin verilib-verilməyəcəyi Ukrayna prezidentinin Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərinə aiddir. Əlbəttə, Prezident Zelenskinin Saakaşviliyə baş nazirin müavini vəzifəsini təklif etməsi Ukraynanın siyasi elitası tərəfindən birmənalı qarşılanmadı. Çünki Ukraynanın siyasi elitasında Saakaşvilinin vəzifədə olarkən kifayət qədər gərgin münasibətləri olan şəxslər var. Məsələn, Ukraynanın daxili işlər naziri Arsen Avakovun bu məsələyə münasibəti kifayət qədər fərqlidir. Çünki vaxtilə Saakaşvilinin Ukraynanın siyasi elitasında korrupsiyada ittiham etdiyi şəxslərdən biri Avakov idi. Saakaşvilinin vaxtilə Odessanın qubernatoru kimi korrupsiyaya qarşı apardığı mübarizə həm bu ölkənin siyasi elitasının, həm də cəmiyyətinin yadından çıxmayıb.
Keçmiş prezident Petro Poroşenko Saakaşvilini həm vəzifəsindən uzaqlaşdırdı, həm də Ukrayna vətəndaşlığından məhrum etdi. Amma Zelenskinin ona qarşı münasibəti fərqli oldu. Maraqlı məqam budur ki, Zelenskinin özünün rəhbəri olduğu Ukraynanın Xidmətçisi Partiyasının özündə belə Saakaşviliyə münasibət birmənalı deyil. Ona görə də gözləniləndir ki, Saakaşvili Ukrayna siyasi elitasında və ölkədə kifayət qədər yüksək nüfuza malik olan partiyaların rəhbərləri və Ali Radadakı təmsilçiləri ilə danışıqlar aparacaq. Bu təyinatın Ukrayna-Gürcüstan münasibətlərinə təsirinə gəlincə, bunun o qədər də dərin bir gərginlik yaradacağını düşünmürəm.
MDB məkanında “məxməri inqilab”ların baş verdiyi üç ölkədən biri Gürcüstan, digəri Ukraynadır. Kiyev və Tiflisin Qərbə münasibətlərində, onun təhlükəsizlik sisteminə (NATO) inteqrasiyası ilə bağlı məsələlərdə, habelə ABŞ-la əlaqələrdə üst-üstə düşən məqamlar var. Buna görə də düşünürəm ki, Saakaşviliyə belə bir vəzifənin təklif edilməsi təkcə Zelenskinin özünün təşəbbüsü deyil. Bunu həm də Kiyevin Rusiyanın siyasi elitası, birbaşa Prezident Putinlə münasibətlərdə gərginli artırmağa xidmət edən bir addım kimi də dəyərləndirmək olar.
- Amma Ukraynadan fərqli olaraq, Gürcüstanın mövcud hakimiyyətinin Rusiyaya müəyyən bağlılığı var.
- Bəli, Gürcüstanın indiki hakimiyyətinin Qərblə yanaşı, Rusiyaya da bağlılığı mövcuddur. İvanişvilinin vaxtilə Rusiyada tanınmış milyarderlərdən biri olduğunu nəzərdə tuturam. Əlbəttə, bu amilin Gürcüstanın Ukrayna ilə münasibətlərinə təsirsiz ötüşməyəcəyini düşünürəm. Amma nəzərə alsaq ki, Rusiyanın hər iki ölkənin siyasi elitasındakı əvvəlki nüfuzu bərpa olunmayıb, o zaman müəyyən məqamları nəzərə alıb gərginliyin qarşısını ala bilərlər. Düşünürəm ki, NATO, Avropa İttifaqı və ABŞ-ın da bu münasibətlərə təsiri olacaq. Şübhəsiz ki, Zelenski Qərbdən ona olan təklifdən çıxış edir. Digər yandan, Saakaşvilinin bu vəzifəyə təyinatı daha çox Rusiyaya yönəlmiş bir faktordur. Habelə Saakaşvilinin Rusiyanın dəstəyi ilə Ukraynadan qopmaq istəyən separatçı bölgələrə münasibəti də birmənalıdır. Saakaşvili Gürcüstanda da o vaxt hakimiyyətə gəldi ki, bu ölkənin Rusiya ilə münasibətlərində fərqli məqamlar vardı, Abxaziya və Cənubi Osetiyada separatizm baş qaldırmışdı. Bu baxımdan, Ukrayna ilə yanaşı, Gürcüstan da Rusiyanın yaratdığı separatizmdən əziyyət çəkən ölkələr sırasındadır.
Düşünürəm ki, Gürcüstanın siyasi elitası Ukrayna ilə münasibətlərdə demarş edib-etməyəcəyi ilə bağlı qərar qəbul edəcəksə, ilk növbədə Qərbə boylanacaq. Qərbdən Gürcüstan hakimiyyətinə ediləcək tövsiyələr də bu məsələdə az rol oynamayacaq. Onu da qeyd edim ki, Zelenski Saakaşviliyə bu təklifi verərkən, bunun Gürcüstanla münasibətlərə təsir edib-etməyəcəyi amili əvvəlcədən nəzərə alınıb. Hər iki dövlətinin Qərblə münasibətlərindəki məlum amillər və iki dövlətin maraqları əlaqələrdəki gərginliyin artmasına imkan verməyəcək. Gürcüstan tərəfinin buna münasibətini nəzəri bəyanatlarla yekunlaşdıracağını düşünürəm.
- Hesab etmək olarmı ki, Saakaşvilinin bu posta gətirilməsi, həm də Prezident Zelenskinin daxili işlər naziri, erməni əsilli Arsen Avakov kimi oliqarxlarla mübarizəsinə hesablanıb?
- Maraqlıdır ki, Saakaşviliyə baş nazirin islahatlar üzrə müavini vəzifəsi təklif olunub. İlk baxışda, Saakaşvilinin Avakovla münasibətəri çarpazlaşmayacaq. Bu təyinat daha çox sosial-iqtisadi sahədə aparılacaq islahatlara, əhalinin sosial müdafiəsinə hesablanıb. Bu, həm də, istisna deyil ki, Ukraynada “kölgə iqtisadiyyatı”nın yaratdığı problemlərə qarşı mübarizə deməkdir. Bu baxımdan, Zelenskinin Saakaşvili vasitəsilə Avakova qarşı çıxış edəcəyi istisna deyil. Bunu Avakov da başa düşür. Əvvəllər Avakov Saakaşvilinin siyasi hakimiyyətə gətirilməsinə çılğınlıqla cavab verirdisə, indi susmağa üstünlük verib. Saakaşvilinin baş nazirin islahatlar üzrə müavini qismində Avakova qarşı hansı mövqeni sərgiləyəcəyi, perspektivdə atacağı addımlarla şərtlənəcək.
Arsen Avakov əvvəlki siyasi elitalarla bağlı da məmurdur. Təsadüfi deyil ki, o, Poroşenko dönəmində də yüksək vəzifə tutmuşdu. Amma Saakaşvilinin siyasi hakimiyyətə dəvət olunmasına Ukraynanın birinci prezidentinin də münasibəti xoşməramlı olub. Bu baxımdan, Saakaşvilinin Ukraynanın siyasi elitası və cəmiyyəti tərəfindən ciddi dəstək alacağı nəzərə alınarsa, bu, Avakovun gələcək müqəddəratı ilə bağlı məsələdə ciddi rezonans doğuracaq.
- Bəs Rusiya Prezidenti Vladimir Putinin SSRİ-nin bərpası istəyi haqda fikriniz nədir: niyə birdən-birə belə bir məsələdən danışdı?
- Putinin zamanında ifadə etdiyi məşhur bir ifadə var. O demişdi ki, SSRİ-nin dağılmasına sevinənlərin ürəyi, nə zamansa bərpa olunacağını düşünənlərin isə ağlı yoxdur. Şübhhəsiz ki, SSRİ-nin bərpa olunacağı ilə bağlı fikirlər keçmiş Sovet İttifaqının siyasi-iqtisadi sisteminin yenidən bərpa olunacağı ehtimalını özündə ehtiva etməməlidir. Bu, birpartiyalı, planlaşdırılmış iqtisadi sistemlərə qayıdış olmayacaq. Putinin düşüncəsi, Avropa İttifaqı formatında patrioativ dövlətin yaradılmasını nəzərdə tutur. Düşünürəm ki, ABŞ-ın siyasi dəstəyi və sifarişi ilə Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin elan etdiyi neft müharibəsi zamanında SSRİ-nin çökdürülməsinə hesablanmış bir layihə kimi, istisna deyil ki, bu gün də Putin hakimiyyətinin və Rusiyanın çökdürülməsini özündə ehtiva edir. Bunu Putin və ətrafı başa düşməmiş deyil.
Putin Rusiyanın keçmiş SSRİ məkanındakı əvvəlki nüfuzunu bərpa etməklə, Qərbin, o cümlədən Çin və Yaponiyanın ortaya qoya biləcəyi iddialara qarşı çıxış etmək fikrindədir. Söhbət keçmiş SSRİ respublikalarını və resurslarını Rusiyanın rəhbərliyi altında bir mərkəzdə birləşdirməkdən gedir.
- Bəs keçmiş ittifaq respublikalarının bu məsələyə münasibəti necə olacaq?
- Şübhəsiz ki, Baltikyanı dövlətlər və Gürcüstanın yenidən MDB-yə qayıda biləcəyi ilə bağlı ehtimalları istisna edirəm. Ukraynanın özünün də bu məsələyə münasibəti kifayət qədər bəllidir. Bu mənada, Orta Asiya və Cənubi Qafqazdakı vəziyyət nəzərə alınmalıdır. Cənubi Qafqazda iki dövlətin – Azərbaycan və Gürcüstanın mövqeyi bəllidir. Gürcüstan daha çox Qərbə inteqrasiya edir, Azərbaycan isə balanslaşdırılmış siyasət yürüdür. Azərbaycanın mövqeyi bölgə ilə bağlı mürəkkəb geosiyasi reallıqlardan irəli gəlir. Ermənistana gəlincə, bu ölkə idaəretmə formasını dəyişsə də, İrəvanın Azərbaycan və Gürcüstanla müqayisədə, Rusiya ilə münasibətlərdə ciddi manevr etmək imkanları məhduddur.
Bəlkə də Orta Asiya respublikalarının bu məsələyə münasibəti Kremli məmnun edə bilər. Amma burada Qazaxıstanın da mövqeyi nəzərə alınmalıdır. Buna görə də düşünürəm ki, Putinin indiki məqamda belə bir fikirlə çıxış etməsi, Avropa İttifaqı və ABŞ-ın ehtimal olunan təhdidlərinə qarşı Rusiyanın hərbi qüdrəti ilə yanaşı, keçmiş sovet respublikalarını bir mərkəz altında cəmləməklə əvvəlki geosiyasi və iqtisadi nüfuzunu bərpa etmək istəyindən irəli gəlir.
- Qlobal neft böhranının Putin hakimiyyətinin sonunun gətirilməsi üçün ortaya atılmış süni bir plan ola biləcəyi ehtimalına diqqət çəkdiniz. Belə bir plan vaxtilə SSRİ-ni dağıtdı, bəs bu, Putinin Rusiyasına nə vəd edir?
- Hesab edirəm ki, Avropa İttifaqının gələcək müqəddəratı ilə bağlı amillər, bu nöqteyi-nəzərdən Rusiyadan da təsirsiz ötüşməyəcək. Bu, Rusiyanın da gələcək müqəddəratı məsələsini gündəmə gətirəcək. Pandemiyanın artıq yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratdığı birmənalıdır. Artıq koronavirusun bioloji silah olması ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunub. Buna görə Çin Amerikanı, Amerika da Çini ittiham etdi. Kimin haqlı olub-olmamasından asılı olmayaraq, pandemiyanın dünyanın digər ölkələri ilə yanaşı, Rusiya iqtisadiyyatına vurduğu ziyan da göz qabağındadır. Postpandemiya dövründə Putinin Rusiya iqtisadiyyatını neft-qaz faktorları hesabına qurtarması imkanları məhduddur. Rusiyada elə iqtisadiyyat qurulmalı idi ki, SSRİ iqtisadiyyatı kimi Qərbdən asılı olmasın. Putinin zaman etibarilə bu məsələni həll etmək imkanı yoxdur.
Düşünürəm ki, Putinin aprelin 22-nə təyin etdiyi referendum da Rusiyanın dövlət idarəçiliyindəki mövcud problemlərin həllinə hesablanmış bir addım idi. Əlbəttə, pandemiya bir çox məsələ kimi referenduma da təsirsiz ötüşmədi. Yəni Avropa İttifaqının gələcək müqəddəratı ilə bağlı prosesin inkişafı, Böyük Britaniyanın buradan çıxmasından sonra bunun birlik daxilində “domino effekti” yarada biləcəyi göz qabağında oldu. İtaliya və İspaniyada yaşanan məlum hadisələrə Avropa İttifaqının üzvü olmayan Türkiyənin münasibəti, Avropa İttifaqının üzvü olan Almaniyadan fərqli oldu. Düşünürəm ki, Avropa İttifaqında mərkəzdənqaçma meylləri güclənsə, keçmiş SSRİ məkanında bu birliyə alternativ yaratmaq üçün Putinin imkanları xeyli artacaq.