Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxır.
Teleqraf.com xəbər verir ki, yeni baş prokuroru parlament üzvlərinə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təqdim edib.
Ədalət Vəliyev bildirib ki, Konstitusiyanın 109 cu maddəsinin 9-cu bəndinə əsasən, Azərbaycan prezidenti Baş prokuroru Milli Məclisin razılığı ilə təyin edir. O qeyd edib ki, Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin namizədliyini irəli sürüb.
Kamran Əliyevin uzun illərdir prokurorluq orqanlarında işlədiyini bildirən Ədalət Vəliyev Milli Məclisin deputatlarının namizədə səs verəcəyinə inandığını bildirib.
Hazırda Kamran Əliyevin Azərbaycan Respublikası Baş prokuroru vəzifəsinə təyin edilməsi məsələsi ətrafında Milli Məclisin vitse-spikeri Əli Hüseynli çıxış edir.
Vitse-spiker Kamran Əliyevi peşəkar mütəxəssis kimi qiymətləndirib: “Əminəm ki, Milli Məclis prezidentin təqdimatını dəstəkləyəcək”.
***
Milli Məclis Kamran Əliyevin Azərbaycan Respublikası Baş prokuroru təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxaraq, onu dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, bununla da parlament birinci məsələnin müzakirəsini bitirib.
Yeni Baş prokuror barədə parlamentdə 3 deputat çıxış edib.
Hazırda Baş Prokuror təyin olunacağı gözlənilən Kamran Əliyev deputatlar qarşısında çıxış edir.