İran İslam Respublikasının səfirliyinin bildirdiyi kimi, bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul edir. Bu, hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik olan sözügedən sazişdə öz əksini tapmışdır.
Bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi haqqında saziş barəsində səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında saziş 23 fevral 2016-cı il tarixində imzalanmışdır və bu sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləridir:
“Bu saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır. Həmin prinsiplərdən çıxış edərək, sazişdə BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanmışdır. Həmçinin sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir”.
Xələf Xələfov bildirib ki, mətbuatda yer alan körpülərin tikilməsi məsələsinə sazişə uyğun olaraq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır:
“İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək, inanırıq ki, bu körpülər məhz “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir”.
Qeyd edək ki, İran İslam Respublikasının Bakıdakı səfirliyinin bu mövzuda yaydığı rəsmi açıqlamadan sonra sosial şəbəkələrdə İranın Araz çayı üzərində “Azərbaycanın razılığı ilə” Cəbrayıl rayonu istiqamətində iki körpü saldığı və həmin körpülərdən Dağlıq Qarabağdakı separatçı-terrorçu qüvvələrə yardım üçün istifadə etdiyi haqda paylaşımlar edilib.