6 May 2020 13:03
42 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-da vəziyyət bir sıra başqa ölkələrdəkindən onunla fərqlənir ki, ölkə administrasiyası hadisənin ciddiliyini əvvəlcədən düzgün qiymətləndirə bilmədi və laqeydlik nümayiş etdirdi. Pandemiyanın iqtisadi fəsadlar törədəciyini nəzərə alan Prezident Tramp ilk günlər belə bir şeyin mövcud olmasını da inkar etməyə çalışdı, amma alimlər, mətbuat və siyasi isteblişment qısa zamanda prezidenti inkarçılıqdan çəkindirməyə müvəffəq oldu”.

Politoloq Ərəstun Oruclu belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Pandemiyanın qlobal təsirləri müzakirə mövzusuna çevrilib, bunun beynəlxalq düzənə gətirəcəyi mümkün dəyişiklər barədə danışılır. Sizin bu haqda ehtimalınız nədən ibarətdir, pandemiya qlobal anlamda hansı dəyişikliklərə yol aça bilər?

- Pandemiya sıradan bir hadisə olmadığından və artıq dünyanın bütün nöqtələrinə birbaşa və ya dolayısı ilə təsir göstərdiyindən təbii ki, onun mümkün qlobal təsirləri haqda müzakirələr də tamamilə normaldır. Bu başdan deyim ki, belə müzakirələrdə həddindən artıq qeyri-real və bəzən də konspiroloji mülahizələrlə rastlaşırıq. Amma bundan sonra dünyada heç nəyin dəyişməyəcəyini söyləmək də yanlış olardı. Ən azı, dünya iqtisadiyyatının müxtəlif dəyərləndirmələrə görə, 5-7% kiçilməsi baş verib ki, bu da təsirsiz ötüşməyəcək. Əksinə, deyərdim ki, belə iqtisadi resessiyanın ciddi neqativ təsirləri olacaq və onların bir hissəsi artıq bu gün görünməkdədir.

Hələlik bu haqda dolğun statistika olmasa da, bu gün artıq təxminən 100 milyon insanın işini itirməsindən söhbət gedir. Yüz minlərlə kiçik və orta sahibkarlıq subyekti iflasa uğrayıb, dövlətlərin iqtisadiyyatı hər gün on milyardlarla itki verir, iqtisadiyyatın elə sahələri var ki, orda ümumiyyətlə, tam iflic vəziyyəti yaranıb. Məsələn, aviasiya, hotelçilik və turizm sahələrində baş vermiş iflas artıq faktdır.

İqtisadiyyatın müxtəlif sahələrinin bir-birilə əlaqəli olduğunu nəzərə aldıqda isə iflasın əhatə dairəsinin bunlarla məhdudlaşmayacağını qəbul etməliyik. Belə vəziyyətin öz növbəsində işsizliyin və yoxsulluğun artmasına, bunlarınsa miqrasiyanın, ölkədaxili və ölkələrarası münaqişələrin güclənməsinə yol aça biləcəyini deyə bilərik. Bütün bunlar pandemiyanın və onun təsirlərinin törədə biləcəyi necə deyərlər, təbii fəsadlardır. Amma bunlardan əlavə mümkün siyasi və iqtisadi intervensiyaların, resurslara nəzarət uğrunda yenidən başlaya biləcək mübarizələrin və təsir dairələrini genişləndirmək cəhdlərinin olacağını da istisna etməməliyik. Şübhəsiz ki, belə mübarizələr də münaqişələrsiz və itkilərsiz ötüşmür.

- Bəllidir ki, dünya ölkələrinin əksəriyyəti bu pandemiyadan zərərlərlə çıxacaq. Bəs bundan qazananlar kimlər ola bilər?

- Qazanan ilk növbədə bir sıra texnoloji nəhənglər oldu ki, karantin səbəbindən onların xidmətlərinə tələbat daha da artdı. Digər tərəfdən, bildiyimiz kimi, iqtisadi imkanları geniş olan ABŞ, Almaniya və Fransa kimi ölkələr iqtisadiyyata çoxmilyardlıq yardımları nəzərdə tutan paketlər ayırmaq haqda qərar qəbul etdilər. Məsələn, ABŞ-da bu paketin həcmi hələlik 2.5 trilyon dallara yaxındır. Onun necə paylaşdırılacağının ilkin əlamətləri bu yardımın 60-70% qədərini böyük şirkətlərin alacağına işarə edir və deməli, transmilli korporasiyalar da vəziyyətdən ya az itkilərlə, ya da ümumiyyətlə, itkisiz çıxacaqlar. Şübhəsiz ki, bütün bu vəsaitləri idarə edən böyük banklar da qazananlar sırasında olacaqlar. Bu da o deməkdir ki, korporasiyaların siyasi qərarlara və ümumiyyətlə, siyasətə təsiri güclənəcək. Bundan başqa, fərdi hüquq və azadlıqları məhdudlaşdırmaq cəhdlərinin olacağı də istisna deyil. Digər tərəfdən də orta təbəqənin daralması demokratik dəyərlər və insan azadlıqları sahəsində əldə olunmuş uğrulara ciddi təhdidlər yarada bilər ki, bu da öz növbəsində radikal siyasi tendensiyaların güclənməsi üçün münbit zəmin yarada bilər.

- ABŞ-da vəziyyət nə yerdədir?

- ABŞ-da vəziyyət bir sıra başqa ölkələrdəkindən onunla fərqlənir ki, ölkə administrasiyası hadisənin ciddiliyini əvvəlcədən düzgün qiymətləndirə bilmədi və laqeydlik nümayiş etdirdi. Pandemiyanın iqtisadi fəsadlar törədəciyini nəzərə alan Prezident Tramp ilk günlər belə bir şeyin mövcud olmasını da inkar etməyə çalışdı, amma alimlər, mətbuat və siyasi isteblişment qısa zamanda prezidenti inkarçılıqdan çəkindirməyə müvəffəq oldu. Virus geniş yayılanda isə məlum oldu ki, ölkənin nə idarəetmə, nə də səhiyyə sistemi buna hazır deyilmiş.

Təsəvvür edin, ABŞ kimi iqtisadiyyatı, insan və istehsal resursları olan ölkədə adi maska taplmadı və bu gün də defisit sayılır. Eyni zamanda, yaranmış vəziyyət bir sıra hallarda demokratlarla respublikaçılar arasında siyasi mübarizə predmeti kimi istifadə olunmağa başladı. ABŞ-da bəzi ştatlar istisna olmaqla, ümumiyyətlə, sərt karantin qaydaları da tətbiq olunmadı. Nəticədə bu gün dünya üzrə yoluxanların az qala 30 %-i, dünyasını dəyişənlərin isə təxminən 25 %-ə qədəri bu ölkənin payına düşür. Bura işini itirmiş 30-32 milyon insanı da əlavə edəndə, vəziyyətin yaxşı olduğunu demək mümkün olmur.

- Bəs ABŞ-da koronavirusun yayılmasında məsuliyyət daşımaqda ittiham etdiyi Çinlə bağlı hansı planlar müzakirə olunur və bu ittihamlar nə qədər əsaslandırılıb?

- Çinə qarşı ittihamlar elə ilk gündən vardı və ilkin mərhələdə daha çox siyasi bəyanatlar kimi səslənsə də, son günlər daha çox bu ittihamları hüquq müstəvisinə çıxarmaq cəhdləri nəzərə çarpır. Konkret olaraq, əvvəl Prezident Tramp və ardınca da dövlət katibi Mayk Pompeo virusun Çində süni yradılması haqda bəyanatlar verərək, bu haqda guya, ciddi dəlillərin olduğunu söyləsələr də, həmin bəyanatlar ilk növbədə elə ABŞ-ın özündə skeptik qarşılandı. Bu da səbəbsiz deyildi, çünki hələ xeyli əvvəl ölkənin həm elmi dairələri, həm də kəşfiyyat qurumları bunun tam əksini bildirərək, virusun təbii və heyvan mənşəli olduğunu açıqlamışdılar. Belə şəraitdə Çinə qarşı hansısa iddialar, ittihamlar irəli sürmək bir o qədər də asan olmayacaq. Ümumiyyətlə, belə bir addımın perspektivinin olması inandırıcı görünmür.

- Hesab etmək olarmı ki, artıq gözlənilən o qorxunc dönəmə çatmışıq, yəni atom bombalarının yerini bioloji silahlar almağa başlayır?

- COVID-19 virusunun bioloji silah olması və ümumiyyətlə, bioloji silahlar haqda tez-tez səslənən iddialar şəxsən mənə inandırıcı görünmür. Bəlkə də belə yanaşma ilk ixtisasımın tibb olması və onu oxuyarkən bioloji silahlar haqda öyrəndiklərim səbəbindəndir, amma hər halda bioloji silah nəinki tətbiq olunduğu, hətta adicə laboratoriyadan təsadüfən sızdığı halda nəticələr dəfələrlə, bəlkə də yüz dəfələrlə acınacaqlı olur. Üstəlik də, belə laboratoriyalar heç vaxt 11 milyon əhalinin yaşadığı şəhərlərdə yaradılmır. Amma başqa təhlükə var və düşünürəm ki, həm ölkələr, həm də beynəlxalq qurumlar ona indidən diqqəti artırmalıdır. Bu, gen mühəndisliyinin artıq minlərlə elmi mərkəzlər, universitetlər üçün əlçatan olmasıdır və burda hansısa pis niyyətlərin üstünlük təşkil etməsi hökmən deyil.

Hətta çox xeyirxah niyyətlərlə, məsələn, vaksin əldə etmək üçün yaradılan yeni viruslar və ya bakteriyalar xırda bir səhv üzündən bəşəriyyətin sonuna çıxa bilər. İzlədiyim tibbi-bioloji nəşrlərdən, oxuduğum elmi məqalələrdən gəldiyim qənaət də budur ki, COVID-19 belə bir eksperimentin məhsuludur. Deməli, bu sahədə səhvlərlə, səhlənkarlıqla yanaşı, məqsədli tədqiqatlar da ola bilər və onların da nəticələri son dərəcə acınacaqlı ola bilər. Yəqin ki, indi bu cür tədqiqatlara nəzarət üzrə xüsusi beynəlxalq agentliyin yaradılmasının mümkünlüyü də nəzərdən keçirilməli olacaq. Əks-təqdirdə dediyiniz kimi atom bombalarının yerini bioloji silahlar almağa başlayacaq. Yeri gəlmişkən, atomun parçalanmasını tədqiq edən alimlərin də ilk məqsədi bomba yaratmaq deyildi.

- Dünyanın neft bazarlarında da getdikcə dərinləşən bir böhran yaşanır. Sizcə, bu böhranı yaradan faktorlar, təkcə pandemiyaya əsaslanır, yoxsa bunun siyasi tərəfləri də var?

- Bu başdan deyək ki, neft təkcə enerji faktoru deyil, o, həm də siyasi faktordur. Elə burdan sualınıza da birbaşa cavab vermək olar ki, əlbəttə, neft bazarındakı bugünki vəziyyətin yaranmasında pandemiya ilə bağlı obyektiv səbəblərlə yanaşı, siyasi səbəblər də var. Amma əvvəlcə obyektiv səbəblərə müraciət edək. Neftin qiymətinin 2019-cu ildəki dinamikasına baxsaq, görərik ki, ilin birinci yarısı ilə ikinci yarısındakı qiymətlər arasında nəzərə çarpacaq fərq olub və bu da təsadüfi deyildi. Artıq keçən il ərzində 2020-ci ilin böhran ili olacağı haqda danışılırdı və ilin ikinci yarısındakı qiymətlərin nisbətən aşağı olması da qarşıdan gələn iqtisadi böhranla izah olunurdu. Bu, nisbi ucuzlaşmanın digər səbəbi isə hasilatın neftə tələbatdan artıq olması idi. Hələ o zaman bəzi proqnozlarda böhran ili olacağı gözlənilən 2020-də qiymətlərin 15-17% düşəcəyi göstərilirdi. Burda bir haşiyə çıxım ki, belə proqnozların müəyyən qanunauyğunluqlar əsasında tərtib olunmasına rəğmən, onlar adətən, çox da dəqiq olmur.

Amma pandemiya ilə başlayan 2020-ci il bütün bu qanunauyğunluqları alt-üst etdi və neftə tələbat kəskin azaldı. Məsələnin siyasi tərəfinə gəlincə, OPEC – Rusiya formatında aparılan danışıqlar və onların ətrafında baş verənlər faktiki məsələnin siyasi komponentinin təzahürləri idi. Həmin komponent də öz növbəsində obyektiv səbəblərdən neftin ucuzlaşmasını bir qədər də sürətləndirdi və nəticədə bu gün gördüyümüz mənzərə alındı. Mənzərə isə acınacaqlıdır və iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün yaxşı heç nə vəd eləmir.

- Rusiyada gedən proseslər haqda nə düşünürsünüz? Son dönəmlərdə Prezident Putinin reytinqinin aşağı düşməsi haqda məlumatlar yayılır. Hesab etmək olarmı ki, pandemiya və artan xarici təzyiqlərin yaratdığı problemlər Putin üçün o qədər də xoş olmayan sonluq hazırlayır?

- Rusiyada sistem böhranı sürətlə dərinləşməkdədir və bunun nəticəsi çox güman ki, siyasi fasadın dəyişməsi olacaq. Ölkənin, onun siyasi sisteminin əsaslı şəkildə dəyişəcəyini isə gözləmirəm. Hazırda Prezident Putinin mövqeyinin zəifləməsi fonunda hakimiyyət uğrunda mübarizə aparan iki əsas qrupun fəallaşması müşahidə olunur. Bunun biri ölkə hakimiyyətinin hərbi qanadının və hərbi-sənaye kompleksinin təmsilçiləridir ki, onlar daha çox millətçi-imperialist platformadan çıxış edirlər. Digər qrup isə şərti olaraq “Yeltsin klanı” adlanan və keçmiş prezidentin ailə üzvləri ilə onlara yaxın bəzi oliqarxlardan ibarət qrupdur. Bu qrupa Rusiyanı tərk etməyə məcbur olmuş bəzi oliqarxlar da qoşula bilər.

İki qrupun birləşərək vahid mövqedən çıxış etməsi də istisna deyil ki, bu halda da onların güclü lideri olardı. Burda mən müdafiə naziri Sergey Şoyqunu nəzərdə tuturam. Amma dediyim kimi, Putinin təmsilçisi və siyasi fasadı rolunu oynadığı və ölkəni kollegial idarə edən FSB-oliqarxiya konqlomeratı hələ yetərincə güclüdür və düşünümürəm ki, vəziyyətə nəzarəti asanlıqla əldən verəcək. Bu halda da Putini yeni fiqur, başqa sözlə, yeni fasad əvəzləyəcək, mahiyyətcə isə dediyim kimi, heç nə dəyişməyəcək. Həmin fiqurun kim olması isə Rusiya üçün hansı siyasət vektorunun prioritet olmasından asılı olacaq. Xarici siyasət vektoru dominant olarsa, bu halda üstünlük Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin namizədliyinə üstünlük verilə bilər, daxili siyasət daha önəmli olarsa, bu namizəd FSB direktoru Aleksandr Bortnikov ola bilər. Sərt siyasi xəttə ehtiyac yaranacağı halda isə önə Təhlükəsizlik Şurasının Katibi Nikolay Patruşevin namizədliyi çıxa bilər. Hər bir halda, keçid fiqur kimi görünən Mişustini baş nazir postunda adı çəkilən şəxslərdən kim əvəzləyəcəksə, prezident də o, olacaq.

- Rusiyanın xarici işlər naziri Lavrovun sonuncu açıqlaması xeyli suallar yaratdı. Lavrov demək olar ilk dəfədir ki, açıq formada Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasının vacibliyindən danışdı. Bunu Rusiyanın münaqişənin həllində dəyişməyə başlayan mövqeyi hesab etmək olarmı?

- Xeyr, bu, anladığım qədər Rusiyanın özünün qurduğu oyundur və Ermənistanın sərtləşən kompromissiz mövqeyinin də arxasında birmənalı olaraq Rusiya dayanır. Məqsəd Azərbaycana təzyiq edərək, onu Rusiyaya daha da yaxınlaşdırmaq, ölkənin suveren hüquqlarının bir hissəsini Rusiyaya güzəştə getməsinə nail olmaqdır ki, bunun əvəzində də Rusiya Azərbaycana bəzi əraziləri işğaldan azad etmək imkanı yarada bilər. Belə kombinasiya Ermənistan üçün işğal etdiyi ərazilərin az bir hissəsini itirməklə və hakimiyyət dəyişikliyilə nəticələnən siyasi böhran, Azərbaycan üçün isə suverenliyin xeyli dərəcədə itirilməsi demək olardı. Bundan sonra elan olunan atəşkəsə nəzarət üçün Rusiya sülhməramlılarının təmas xəttinə yerləşdirilməsi isə məsələnin birdəfəlik qapadılması demək olardı. İstisna deyil ki, Rusiya həm də Azərbaycan-İran sərhəddinə nəzarəti götürmək istəyir, çünki bu, onun Yaxın Şərq siyasətinin daha aktiv fazaya keçə bilməsi üçün həyati əhəmiyyətli amillərdəndir. Bütün bunların Azərbaycan üçün nə demək olduğunun isə zənnimcə, nə izaha, nə də təhlilə ehtiyacı var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər