ABŞ-da prezident seçkilərində Demokratların namizədi olacaq Co Bayden, senator olarkən, onun köməkçisi vəzifəsində çalışan Tara Ridə cinsi təcavüz etməsi barədə iddialara açıq şəkildə cavab verməli olacaq.
Teleqraf.com-un "Qardian"a istinadən xəbərinə görə, bununla əlaqədar Co Baydenə təzyiqlər artır.
Qeyd edək ki, Tara Rid Baydenin 1993-cü ildə ona seksual təcavüz etdiyini bildirib. Bayden o zaman Delaver ştatından senator idi.
"Qardian" yazır ki, keçmiş vitse-prezident bu ittiham barədə susur. Lakin jurnalistlərin əldə etdikləri bu məlumata susqun münasibət uzun müddət davam edə bilməz. Demokratlar Partiyasının qadın təşkilatları və tanınmış feministlər də xanım Ridin açıqlamasına hələlik münasibət bildirməyiblər.
Baydenin seçki qərargahı rəhbərinin müavini Keyt Bedinqfild keçən həftə verdiyi açıqlamada "bu hücum əlbəttə, baş verməyib" desə də, o vaxtdan bəri bu mövzuya şərh verməyib.
"Qardian"a görə, xanım Ridin iddiaları Baydenin praymerizdə qalib gəlməklə Donald Trump üçün ən ciddi rəqibə çevrilməsindən sonra ortaya çıxıb: "Qeyd edək ki, Trampın özü də ən azı 10 qadına cinsi təcavüz və birbaşa aqressiyada ittiham olunur. Bundan sonra Demokratlar "Qadınlara inanın!" şüarını aktiv şəkildə dəstəkləyirdi. Xanım Ridin açıqlamasından sonra Demokratlar çətin vəziyyətə düşüblər: indi onlar madam Ridə inanmalıdırlarmı?"