8 May 2020 18:20
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz birlikdə güclüyük və birlikdə bu mübarizəni də yekunlaşdırıb normal həyatımıza dönə bilərik. Qaydalara riayət etmədikcə isə normal həyatımıza qayıtma prosesini sadəcə, uzatmış oluruq.

Bunu Bakıda modul tipli ilk xəstəxana kompleksi açılışında çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər haqda Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

O qeyd edib ki, yeni növ koronavirus infeksiyası – COVID-19-un qarşısının alınması istiqamətində ölkədə mühüm tədbirlər həyata keçirilib, bu istiqamətdə maddi-texniki bazanın yaxşılaşdırılması, lazımı avadanlıqlarla təchiz olunma və qoruyucu vasitələrin təminatı ilə bağlı hər bir şərait yaradılıb:

“Hazırda bizim ən böyük problemimiz insanların maarifləndirilməsi sahəsindədir. Biz Preziden İlham Əliyevin zamanında atmış olduğu addımlarla pandemiyanın qarşısını birinci mərhələdə demək olar ki, almışıq. Lakin məsələ bununla bitmir. Pandemiyanı tam olaraq ram etmək üçün müəyyən qədər vaxt lazımdır. Dünyada da bu proses tam olaraq başa çatmayıb. Bu məsələyə insanların məsuliyyətli yanaşması lazımdır. Bütün vətəndaşlarımıza, xüsusilə gənclərə çağırış etmək istəyirəm ki, gəlin arxayınlaşmayaq. Biz bu müsbət tendensiyanı nəzərə alıb Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında hərəkət etməliyik. Müxtəlif istiqamətdə və sahələrdə davranış qaydalarını müəyyənləşdirən sənədlərə əməl edilməsi üçün əlimizdən gələni əsirgəməməliyik”.

Seymur Orucovun sözlərinə görə, birinci vitse-prezident Mehriban Əliyeva da xalqa müraciətində bildirmişdi ki, biz döyüşü udmuşuq, lakin müharibə hələ davam edir:

“Bu, çox gözəl məntiqdir. Biz məsələyə məntiqlə yanaşaraq prosesə müsbət töhfəmizi verməliyik. İnsanlar düşünməlidirlər ki, onları evdə gözləyən yaxınları var. Özümüz və yaxınlarımız qarşısında məsuliyyətimizlə yanaşı bizim ictimaiyyət qarşısında da məsuliyyətimiz olmalıdır. Təəssüflər olsun ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində qaydalara riayət olunmadığından yoluxanların sayı artmaqdadır”.

YAP Gənclər Birliyinin sədri qeyd edib ki, ötən müddət ərzində əldə olunan müsbət tendensiya mənfiyə doğru dəyişməkdədir və əgər bu mənfi tendensiya genişlənərsə xüsusi karantin rejiminin qaydaları sərtləşdirilə bilər:

“Nəticə etibarilə biz həm insanlarımızın sağlamlığının təhlükə altında olduğunu və yoluxma sayının artdığını müşahidə etmiş olacağıq, həm də iqtisadiyyatımız müəyyən itkilərlə üzləşəcək. Bunları düşünərək hər kəsi qaydalara riayət etməyə çağırıram. Nazirlər Kabineti yanında Operativ Qərargahın hazırlamış olduğu qaydalara diqqətlə nəzər salmalı və onlara dönmədən əməl etməliyik”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər