7 May 2020 09:23
2 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda siyasi vəziyyət gərgindir. Çünki ölkədə siyasi müxalifət mövqelər əldə edib, müəyyən qədər güclənib. Üstəlik, Nazarbayev ailəsinə qarşı bir-birinin ardınca müxtəlif ittihamlar irəli sürülür. Xüsusən də onlar bu zaman Dariqa Nazarbayevanın Londonda yaşayan oğlu Aysultanın irəli sürdüyü ittihamlara söykənirlər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, Aysultan Nazarbayev Londonda Nazarbayev ailəsinə məxsus mülklərin siyahısını açıqlayıb, eyni zamanda 50 milyon dollardan artıq pulun necə yuyulması haqqında mediaya məlumat ötürüb:

“Qazaxıstanda hər qəpiyin hesabı aparılır. Bu baxımdan 50 milyon kifayət qədər böyük məbləğdir. Digər tərəfdən mülklər də açıqlanıb ki, onların bəzilərinin dəyəri 15 milyon dollar dəyərindədir. Siyasi müxalifət də bundan istifadə edir, hətta bir sıra şəhərlərdə həyəcanlar olur. Əhali mitinqlərə çıxdı, şüarlar səsləndirdi və sair. Bu məsələlər Qazaxıstan Prezidenti, Nazarbayevin qohumu olan Kasım-Jomart Tokayevi müəyyən yumşaldıcı tədbirlər görməyə vadar etdi.

Tokayev Qərbdə oxumuş, işləmiş, kifayət qədər müstəqil insandır. Ona görə də o, siyasi islahatlar yolu ilə getməyi nəzərdə tutur. Məsələn, Qazaxıstan parlamenti ikipalatalıdır. Bunlar aşağı palata və yuxarı palata – Senatdır. Dariqa Nazarbayeva Senatın spikeri idi. Belə fikirlər səslənir ki, Senatın mövcudluğuna ehtiyac yoxdur və gündəmdə duran əsas məsələlərdən biri də Senatın ləğv edilməsi məsələsidir. Mənə elə gəlir ki, Dariqanın deputatlıq səlahiyyətlərinə xitam verilməsinin əsas məqsədi həm müxalifətin tələblərini yerinə yetirmək görüntüsü, həm də ölkədə birpalatalı parlament yaratmaqdır. Qazaxıstan unitar respublika olduğu üçün ölkədə ikipalatalı parlamentin mövcud olması Tokayev tərəfindən normal qarşılanmır. Müxalifət də bunu rədd edir, əhali də birpalatalı parlamentin tərəfdarıdır. Zənnimcə, Tokayev bu addımları atmaqla ölkədəki siyasi gərginliyi azaltmaq istəyir. Dariqanın vəzifəsindən azad edilməsi ilə bu niyyət həyata keçirilə bilər”.

Politolqoq qeyd edib ki, hələlik bu məsələ ilə bağlı Nursultan Nazarbayevin mövqeyi ortada deyil:

“Nazarbayev susur. Görünür, onun susmasının səbəbi Tokayevin addımlarına razılıq verməsidir. Yaxud da Tokayev bu addımı atarkən əvvəlcədən Nazarbeyevlə razılaşıb. Üstəlik, Nazarbayevin xəstələnməsi, səhhətində problemlər olması barədə fikirlər də yayılır. Bu məsələlər də cəmiyyətdə bir həyəcan yaradıb. Hələ ki, bunu təkzib edən məlumatlar yoxdur. Bu səbəbdən Tokayev kifayət qədər fəallaşıb və Nazarbayev ailəsinə qarşı sərt siyasi qərarlar qəbul etməyə başlayıb. O, ölkədə əmin-amanlığın yaradılması və qayda-qanuna ciddi surətdə əməl ediməsi ilə bağlı qərarlar qəbul etməlidir. Kadr siyasətinə ciddi fikir verir, kadr dəyişiklikləri aparır və bütün bunlar onu göstərir ki, indiyədək sakit görünən Tokayev sözün həqiqi mənasında əsl siyasətçi simasını açıb və proseslərə nəzarət etməyə başlayıb”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər