COVID-19 pandemiyası dünyanın bütün ölkələrini hədəfə alıb. Bu pandemiya dünyanın iqtisadi sisteminə, ticarət mübadilələri, beynəlxalq və daxili nəqliyyata, ölkələrdaxili sosial vəziyyətə təsir göstərdiyi kimi, bir sıra regional və beynəlxalq münaqişələrə də təsirsiz ötüşməyib.
Bu sözləri Teleqraf.com-a şərqşünas Samid Bağırov pandemiyanın ərəb coğrafiyasındakı münaqişələrə təsiri barədə danışarkən deyib.
Şərqşünas əlavə edib ki, tələfat daha çox Avropa və Amerikada yaşansa da, pandemiya Yaxın Şərqi də öz təsiri altında saxlayıb:
“Yaxın Şərq ölkələrindən İran, Səudiyyə Ərəbistanı, İsrail və BƏƏ faktiki münaqişə ocaqları olmadığına görə və nisbətən beynəlxalq nəqliyyatın mərkəzində yerləşdiklərinə görə COVID-19 virusuna daha tez mübatəla olan və virusun daha sürətlə yayıldığı ölkələr hesab edilirlər. Əksinə, döyüşlərin getdiyi, mühasirələrin tətbiq edildiyi və əməliyyatların aparıldığı Yəmən, Suriya və Liviya pandemiyanın fəsadlarına daha az məruz qalan ölkələr kimi önə çıxırlar”.
Samid Bağırovun fikrincə, hazırda Yaxın Şərq ölkələrindən müharibələrin və qarşıdurmaların mövcud olduğu adıçəkilən 3 ölkədə COVID-19 pandeiyasının ən aşağı statistikaları qeydə alınıb: “Belə ki, Yəməndə yoluxanların sayı 5 nəfər olduğu halda, bu rəqəm Suriyada və Liviyada hələ 50-ə çatmayıb.
Müşahidələr göstərir ki, koronavirus pandemiyası və ramazan Yəmən və Liviyada tərəflərin qarşıdurmasını durdura bilməyib. Baxmayaraq ki, həm koronavirus həm də ramazan ayı ilə bağlı iki ölkədə atəşkəsin bərpa edilməsi haqda çağırışlar edilib və edilməkdədir, lakin bu çağırışlar nəticəsiz qalır.
Koronavirs pandemiyasının bölgədə tüğyan etdiyi dövrdə Yəməndə tərəflərin qarşıdurmasına insidentlərin yeni dalğası da əlavə edilib. Ötən həftənin sonu Yəmənin cənub əyalətlərini nəzarətdə saxlyan, BƏƏ-nin dəstəklədiyi separatçı meyilli “Keçid Şurası”nın nəzarətindəki ərazilərdə yerli özünüidarəetmə hökuməti elan etməsi, daha sonra isə Ədən şəhərində koronavirusa görə fövqəladə vəziyyət elan etməsi bu ölkədəki münaqişənin həlli yolunu daha da əlçatmaz edib. Eyni zamanda Liviya paytaxtı ətrafında qarşıdurmaların getdiyi dönəmdə general Xəlifə Haftarın 2015-ci ilin “əs-Suheyrat” sazişini ləğv etməsi və özünün ölkənin rəhbəri olduğunu bildirməsi neftlə zəngin olan Şimali Afrika ölkəsində də atəşkəslə bağlı ümidləri puç edib.
Suriyada isə vəziyyət nisbətən sakit olaraq qalır. Mart ayının 5-də Türkiyə və Rusiya prezidentlərinin razılaşmasından sonra ölkənin şimal cəbhələrində nisbi sakitlik hökm sürür. Bəzi ekspertlər koronavirus pandemiyası dövrünə təsadüf edən bu vəziyyəti tufandan öncəki sükut kimi qələmə verirlər.
Pandemiya bütün Yaxın Şərq ölkələrində xüsusilə də neft ölkələrində ciddi iqtisadi fəsadlara yol açıb. Amma onun “müsbət” təsirini də unutmaya bilmərik. Bu növ təsiri İraq və Livanda müşhadiə etdik və edirik. Bu, İraq və Livanda ötən ilin oktyabr aylarından baş qaldırmış aksiya, iğtişaş və toqquşmaların koronavirusla bağlı fövqəladə karantin vəziyyətinə görə səngiməsidir. Son günlərdə hər iki ölkədə koronavirisun gerilədiyini gördükcə, iqtisadi vəziyyətlə bağlı etiraz və toqquşmaların yenidən qalxdığını da müşahidə edirik".
Samid Bağırov bildirib ki, neft məsələsinə gəldikdə isə hazırki pandemiya dövründə Yaxın Şərqin ən yaralı yeri "qara qızıl"ın öz dəyərini itirməsi məsələsidir: "Ötən ay OPEK+ dövlətləri, xüsusilə də Səudiyyə Ərəbistanı və Rusiyanın neft hasilatının azaldılması istiqamətində razılaşması baş tutmadığına görə, habelə COVID-19 pandemiyasının iqtiadiyyata vurduğu zərbə nəticəsində neftin qiyməti 20- dollardan aşağı düşdü. Hətta ABŞ-da "qara qızıl"ın fərqli növlərinin qiyməti mənfi məzənnə ilə satılmağa başladı. Son 20 ildə ilk dəfə olaraq neft istehsalçıları, eləcə də şist neftinin istehsalı ilə digər sənaye ölkələrindən seçilən ABŞ iqtisadiyyatı ciddi təhlükə qarşısında qaldı. Rəsmi Vaşinqton bəzi şirkətlərin iflas təhlükəsilə üzləşdiyinə görə hətta 75 illik müttəfiqi Səudiyyə Ərəbistanını da təhdid etdi. Bu təhdidi birbaşa ABŞ Prezidenti Donald Tramp dilə gətirdi və Səudiyyə Ərəbistanına neftin idxalının dayandırılacağı ilə bağlı xəbərdarlıq ünvanladı. “Röyter” bundan daha ciddi təhdidi son günlərdə yayımladı. Agentliyin ABŞ-ın 4 rəsmi mənbəsinə istinadla verdiyi məlumata görə, Tramp neft hasilatının azaldılmayacağı təqdirdə Səudiyyə Ərəbistanına verdiyi hərbi dəstəyi və buradakı hərbi qüvvələrini geri çəkəcəyilə bağlı xəbərdarlıq mesajl verdi".
Samid Bağırov bildirib ki, koronavirus pandemiyasının Yaxın Şərqin ən varlı neft istehsalçılarına mənfi təsirini göz önündə canlandırmaq üçün Səudiyyə Ərəbistanın Maliyyə Nazirliyinin iki gün öncə yayımladığı statistikaya nəzər salmaq kifayət edər: "Bu statistikaya görə ki, cari ilin birinci rübündə neft gəlirləri ötən illə müqayisədə 24 faiz azalıb. Büdcə gəlirləri isə ötən illə müqayisədə 9 milyard dollar kəsirlə qeydə alınıb. Bu o deməkdir ki, koronavirus pandemiyası nəzarətdən çıxıb daha çox uzun ömür sürərsə, dünya hətta 75 illik ittifaqların sarsılmasını da müşahidə edə bilər.
Pandemiya Yaxın Şərqdə daha çox İranda ciddi fəsadlara yol açdı və açır. Burada indiyə qədər 95 min yoluxma və 6 mindən çox ölüm qeydə alınıb. Koronavirus dönəmində ABŞ sanksiyalarının aktiv qalması, bu mərhələdə əlavə sanksiyaların da tətbiq edilməsi Donald Tramp administrasiyasıın rəsmi Tehranla bağlı inadlı sərt siyasətini bir daha nümayiş etdirdi. Baxmayaraq ki, ABŞ Konqresi və Senatının onlarla nümayəndəsi, BMT, Ümudünya Səhiyyə Təşkilatı, beynəlxalq hüquq təşkilatları, bır sıra Avropa və dünya dövlətləri pandemiya dövründə sanksiyaların yumşaldılmasını tələb etdilər, lakin bütün bu çağırışlar cavabsız qaldı”.
Samid Bağırov sonda bildirib ki, bir çoxları postkoronavirus dövrünün indikindən fərqli olacağını, dünyada siyasi və iqtisadi düzənin müəyyən köklü fərqlərlə irəliləyəcəyini bildirirlər: “İddia edilir ki, pandemiya gələcəkdə ölkələrarası strateji əlaqələrin tərifinə yeni prinsipləri əlavə edəcək. Xüsusilə də Yaxın Şərqdəki münaqişələrin əsas səbəblərindən biri olan "qara qızıl"ın bazarına yeni qaydalar gətirə bilər. Bu iddiaların gerçəkləşəcəyi mümkün görünür. Lakin indiyə qədər məlum olan və qətiləşən budur ki, pandemiya Yaxın Şərqlə bağlı bir çox planları, o cümlədən ABŞ-ın İraq və İranla bağlı, İsrailin isə Fələstinlə bağlı bəzi planlarının təxirə düşməsinə səbəb oldu".