2 May 2020 09:05
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft bazarının iştirakçıları hasilatın azaldılmasını, əlbəttə, çoxdan gözləyirdilər. Əgər biz birjalara nəzər yetirsək, görərik ki, razılaşma neft bazarına dərhal öz təsirini göstərdi. Dünəndən etibarən, fyuçerslərin qiymətinin artmasını müşahidə edə bilərik. Artıq iyun ayının fyuçersləri 25 dollardan, iyul ayının fyuçersləri isə 27 dollardan yuxarı qiymətə təklif olunur. Yəni, bazar bu qərarın qüvvəyə minməsini müsbət qarşılayır.

Bunu Teleqraf.com-a açıqlamasında “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban bildirib.

Onun sözlərinə görə, bu müsbət qarşılanmanın əsas səbəbi neft bazarı iştirakçılarının izafi neft həcmlərinin bazardan yığışdırılacağına olan ümidləridir:

“Çünki pandemiyanın təsirləri ilə əlaqədar iqtisadiyyatın daralması nəticəsində aprel ayında istehlakın həddən ziyadə aşağı düşməsi qeydə alınıb. Əgər biz Beynəlxalq Enerji Agentliyinin göstəricilərinə nəzər yetirsək, istehlakın 1995-ci ilin səviyyəsinədək azaldığını görə bilərik. Yəni biz istehlakda 25 il geriyə addım atmışıq”.

İlham Şaban qeyd edib ki, digər tərəfdən yavaş-yavaş müxtəlif ölkələr, o cümlədən Çin Xalq Respublikası artıq pandemiyadan çıxmaq ərəfəsindədir:

“Bir sıra ölkələr artıq pandemiyadan çıxırlar. Bunun nəticəsi olaraq neftin istehlakında artım prosesinə qədəm qoyuruq. Bunlar öz-özlüyündə neftin istehlakını artırmaq yönündə atılan addımlardır. Bunun nəticəsində, əlbəttə, istər mart, istərsə də aprel ayı ilə müqayisədə tendensiya yaxşılığa doğru gedir. Mən deyərdim ki, artıq nefin qiymətində ən aşağı həddin keçilməsi prosesi gedir. Neqativ informasiyaların fonunda qiymətlərin tədricən artımını müşahidə edə bilərik. Baxmayaraq ki, məhz may ayı üçün qiymətlərin hələ də qeyri-stabil olması ilə bağlı proqnoz verirlər. Bu da onunla əlaqədardır ki, aprel ayında yığım neftinin həcmi kifayət qədər yüksək olub. Ancaq istənilən halda atılan addımları müsbət qiymətləndirmək lazımdır. Çünki bazardan yığışdırılan həcmlər ona gətirib çıxaracaq ki, istər yığım neftinin həcmləri azalacaq, istərsə də istehlak tədricən artacaq”.

Həmsöhbətimiz daha sonra deyib:

“Sadəcə Beynəlxalq Valyuta Fondunun və reytinq agentliklərinin proqnozlarına istinad etsək, deyə bilərik ki, dünya İkinci Dünya müharibəsindən sonra hələ bu səviyyədə iqtisadiyyatın çökməsinin şahidi olmayıb. Bu səpkidə neftin cari il üçün bir barelinin orta qiymətinin 35 dollar səviyyəsində olmasına nail olsaq, bu bizim üçün böyük nailiyyət olar”.

Qeyd edək ki, mayın 1-dən etibarən “OPEC plus” razılaşması çərçivəsində neft hasil edən ölkələr, o cümlədən Azərbaycan hasilatın azaldılması prosesinə başlayıb. May-iyun aylarında “OPEC plus” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 milyon barrel, Azərbaycan üçün isə 164 min barrel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycanın öhdəlikləri iyul-dekabr aylarında bu göstəricidən 18% olmaqla 131 min barrel, 2021-ci il və 2022-ci ilin apreli ərzində isə 14% olmaqla 98 min barrel müəyyənləşib.

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq hasilatın azaldılması kvotaları SOCAR-ın neft və qazçıxarma qurumlarının və ölkəmizdə hasilatın pay bölgüsü sazişləri, habelə bu qəbildən olan müqavilələr üzrə fəaliyyət göstərən neft istehsalçılarının hasilat həcmlərinə proporsional qaydada bölüşdürülüb. 2018-ci ilin oktyabr ayında gündəlik neft hasilatının Azəri-Çıraq-Günəşli üzrə 567 min barrel, “Azneft” İstehsalat Birliyi üzrə 125 min barrel, birgə müəssisələr və əməliyyat şirkətləri üzrə isə 26 min barrel təşkil etdiyini nəzərə alaraq, hasilatın bu səviyyələrdən cari ilin may-iyun aylarında 23%, iyul-dekabr aylarında 18%, 2021-ci ilin yanvar-2022-ci ilin apreli dövründə isə 14% azaldılması nəzərdə tutulur. Eyni zamanda qeyd edilməlidir ki, bu rəqəmlər yuvarlaqlaşdırılıb, müxtəlif hasilat quyularından çıxan neftin ton/barrel çevirmə əmsalları fərqlənir və kondensat həcmlərinin azaldılması öhdəliklərə daxil deyil.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft” İB, birgə müəssisələr və əməliyyat şirkətləri üzrə gündəlik hasilatın azaldılması tədbirləri Azərbaycanın öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək:

“Bu gündən dünya neft sənayesi tarixində hasilat həcmlərinə və müddətinə görə ilk ən böyük razılaşmanın icrasına başlanılır. İkinci rübdə dünyada neftə gündəlik tələbatın 15-25 milyon barrel, 2020-ci ildə isə 10,3 milyon barrel həcmində azalması gözlənilir. Belə bir vəziyyətdə “OPEC plus” ölkələri, o cümlədən Azərbaycan üzrə öhdəliklərin yerinə yetirilməsi neft bazarına ilk dəstəyi təmin edəcək. Neft bazarının sabitləşdirilməsi üçün milli və qlobal səviyyədə nümayiş etdirilən həmrəyliyin nəticələri tədricən neftin qiymətində də öz əksini tapacaq”.

Nazir onu da əlavə edib ki, Azərbaycanda hasilatın azaldılması ilə bağlı bu tədbirlərdə məqsəd həm də SOCAR və ölkəmizdə fəaliyyət göstərən digər neft istehsalçılarının, nəticədə dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır.

Qeyd edək ki, öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barrel, iyul-dekabr aylarında 587 min barrel, 2021-2022-ci ilin aprelində 620 min barrel həcmində saxlamalıdır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər