Mən Qarabağ və Əfqanıstan veterenları adından deyirəm ki, onlar da Şuşada vəfat edənlərə rəhmət diləyir və Ali Baş Komandanın əmri altında Şuşanın işğalına hər an hazır olduğunu bəyan edirlər.
Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri 9 may Qələbə gününün 75-ci ildönümü haqqında da danışıb: “Azərbaycanın bu müharibədə iştirakı iki faktor baxımından əhəmiyyətli olub. Birincisi, böyük insan qüvvəsi və təchizat. Əlbəttə, müharibə zamanı neft amili, zavodlar, fabriklər, qaçqınların yerləşdirilməsi mühüm hal idi. Amma Azərbaycanda elə bir ailə yoxdur ki, onun bir üzvü bu müharibədə vəfat etməsin və ya əlil olmasın. Burada əyləşənlərin hər birinin ailəsində bu, baş verib. Mənim iki babam müharibədə iştirak edib. Onlardan biri 1943-cü ildə Ukraynada vəfat edib, digəri Yaponiyaya qədər gedib çıxıb”.
S.Novruzov əlavə edib ki, 1992-1993-cü illərdə hakimiyyətdə olan AXC iqtidadır bu qələbənin üzərindən xətt çəkib: “Bizim ata-babalarımızı xain adlandırmaqla torpaqlarımızın işğalına şərait yaratdılar. Milli lider hakimiyyətə gələndən sonra bu ədalətsizlik aradan qaldırıldı”.