Azərbaycanın koronavirusa qarşı apardığı mübarizə dünyanın digər ölkələri üçün nümunə sayıla bilər. Pandemiyaya qarşı vaxtında görülən zəruri tədbirlər, bu prosesdən minimum itki ilə çıxmağımızı təmin edir.
Bakıda modul tipli ilk xəstəxana kompleksi açılışında çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər haqda Teleqraf.com-a danışan “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov belə deyib.
Baş redaktor Azərbaycanda pandemiyaya qarşı dövlət səviyyəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin yüksək qiymətləndirildiyini bildirib:
“Hesab edirəm ki, Azərbaycanda pandemiyaya qarşı mübarizə öz effektini verdi. Dünyanın ən inkişaf etmiş dövlətləri ilə belə müqayisə edəndə, Azərbaycan az itki ilə bu prosesdən çıxmağa çalışır. Buna görə də pandemiyaya qarşı dövlət səviyyəsində görülən tədbirlər yüksək dəyərləndirilməlidir. Xüsusilə o halda ki, bu qabaqlayıcı tədbirlər nəticəsində kütləvi yoluxma halları baş vermədi. Elə ölkələr var ki, infeksiya ordu sıralarında belə geniş vüsət alıb. Sevindirici haldır ki, Azərbaycanda belə bir fakt bu günədək aşkar olunmayıb.
Eyni zamanda, bunun gələcəkdə gözlənilən, ehtimal edilə bilən fəsadlarının aradan qaldırılması üçün yeni modul tipli xəstəxanaların bir ay müddətində hazırlanması və təhvil verilməsi bu sahədə Azərbaycan dövlətinin böyük nailiyyətlərindən biridir. Prezident İlham Əliyev aprel ayının 7-də 6 modul tipli xəstəxananın tikilməsi ilə bağlı sərəncam imzaladı. Artıq bu xəstəxanaların mayın 7-də açılışı göstərdi ki, Azərbaycan dövləti və prezident bu məsələdə çox qətiyyətlidir. Bu qətiyyət nəticəsində də məsələni müsbət istiqamətdə həll etməyə çalışır. Hesab etmək olar ki, artıq buna nail olunur.
Düzdür, xüsusi karantin rejiminin bir qədər yumşaldılmasından sonra yoluxanların sayında cüzi artım var, amma hesab edirəm ki, bu da müvəqqəti xarakter daşıyır. Bütövlükdə isə Azərbaycanın bir dövlət olaraq, pandemiyanı önləməkdə qətiyyətli və səriştəli fəaliyyəti təqdirəlayiqdir”.