“İslahatlar Azərbaycandakı mövcud vəziyyətə uyğun aparılır və bunun nəticəsində strukturlar formalaşır. Müxtəlif dövrlərdə bu proses davam edib. Amma cənab Prezident 2018-ci ildə növbəti dəfə dövlət başçısı seçildiyi dönəmdə anons verdi ki, Azərbaycan aparılan islahatlar baxımından növbəti mərhələyə qədəm qoyur. Sonrakı dövlərdə biz bunun nəticələrini görməyə başladıq”.
Azərbaycan Prezidenti İlham Əliyevin Baş prokuror Kamran Əliyevi videoformatda qəbulunda səsləndirdiyi fikirlər haqda Teleqraf.com-a danışan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev belə deyib.
Ölkə rəhbərinin Azərbaycanda həyata keçirilən islahatlar barədə nitqinə toxunan baş redaktor qeyd edib ki, bütün sahələri əhatə edən bu islahatlar öz müsbət nəticələri ilə cəmiyyət tərəfindən rəğbətlə qarşılanır:
“Bugünkü dəyişikliklər onu göstərir ki, cənab prezident bu islahatları davam etdirir, bu da xalqın, ölkənin və dövlətin inkişafına yönəlib. Düşünürəm ki, bu islahatların nəticəsi olaraq əldə olunan inkişaf göz qabağındadır. Struktur və kadr dəyişikliklərinin nəticələri də, öz müsbət effektini verməkdədir. Təkcə bu pandemiya ilə mübarizədə Azərbaycan fərqli mövqe ortaya qoydu və bir model olaraq göstərdi ki, ən gözlənilməz hallarda vətəndaşları və dövləti qorumaq üçün konkret qərarları qəbul etməyə, icrasını həyata keçirməyə gücümüz var. Vətəndaşın sağlamlığı, rifahı naminə bu proqramlar uğurlar həyata keçirildi. Bu, bir daha Azərbaycan dövlətinin öz gücü və potensialı sayəsində baş verdi. Dünyada pandemiya elan olunduqdan dərhal sonra bu infeksiyaya qarşı cənab Prezidentin rəhbərliyi və müvafiq göstərişi ilə dərhal dövlət proqramları hazırlandı və yerindəcə bunların icrasına başlanıldı. Bu da onu göstərir ki, islahatlar əsaslı və düşünülmüş şəkildə aparılır, vətəndaşın və dövlətin rifahına, inkişafına hesablanıb.
İslahatlar öz effektini verir, nəticəsi də göz qabağındadır. Azərbaycanın dünyanı cənginə almış bu pandemiyadan az zərərlə çıxması onu göstərdi ki, bu günədək aparılan kadr, stuktur, siyasi və iqtisadi islahatlar effektlidir, idarəetmə mexanizmi tam formalaşıb”.
Bəhruz Quliyev Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kadr islahatlarından da danışıb:
“Kadrlar təyin olunarkən cənab Prezidentin birinci tapşırığı odur ki, siz vətəndaşların xidmətçisi olmalısınız. Yəni məmurlar bu gün dövlətin ən dəyərli sərvəti olan vətəndaşın maddi və mənəvi rifahının yüksəldilməsinə çalışmalıdır. Cənab Prezidentin tapşırıqlarına əsasən, məmur həm dövlət başçısı, həm dövlət, həm də vətəndaş qarşısında məsuliyyət daşıyır. Məmur da öz məsuliyyətlərini dərk edib, vəzifəsindən sui-istifadə etməməlidir.
Cənab Prezident dəfələrlə bəyan edib ki, Azərbaycanda korrupsiyaya qarşı ciddi və amansız mübarizə aparılır. Bunun nəticəsidir ki, bir neçə məmur korrupsiya faktı ilə ittiham olunur və iş otağındaca həbs olunur. Bu, onun göstəricisidir ki, həqiqətən də korrupsiyaya qarşı amansız mübarizə gedir. Yeni gələn kadrlar da bunu və öz məsuliyyətini dərk edib Prezident və xalq qarşısında işini düzgün qurmalı, vətəndaşın xidmətçisinə çevrilməlidir”.