Müəyyən dövlətlərin bir araya gəlməsi, pandemiya ilə bağlı mübarizə səylərini əlaqələndirməsi, habel təcrübə mübadiləsi aparılması təbii hadisədir. Mənim zənnimcə, Qoşulmama Hərəkatına üzv dövlətlərin prezidentlərinin videokonfrans vasitəsilə müzakirələr aparmasını bu baxımdan yüksək qiymətə malikdir.
Bu fikirləri Teleqraf. com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu videokonfrans şəklində koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçiriləcək.
Qulamhüseyn Əlibəylinin fikrincə, dünyanın ciddi ittifaq və blokları çərçivəsində belə müzakirələrin aparılması müsbət hadisədir: “O cümlədən Azərbaycan dövlətinin təşəbbüsü ilə belə bir tədbirin keçirilməsini müsbət hadisə kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu koronavirusla mübarizədə də əhəmiyyətli rol oynaya bilər. Əlbəttə, müzakirələrin sənədləri və detalları hələlik bizə məlum deyil. Ancaq belə toplantıların keçirilməsi əvvəla, yaxşı haldır. İkincisi, bu toplantı Azərbaycanın təşəbbüsü ilə keçirilir və eyni zamanda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrə təsadüf edir. Əlbəttə, bu, mühüm məqamdır. Azərbaycan dövlət başçısı tərəfindən belə bir vacib təşəbbüs irəli sürülüb. Söhbət 130-dan çox dövləti əhatə edən Qoşulmama Hərəkatından gedir. Gələcəkdə bu, başqa mexanizmlərin düşünülməsinə də əsas ola bilər”.