5 May 2020 16:24
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan nəinki milli səviyyədə yeni növ koronavirus infeksiyası – COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir.

Bunu Teleqraf.com-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşü də keçirilib:

“Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş zirvə görüşünü keçirib. Bunun davamı olaraq Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşü onu söyləməyə əsas verir ki, bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfəsidir.

Nəticədə, bu mühüm hadisələr onu göstərir ki, artıq ölkəmiz təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələrdə və təhlükələrdə də öz sözünü deyir, eləcə də mövqeyini ortaya qoyur.

Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev dünya miqyasında baş verən qlobal hadisələrdə və təhlükələrdə də qətiyyətli mövqe nümayiş etdirir, eləcə dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir”.

Elçin Əhmədovun sözlərinə görə, bu da onu göstərir ki, son 17 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşü keçirilib. Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Dövlət başçısı zirvə görüşünə qatılan BMT Baş Assambleyasının sədrinə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoruna və Afrika İttifaqının Komissiyasının sədrinə öz minnətdarlığını bildirərək qeyd edib ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləyib və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunub.

Zirvə görüşünə qatılan BMT Baş katibi Antonio Quterreş və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciətlərində, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və iştirakçı dövlətlərin başçıları çıxışlarında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşünün təşkilinə və pandemiyaya qarşı aparılan işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirdilər.

Sonda Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilmiş zirvə görüşünün yekununda 18 maddədən ibarət Bəyannamə qəbul edilib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər