Təbii ki, bu qərar verilərkən ölkəmizdəki vəziyyətlə yanaşı, başqa dövlətlərdə tətbiq olunan preventiv tədbirlər və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri diqqətə alınıb.
Bu sözləri Axar.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə xüsusi karantin rejiminin 31 maya qədər uzadılması və paralel olaraq bu gündən karantin qaydalarının nisbətən yumşaldılması haqda danışarkən deyib.
Politoloq bildirib ki, Azərbaycanda pandemik virusla bağlı hazırkı situasiya digər ölkələrlə müqayisədə qənaətbəxş hesab edilir:
“Ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsində infeksiyaya yoluxma kütləviləşmədi. Dövlət başçısı səviyyəsində vəziyyətə ciddi nəzarət edilir. Sevindirici haldır ki, virusa yoluxanların sayında azalma, bu xəstəlikdən sağalanların sayında isə çoxalma müşahidə olunur. Bu səbəbdən Operativ Qərargahın karantin rejimində bəzi məhdudiyyətlərin götürülməsi qərarı vaxtında və düzgün verilmiş qərardır”.
Aynur Camalqızı xüsusilə vurğulayıb ki, bu məhdudiyyətlərin aradan qaldırılması əhalinin indiyədək tətbiq olunan qaydaları gözardı etməsi, zəruri olmadığı halda evdən çıxmasına qətiyyən səbəb olmamalıdır:
“Karantin qaydalarının yumşalmasından sonra bir neçə ölkədə, məsələn, Almaniya, İspaniya və Fransada infeksiyaya yoluxma sayında artım müşahidə olunmağa başladı. Buna görə də insanlar əvvəlki kimi məsuliyyətli olmalı, sosial izolyasiya qaydalarına əməl etməlidir. Bu virusla bağlı kollektiv immunitet yaranmayanadək və ya vaksin tapılmayanadək insanların həyatı, sağlamlığı ilə bağlı ciddi təhlükələr qalır. Xüsusən uşaqlar və yaşlı insanları qorumaq üçün nə mümkündürsə, etməliyik. Pandemik virusla bağlı fərdlər məsuliyyətsiz qərarlar verməməlidir”.
Politoloqun sözlərinə görə, qadağalara görə ən böyük itki ilə dövlətimiz üzləşir:
“Karantin rejimində dövlət olaraq hər gün 120-150 milyon manat civarında vəsait itiririk. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti bu itkini insanlarımıza görə qəbul etməyə hazırdır. Prezident İlham Əliyev insanlarımızın sağlamlığının onun üçün iqtisadiyyatdan daha üstün olduğunu hər çıxışında təkrar edir. Bu baxımdan özümüzü, ətrafımızı qorumaq üçün gigiyena qaydalarına əməl etməli, lazım olmadıqca küçəyə çıxmamalı, ictimai nəqliyyatda məsafəni qorumalı, ictima-iaşə obyektlərinə getməməliyik. Karantin rejiminin tamamilə aradan qaldırılmasını, əvvəlki həyat tərzinin bərpa olunmasını istəyən hər kəs Operativ Qərargahın elan etdiyi qaydalara ciddi əməl etməlidir. Əks halda, xüsusi karantin rejimi daha sərt formada tətbiq oluna bilər. Yəni hər kəs vəziyyətin bu dərəcədə ağır olduğunu təsəvvür etməli, qətiyyən arxayınlaşmamalıdır”.
Politoloq bildirib ki, “mənim tanıdıqlarımdan heç kəs bu virusa yoluxmayıb”, “mənə koronavirusdan ölən bir nəfərin adını çəkin” tipli qeyri-ciddi yanaşmalarla insanları sanitar-gigiyenik qaydalara əməl etməkdən çəkindirmək cinayətə bərabərdir:
“Əvvəla, o sözü deyənlər bir anlıq düşünməlidirlər ki, məhz Azərbaycan dövlətinin vaxtında atdığı addımlar sayəsində “onun tanıdıqları içərisində” koronavirusdan ölən yoxdur. Buna görə təşəkkür etmək və qaydalara əməl etmək lazımdır.
Digər tərəfdən, Azərbaycan dövləti hər gün 150 milyonu sizinlə zarafat etmək üçünmü itirir? Yoxsa ÜDM-nin 4.2 faizindən də çox məbləğin - 3,5 milyardın evdə oturan insanlara və itkilərlə üzləşən sahibkarlara təmənnasız verilməsini əyləncəmi hesab edirsiniz?
Bunları ona görə qeyd edirəm ki, aradan bu qədər müddət keçməsinə, dünyadakı təhlükə saçan COVİD-19 statistikasına rəğmən, hələ də sosial şəbəkələrdə bu tip həqiqəti əks etdirməyən yersiz “bəyanatlar” eşidirik. Dünyada 3.5 milyondan artıq insan koronavirusa yoluxub və bu sayda hər dəqiqə artım müşahidə olunur. 250 minə yaxın insan bu infeksiyadan dünyasını dəyişib. Hətta dövlətlərin yüksək ranqlı məmurları, millət vəkilləri bu xəstəlikdən həyatını itirir. Bu baxımdan Azərbaycanın xüsusi karantin rejimindən uğurla, az itkiylə çıxması hər birimizdən, hər birimizin məsuliyyətli davranışından asılıdır. Ölkəmizin infeksiyanın yayılmaması, kütləviləşməməsi üçün həyata keçirdiyi preventiv tədbirlərdən dolayı hər birimiz dövlətimizin yanında olduğumuzu, sağlamlığımız üçün edilən fədakarlıqların fərqinə vardığımızı davranışımızla göstərməliyik”.