Jurnalistlər sual etdilər ki, İranla Azərbaycan arasında saziş bağlanılb və müəyyən işlər görülür, Azərbaycan buna hansı şərtlərlə qoşulub və s. Mən izah edirəm ki, hələ SSRİ zamanı bu layihə olub. Amma hesab edirəm ki, bu məsələyə aydınlıq gətirilməlidir. Əlbəttə, Azərbaycan heç vaxt bu layihədə işğal edilən torpaqlarınızdakı ermənilərin iştirakına razı ola bilməz. Bu mümkün də deyil.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı millət vəkili Sabir Rüstəmxanlı səsləndirib.
O qeyd edib ki, uzun illər parlamentdə təmsil olunub: “Burada davamlı olaraq, iqtidar-müxalifət söhbətləri var və bundan sonra da olacaq. Xüsusilə gənc deputatlar, hansılar ki, o hadisələrin şahidi olmayıb, səthi danışırlar. Qeyd edim ki, Xocalı soyqırımı ilə bağlı Ayaz Mütəllibov müsahibə vermişdi, sonradan digər jurnalistlər də bunu yazdı və nəticədə uzun illər bu ermənilərin əlinə oynadı.
İndi Şuşanı da guya özümüz verdiyimiz haqda fikirlər deyilir. Qardaş, belə olmaz axı. Bura ciddi yerdir. Sən istəyirsən, o vaxtkı iqtidarı, indiki müxalifəti tənqid elə. Amma minlərlə şəhid vermişik, ermənilər güclü dövlətin dəstəyi ilə torpaqlarımızı işğal edib. Millət qəhramanlıq edib, amma gücümüz çatmayıb. Erməniləri təmizə çıxarmaq olmaz”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Sabir Rüstəmxanlı ilə razılaşmayıb: “Hörmətli Sabir bəy, burada səthi yanaşma olsa da, heç kim Şuşanın ermənilər tərəfindən işğalını danmır və bunu bizim etdiyimizi demir. Şuşanın işğalına hüquqi qiymət verilib və bununla bağlı Ali Məhkəmədə proses olub. Şuşanın işğalına şərait yaradan məsələlərə də qiymət verilib. O zaman hakimiyyətdə olan və hakimiyyətə iddialı olan qüvvələr arasında yaranan şərait nəzərə alınmalıdır. Əlbəttə, Şuşa ermənilər tərəfindən işğal edilib, amma həmin ərəfədə olan situasiyaya hər zaman qiymət veriləcək”.