9 May 2020 17:20
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu bir həqiqətdir ki, BMT-nin Azərbaycan ərazilərinin işğalına dair verdiyi qətnamələr yerinə yetirilmir. Qətnamələrdə qoyulan tələblər Ermənistan tərəfindən qulaqardına vurulur. BMT də öz qərarlarının icra edilməsi üçün əməli tədbirlər görmür. Məhz bu aspektdən Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq qurumların qərarlarının icrası və beynəlxalq hüquq prinsiplər haqqında TASS İnformasiya Agentliyində açıqladığı fikirlər tamamilə ədalətlidir.

Bu fikirləri Teleqraf.com-a beynəlxalq hüquq üzrə mütəxəssis Rüstəm Məmmədov bildirib.

O, qeyd edib ki, prezidentin bu mövqeyini dəstəkləyir: “Beynəlxalq təşkilatlar XXI əsrdə özünü çox zəif, deyərdim ki, ölüvay aparır. Açığı, bu, heç də yaxşı əlamət deyil. Beynəlxalq qurumlar qəbul etdikləri qərarların icra edilməsinə çalışmalı, buna cavabdeh olmalıdırlar. Yəni qəbul etdikləri qərarlara hörmət qoymalıdırlar”.

Diqqəti BMT-nin Azərbaycan ərazilərinin işğalına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə çəkən Rüstəm Məmmədov deyir ki, bu sənədlərin yerinə yetirilməsi üçün BMT-nin əməli addımlar atmamasının səbəbləri ona bəlli deyil: “Mən bilmirəm, bu, erməni qorxusundan irəli gəlir, yoxsa Rusiya qorxusundan. Nədən özlərini belə aparırlar, anlamıram.

Sözsüz ki, beynəlxalq qurumların qərarları icra edilmirsə, bu, ilk növbədə həmin təşkilatların imicinə və nüfuzuna ciddi təsir edir. Məncə, BMT-ni buraxmaq və yenidən qurmaq lazımdır. Bununla bağlı təkliflər artıq neçə müddətdir ki, səslənir”.

Rüstəm Məmmədov qeyd edib ki, beynəlxalq hüquq prinsipləri hamı üçün eyni olmalıdır: “Bəli, bu hamı üçün əsas olmalıdır. Çünki hamı buna əməl edəcəyini bəyan edib, BMT nizamnaməsinə imza atıb. Əgər prinsipləri qəbul etmisənsə, deməli, haqqın yoxdur ki, ondan imtina edəsən. Azərbaycan dövləti beynəlxalq hüquqa etimad və etiqadını daima nümayiş etdirib və haqlı olaraq hər kəsdən eyni addım gözləyir. Ümumən Azərbaycan beynəlxalq təşkilatlarda fəal fəaliyyət göstərir və təqdirəlayiq haldır”.


Müəllif: Cavad

Oxşar xəbərlər